Ekspertdən XƏBƏRDARLIQ! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir
Broyler toyuqları dünyanın ən çox istehlak edilən ət növlərindən biridir. Sürətli böyüməsi və yüksək məhsuldarlığı sayəsində geniş yayılıb. Lakin son dövrlərdə broyler toyuqlarının böyüməsini sürətləndirmək üçün hormonlarla və antibiotiklərlə qidalandırılması narahatlıq doğurur. Əslində bir çox ölkədə, eləcə də Azərbaycanda quşçuluqda hormon istifadəsi qadağandır.
Lakin xəstəliklərin qarşısını almaq üçün antibiotiklərdən istifadə edildiyi bildirilir.
"Gender.az" Musavat.com-a istinadla xəbər verir ki, əksər ekspertlərə görə antibiotiklərin qalıqları ətdə qalarsa, bu, insan sağlamlığı üçün təhlükəli ola bilər. Bəs broyler toyuqları alan zaman nələrə diqqət edilməlidir? Nə zaman təhlükəli sayılır?
Qida mütəxəssisi Yusif Həkim də qeyd edir ki, broyler toyuq ətinin və yumurtalarının antibiotiklərlə böyüdülməsi 2006-cı ildən qadağan edilib:
"Lakin digər antibiotiklərin tələb edilən norma daxilində yalnız müalicə üçün istifadəsi icazəlidir. Ölkəmizdə də toyuq ətində və yumurtada qala biləcək antibiotiklərin norması üçün normativ hüquqi akt mövcuddur. Belə ki, AQTA Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş "Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları" vardır. Bu qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.
Təəssüf ki, bəzi toyuq əti və ərzaqlıq yumurta istehsalçıları antibiotiklərin istifadəsinə səhlənkar yanaşırlar. Bu həm yem istehsalında, həm də sahədə terapevtik istifadə zamanı baş verir. Hər bir farmakoloji aktiv maddənin bədəndən çıxma müddəti var. Buna "withdrawal period" deyilir. Bu perioda riayət etmək icbaridir. Lakin bəzi iqtisadi faktorlara görə istehsalçılar bu perioda riayət etmək istəmirlər".
Ekspert əlavə edib ki, toyuq ətində və yumurtada qala biləcək antibiotik qalıqlarının bir çox zərərləri ola bilər.
Birinci orqanizmdə antibiotik dirəncinin yaranması. Ətdən və yumurtadan bədənimizə daxil olan antibiotiklər depolanır və onlarda dözümlülük yaranır. Beləliklə gələcəkdə hər hansı xəstəlik səbəbindən qəbul etdiyimiz antibiotiklərin bizə heç bir təsiri olmayacaqdır.
Eləcə də, antibiotiklər normal bağırsaq floramızı məhv etdiyi üçün həzm sistemimizdə ciddi problemlər yaşanır.
Bəzən toyuq əti və yumurta yeyərkən bağırsağımızda "ağırlıq" hiss edirik. Bu allergik reaksiya da ola bilər. Yəni ola bilər ki, bədənimizin hər hansı antibiotikə qarşı allergiyası var və o maddə ət və ya yumurta vasitəsilə bədənimizə daxil olduqda bağırsaqlarımız allergik reaksiya verir.
Yumurta dünyada qəbul edilmiş 14 allergendən biridir. Bu məhsula qarşı olan allergiya ilə yumurtada qala biləcək antibiotik qalıntısının verəcəyi allergik reaksiya fərqlidir".