Redaktor seçimi
    Millət vəkilləri süni intellektdən istifadə edir? - SORĞU
Xəbər lenti
Reklam
Uşaqlarda psixi pozuntular niyə artır? – İNFOQRAFİKA

2020-ci ildən etibarən Azərbaycanda psixi və davranış  pozuntuları olan 0-13 yaşlarında uşaqların sayı artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən həmin göstəriciləri tədim edirik:

Göründüyü kimi, illər keçdikcə azyaşlılarda psixi pozuntular daha da çoxalıb. Əlbəttə, illər ərzində dəyişən sadəcə rəqəmlər deyil, mühit də dəyişir, uşaqların texnologiyalara marağı daha da artır.

Bəs bu amillər artan psixi pozuntuların səbəbləri sayıla bilər? Ümumiyyətlə, uşaqların psixologiyasını pozan amillər hansıdır?

Psixoloq Minarə Səbzəliyeva Bizim.Media-ya açıqlamasında uşaqlarda çoxalan davranış pozuntularını rəqəmsallaşmayla əlaqələndirib.

O deyir ki, virtual aləm emosiyaları tənzimləmə bacarığını azaldır.

“Biz əslində rəqəmsallaşmadan öncə və sonrakı dövrlərə bölsək, görərik ki, uşaqların həyətdə, küçədə, məktəbdə oynadığı oyunlar onlarda bir çox bacarıqlar formalaşdırır. Məsələn, empatiya başqalarının hisslərini anlama, digəri ilə paylaşma, sosiallaşma, oyunun və mühitin qaydalarını anlama və onlara riayət etmə öz yerində gözləyə bilmə bacarığını artırır.

Artıq oyunda məğlub olan uşaq öz məğlubiyyəti ilə barışır bununla da emosiyalarını tənzimləməyi öyrənir. Eyni zamanda, aydın məsələdir ki, o qaçaraq, toxunaraq, hərəkətlər edərkən daha çox duyğu orqanlarından istifadə edərək motor bacarıqları da öz növbəsində inkişaf etdirir.

Lakin indi virtual olan, ekran əsaslı oyunlarda isə uşaq oyunu ekran qarşısında - mobil telefonlarla, planşet, kompüter kimi vasitələrlə oynayır. Burada isə insan real insanla yox, virtual aləmlə təmasda olur. Bu da öz növbəsində empatiya və sosial siqnallar zəiflədir, gözləyə bilmə və emosional tənzimləyə bacarıqları azalır. Artıq hərəkətsiz həyat tərzi motor bacarıqların inkişafını zəiflətməklə yanaşı, gələcəkdə asılılıq, emosiyalarını idarə edə bilməmə, impulsivlik kimi problemlərə gətirib çıxarır”.

0-13 yaş arası uşaqlarda ən çox hansı davranış pozuntuları müşahidə olunur?

“Elmi araşdırmalar və klinik müşahidələr bunu deməyə əsas verir ki, bu yaşlarda uşaqlarda diqqət əksikliyi və hiperaktivlik pozuntusu, təşviş və ya davranış pozuntuları görülə bilər. Lakin məhz rəqəmsal platformalardan daha çox istifadə nəticəsində daxili resursları azalan uşaq həmçinin gələcəkdə asılılıqdan əziyyət çəkə bilər”, - deyə Minarə Səbzəliyeva qeyd edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda həm karantin, həm də  müharibə baş verdi. Əlbəttə, uşaqların yaşları az olsa da, məktəbə bağçaya getməmək, sosial həyatdan uzaq qalmaq, həmçinin xüsusilə cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayanların şahid olduqları hallar onların psixologiyasına təsir edib.

Minarə Səbzəliyeva vurğulayıb ki, pandemiya dönəmindəki şərait, “pandemiya nə vaxt bitəcək, nə zaman əvvəlki həyat tərzinə qayıdacayıq, necə mübarizə aparacayıq” kimi cavabı qeyri-müəyyən olan suallar, sosial izolyasiya, onlayn rejimdə təhsil, öz növbəsində valideynlərə də, uşaqlara da təsirsiz ötüşmədi.

“Araşdırmalara əsasən demək olar ki, bu onlarda təşviş problemlərinə, aqressiya və emosiyaları tənzimləməkdə çətinliklərə gətirib çıxarır.

Buradakı ailələrdə qorxu və təşvişə yön verən faktorlar isə valideynlərin iş itkiləri, iqtisadi çətinliklər, onlayn təhsilin gətirdiyi struktur itkisi hansı ki, daha çox ekrana məruz qalma, gələcəyə yönəlik qorxu və qeyri-müəyyənlik hissləri kimi səbəblər araşdırmalarda öz əksini tapıb.

Müharibə dönəmində ailələrin yaşadığı qorxu, təşviş isə onlarda qidalanma, yuxu və oyaqlıq problemlərinə, ailədaxili gərginliklərə gətirib çıxardı. Yəni həm müharibə, həm də pandemiya dönəmi ailələrdə psixososial problemlərin yaranmasına birmənalı təsir etdi”,-deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva
Tarix: 15 oktyabr 2025
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş