Qidadan zəhərlənmisinizsə... Simptomlar və yardım
Yay aylarında isti havada qida zəhərlənmələrinin sayı kəskin artır.
Qida zəhərlənmələrinin simptomlarını və ilk yardımın göstərilməsi qaydalarını bilmək bəzən insanın sağlamlığını və hətta həyatını xilas edə bilər.
Qida zəhərlənmələrinin simptomları:
- ümumi vəziyyətin pisləşməsi
- ürəkbulanması və qusma
- qarında köp və tutmaşəkilli ağrılar
- ishal
- təzyiqin düşməsi
- nəbzin tezləşməsi və zəiflənməsi
- hərarətin yüksəlməsi (bəzən 39-40 C qədər qalxa bilər)
- iştahasızlıq, halsızlıq
- soyuq tər
- dərinin rənginin ağarması.
Su simptomlar adətən keyfiyyətsiz qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra inkişaf edir.
Çox ağır hallarda qida zəhərlənməsi zamanı görmənin pozulması, bayılma, beyin fəaliyyətinin pozulması (hallüsinasiyalar, koma), əzələ zəifliyi kimi simptomlar meydana çıxa bilər.
Qida zəhərlənmələri zamanı ilk yardım:
- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.
- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.
- Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.
- Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə reqidron, oralit kimi preparatlar verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir.
Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir. Nəzərə almaq lazımdır ki, kəskin susuzlaşma sağlamlıq üçün çox ziyanlıdır və hətta xəstənin həlak olmasına səbəb ola bilər.
- Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz.
- Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur. \\Saglamolun.az