Daşınmaz əmlakın dəyəri ildən-ilə artdığı bir vaxtda Azərbaycanda orta gəlirli ailələrin ev sahibi olmaq imkanları daha da məhdudlaşır. Bəs daşınmaz əmlak niyə bahalaşır?
İqtisadçı-alim Emin Qəribli Metbuat.Az-a açıqlamasında bildirib ki, hazırda tikinti materiallarının qiymətləri əvvəlki illərlə müqayisədə sabitdir:
“Pandemiya dövründə Rusiyadan bəzi məhsulların ixracı dayandığı üçün taxta və digər tikinti materiallarının qiymətində artım müşahidə olunurdu. Lakin sonradan bazar nisbətən tarazlaşdı və qiymətlər sabitləşib. Mənzil qiymətlərinin qalxmasını əsasən tələbatın çoxluğu ilə izah etmək olar. Əgər alıcılıq zəif olsaydı, qiymətlər də bu qədər artmazdı”.
Ekspertin fikrincə, Azərbaycanda ipoteka faizləri də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir:
“Bu, təkcə bizdə deyil, ümumilikdə inkişafda olan ölkələrdə belədir. Bunun da iqtisadi əsasları var. İnkişaf etmiş ölkələrdə bank kapitalı daha çoxdur, nəticədə faiz dərəcələri aşağı olur. Bank faizlərinin tədricən azalması gözlənilir və bu, ipoteka şərtlərinin daha əlçatan olmasına səbəb ola bilər”.
E.Qəribli əlavə edib ki, daşınmaz əmlak bazarı daim bahalaşma istiqamətində hərəkət etmir:
“2015-ci ildə dolların məzənnəsi yüksəldikdə əmlak qiymətlərində azalma müşahidə olunmuşdu. Hazırda isə dollar sabitdir və bir çox investorlar vəsaitlərini daşınmaz əmlaka yönəldirlər. Bu da qiymət artımına təsir göstərir. Ancaq qəti şəkildə demək olmaz ki, yaxın illərdə mənzil bazarında bahalaşma davam edəcək. Hər şey həm ölkədaxili iqtisadi vəziyyətdən, həm də dünyada baş verən proseslərdən asılı olacaq”.
Sevinc İbrahimzadə