Xəbər lenti
Reklam
Yüksək toksiki təsirə malik təhlükəli qida boyası ANİLİN - RƏNGLİ TƏHLÜKƏ
Bəzən qida məhsullarının tərkibinə qatılan hər hansı bir maddə insan orqanizminə mənfi təsir edir. Onlardan biri də qida boyasıdır.


AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə quş əti məhsullarının orqanoleptik göstəricilərini artırmaq məqsədilə bəzi boyaq maddələrindən istifadə edilir.

Məlumatı təqdim edirik.

Bunlara misal olaraq "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) qida boyalarını göstərmək olar. Bu qida boyaları müxtəlif allergik reaksiyalar və əlavə təsirlər yaratdığı üçün Avstriya, Norveç və Finlandiyada istifadəsi qadağan edilib.

 

Məlumata görə, "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) və s. qida boyalarının struktur quruluşunda aromatik birləşmələrdən olan anilin var. Anilin rəngsiz yaxud sarımtıl rəngli, sudan ağır, spesifik qoxusu olan mayedir. Anilindən müxtəlif dərman vasitələrinin, boyaların (dəri və taxta məhsulları boyaları) istehsalında istifadə olunur. Anilin kiçik məməlilər üçün nisbətən toksiki, insanlar üçün isə yüksək toksiki təsirə malik sənaye zəhəridir.

Gəmiricilər üzərində aparılan tədqiqatlar göstərib ki, anilin oral, dermal və inhalyasiya vasitəsilə orqanizm tərəfindən çox yaxşı absorbsiya olunur. Avropada istehlakçılar tərəfindən anilinin birbaşa istifadəsinə dair məlumatlar yoxdur.

İnsanlar sənaye müəssisələrinin tullantıları nəticəsində hidrosfer və atmosfer vasitəsilə dolayı yolla anilinin təsirinə məruz qala bilərlər. Avropa İttifaqının risklərin qiymətləndirilməsi ilə bağlı 2007-ci il hesabatına əsasən, siçan və siçovullar üzərində in vivo olaraq aparılmış təcrübələr göstərib ki, anilin genotoksikidir. Tədqiqatlar nəticəsində anilinin insan orqanizmi üçün də kanserogen olduğu müəyyənləşib.


 

Bundan başqa, anilin insan orqanizminə inhalyasiya yolu ilə daxil olduğu zaman sinir sisteminə mənfi təsir edir. Qanda methemoqlobin, hemoliz və eritrositlərin degenerativ dəyişikliyə məruz qalması nəticəsində orqanizmdə oksigen çatışmazlığı yaranır. Anilin yüksək konsentrasiyalarda orqanizmdə xromosom qırılmasına və mutasiyalara səbəb olur. Həmçinin orqanizmdə dalağın böyüməsinə və elastikliyini itirərək hüceyrələrin nekrozuna gətirib çıxarır.

Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) risk qiymətləndirməsi ilə əlaqədar apardığı in vitro və in vivo tədqiqatlar nəticəsində anilinin siçovulların sümük iliyinə, hüceyrə nüvəsinə mutagen təsirinin olduğu müəyyənləşdirilib. Əldə edilən nəticələr onun III kateqoriyaya aid mutagen olduğunu sübut edib. Anilin Avropa İttifaqının klassifikasiya və etiketləmə kriteriyalarına görə həm də III dərəcəli kanserogen maddə hesab olunur. \\Medicina.az
 
Tarix: 10 iyun 2019
Baxış: 520

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş