Payız və qış aylarında daşınmaz əmlak bazarında qiymətlərdə müəyyən dəyişikliklər baş verir. Bəs hazırda ən ucuz qiymətlər hansı ərazilərdədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, avqust və sentyabr aylarının əvvəllərində tələbələrin Bakıya gəlməsi kirayə seqmentində qiymət artımına səbəb olur:
"Amma bu, qiymət artımının yeganə səbəbi deyil. Qiymət artımına təsir edən əsas amillər əhalinin təbii artımı, inflyasiya və urbanizasiya istiqamətləridir. Əhalinin əsasən Bakıya və Abşerona yönəlməsi bu bölgələrdə qiymətlərin artmasına gətirib çıxarır. Bundan əlavə, insanların passiv biznes qurmaq istəyi də mühüm rol oynayır. Aktiv biznes risklidir, lakin daşınmaz əmlak passiv gəlir mənbəyidir. Əmlakın dəyəri hər il 15–25 faiz bahalaşır ki, bu da bank depozitlərindəki 10–12 faizlik gəlirdən daha cəlbedicidir. Həmçinin, əmlakı icarəyə verərək əlavə gəlir əldə etmək mümkündür. Bu amillər payız-qış aylarında belə bazarı aktiv saxlayır".
V.Orucun sözlərinə görə, bu dövrlərdə qiymət artımı əvvəlki aylara nisbətən bir qədər zəifləyir:
"Bəzi ərazilərdə qiymətlər sabit qalır, bəzilərində isə artım tempi azalır. Hazırda ucuz torpaqlar əsasən Bakı və Abşeron yarımadasının periferik, yəni dənizdən uzaq, az inkişaf etmiş ərazilərində qalır. Məsələn, Mərdəkan, Bilgəh, Şüvəlan, Novxanı kimi ərazilərdə qiymətlər yüksəkdir və ucuz torpaq tapmaq demək olar ki, mümkün deyil. "Sea Breeze" layihəsinin genişlənməsi, Nardaran, Pirşağı və ətraf rayonlarda yeni nəqliyyat kəmərinin formalaşması da qiymətlərə təsir göstərir. Nəticədə, bu ərazilərdə qiymətlərin yüksək səviyyədə artımını müşahidə edirik. Lakin payız və qış aylarında bu artım o qədər də nəzərə çarpmır. Məhəmmədi, Digah, Zirə, Ramanı, Binə və Fatmayı kimi ərazilərdə torpaqlar nisbətən ucuzdur. Məsələn, Məhəmmədidə 5–10 min manat, Digahda 5–8 min manat, Zirədə 5–9 min manat, Ramanı və Binədə 8–15 min manat, Fatmayıda isə 6–7 manat təşkil edir".
Ekspert qeyd edib ki, hazırda 2–3 min manata torpaq tapmaq mümkün deyil:
"Əgər bu qiymət aralığında torpaq təklif olunursa, deməli, həmin sahənin ya sənəd problemi var, ya təyinatı fərqlidir (məsələn, kənd təsərrüfatı torpağı yaşayış sahəsi kimi satılır), ya da bir neçə iddiaçısı mövcuddur. Nəticə etibarilə, bu gün Bakıda ucuz torpaq tapmaq çətinləşib".
Sevinc İbrahimzadə