Fəsillərin dəyişməsi insanların psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. Bir çox insan bu havalarda “payız sindromu” adlanan vəziyyətlə üzləşir.
Psixoloq Gülər Məmmədova Metbuat.Az-a açıqlamasında bildirib ki, fəsil dəyişiklikləri, xüsusilə gündüzlərin qısalması və günəş işığının azalması insanların psixoloji balansına təsir göstərir:
“Soyuq hava, yarpaqların tökülməsi və təbiətin sanki "yuxuya getməsi" bəzi insanlarda kədər, yorğunluq və stress yaradır. Belə insanlar özlərini tez-tez halsız və motivasiyasız hiss edirlər. Onların neqativ düşüncələri və passiv davranışları bəzən ətrafdakı insanlara da təsir edir. Əgər bu vəziyyət yalnız payızda deyil, ümumilikdə həmin şəxsin xarakterində varsa, onlar pozitiv və enerjili insanlarla ünsiyyətdə də çətinlik çəkirlər”.
Psixoloq əlavə edib ki, zəif psixoloji dayanıqlığa malik insanlar bu dönəmdə daha çox təsir altına düşür və toksik münasibətlərə meyilli olurlar:
“Amma emosional cəhətdən güclü, özünü idarə etmə bacarığı olan insanlar bu kimi hallardan daha asan çıxır, ətrafındakı neqativ enerjini qəbul etmir və payız depressiyasına qarşı dayanıqlı olurlar”.
Sevinc İbrahimzadə