Hazırda əlilliyə görə təyin olunan müavinət 180 manatdan başlayır. Lakin bəzi dərmanların qiyməti 100 manatdan yuxarı olduğuna görə, heç bir yerdə işləməyən və əlavə gəliri olmayan şəxslər üçün bu məbləğ kifayət etmir. Bəs müavinətin məbləğinin artırılması nəzərdə tutulur?
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, əlilliyi olan şəxslərin sosial təminatı Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir:
"2025-ci ildə sosial paketin əsas məqsədlərindən biri də məhz sosial müavinətlərin artırılması olub. Cənab Prezident tərəfindən imzalanan fərmana əsasən, həmin kateqoriyaya aid vətəndaşların aylıq müavinətləri artırılıb. Hazırda birinci qrup əlilliyi olan vətəndaşlara 300 manat, ikinci qrup əlilliyi olan şəxslərə 250 manat, üçüncü qrup əlilliyi olanlara isə 180 manat məbləğində aylıq müavinət ödənilir. İkinci və üçüncü qrup əlilliyi olan şəxslərin işləmək hüququ var və onların əmək bazarında fəaliyyətinə qanunvericiliklə hər hansı məhdudiyyət tətbiq edilmir. Əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir. Bu məqsədlə son altı il ərzində ölkədə beş sosial paket reallaşdırılıb".
V.Bayramov qeyd edib ki, sosial təminat tədbirləri növbəti dövrlərdə də davam etdiriləcək:
"Gələcək sosial paketlərdə əlilliyi olan şəxslərə ödənilən müavinətlərin artırılması, eləcə də bu istiqamətdə yeni qərarların qəbul edilməsi nəzərdə tutulur. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə addımlar atılır və hər bir sosial paketdə sosial təminatın gücləndirilməsinə yönəlmiş artımlar müşahidə olunur. Bu prosesin növbəti dövrlərdə də davam etdirilməsi planlaşdırılır".
Sevinc İbrahimzadə