Xəbər lenti
Reklam
Miqrasiyanın fəsadları. Qırğızıstanda valideynsiz uşaqlar nəsli yetişir
Böyük əksəriyyəti Rusiyada olmaqla, qırğızıstanlıların 13 faizi ölkə xaricində yaşayır və işləyirlər. Miqrantlardan asılılıq səviyyəsinə görə qırğız iqtisadiyyatı dünyada birincidir: kənardan daxil olan pul köçürmələri ÜDM-in üçdə birindən çoxunu təşkil edir.
Amma bunun əvəzini gənc nəsillər ödəməli olurlar: qohumlarının himayəsinə verilmiş uşaqlar çox vaxt zorakılığa məruz qalırlar, ya da baxımsızlıq ucbatından bədbəxt hadisələrin qurbanı olurlar.
Qanıbəy və Nursuluu keçən yaz Qırğızıstanın şimalındakı Qriqoryevka kəndini tərk edib qazanc dalınca Rusiyaya getmək məcburiyyətində qalıblar - Qanıbəy anasını, həyat yoldaşını və dörd uşağını elektrikçi maaşıyla dolandıra bilməyib.
Ailəcə yığışıb qərar veriblər: uşaqların təhsilinə pul toplamaq və kənddəki evi tikib qurtarmaq üçün özü küçəsüpürən, arvadı isə mağazada xadimə işləmək üçün Rusiyaya yollanıblar - 4, 5, 8 və 11 yaşlı övladlarını 54 yaşlı Çinarə nənənin yanında qoyaraq.
Qanıbəy və Nursuluunun qazancları kirayəyə verilən mənzildəki yataqların pulunu ödəməyə ancaq çatırmış, qənaət edib topladıqları məbləği isə ailələrinə göndərirlərmiş.
Ancaq cəmi bir neçə ay sonra onlar geri qayıtmalı olublar - 8 yaşlı qızları Mədinənin dəfninə.

"Nə qədər ki, mən cavanam, qoy, uşaqlar işləsin"

Sentyabrda Mədinə daşdan yıxılıb qolunu zədələyir. Çinarə onun yarasındakı qanı görür və sadəcə yod sürtüb bağlamaqla kifayətlənir.
Yaranın ağrısı keçmədiyi üçün nənə qızı 35 km aralıqdakı vilayət xəstəxanasına aparır, amma sonrakı günün axşamı - ancaq o vaxt maşın tapmaq mümkün olur.
Gözü yaşlı Çinarə hadisəni belə xatırlayır: Mənə dedilər ki, nəvəmin qolunda açıq sınıq var. Gips qoydular, bir həftə sonra yenə gəlməyi tapşırdılar. İkicə gün sonra Mədinənin qolu göyərdi, xəstəxanaya gətirəndə artıq çürüməyə başlamışdı.
Qızcığazı Bişkekə aparırlar, amma o, hələ şəhərə çatmamış keçinir.
Mədinənin ölümüylə bağlı cinayət işi bu gün də davam edir. Müstəntiqlər nənədən də, qıza tibbi yardım göstərmiş xəstəxana işçilərindən də ifadələr alıblar.
  • Qanıbəy və Nursuluu Çinarəni heç nədə günahlandırmaqlarını deyirlər.

Onlar başa düşürlər ki, bədbəxt hadisə hər kəsin başına gələ bilər.
Amma onunla da razılaşırlar ki, özləri evdə olsaydılar, Mədinəyə, ola bilsin ki, daha tez tibbi yardım edilərdi.
Dəfndən sonra Qanıbəy və Nursuluu yenidən Moskvaya qayıtmaq məcburiyyətində qalırlar. Uşaqlar nənələriylə yaşamağa davam edirlər.
Çinarə deyir ki, Qanıbəygil övladlarını özləriylə aparmaq barədə də düşünürmüşlər, amma hələ ki, Rusiyada heç bir hüquqları yoxdur: Günorta uşaqları tək qoymalı olacaqdılar, uşaq baxçasına qoymaq üçünsə pulları yoxdur.
Çinarə nəvələrinə baxmağa çətinlik çəksə də, başqa çıxış yolu da görmür: "Nə qədər ki, cavanam, nəvələrimə göz-qulaq ola bilirəm, qoy, uşaqlar işləsin. Düzdür, valideynləri üçün darıxırlar, amma mənim yanımda da günləri xoş keçir. Axı, daha böyükdürlər mənim nəvələrim".
Mədinənin ölümü Qırğızıstan üçün nadir hadisə deyil. Ötən ilin sonlarında miqrant övladlarının ard-arda ölümü bütün ölkədə böyük sarsıntı yaratmışdı.

Qırğızıstanın şimalındakı Çuyskaya bölgəsində 2 yaşlı uşaq həlak olmuş; Narında 4 yaşlı qız zorlanmış, nənəsi və 7 yaşlı qardaşıyla birlikdə öldürülmüşdü.
İssıqqul bölgəsində 2 yaşlı oğlanı şalvarına batırdığı üçün xalası döyüb öldürmüşdü.
Əlbəttə, zorakılıq və bədbəxt hadisələr yalnız miqrantların ailəsində baş vermir, amma mütəxəssislər qeyd edirlər ki, valideynləri uzaqda olan uşaqlar daha müdafiəsizdirlər.
"Uşaq hüquqlarının müdafiəsi liqası" fondunun direktoru Nərgiz Turdubəyova deyir ki, valideynsiz uşaqları ac qoya bilərlər, altlarını dəyişməyə bilərlər. O da məlumdur ki, belə uşaqlar çox vaxt yüksək risk şəraitində doğulurlar, onların valideynləri emiqrasiyaya yollanmazdan əvvəl də çox çətin həyat yaşayırdılar.

"Miqrantların birdəfəlik qalmasını istəmirlər"

2017-ci ilə aid rəsmi məlumatlara görə, Qırğızıstanda 1,6 milyon nəfər - yəni əhalinin təqribən 27 faizi (müqayisə üçün: Rusiayada 13 faizi) yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, böyük hissəsi (72 faizi) kəndlilərdir. Qazanc dalınca əsasən iş qabiliyyəti olanlar gedir.
Ölkədə valideynləri miqrant olan uşaqların sayı barədə fərqli informasiyalar var.
Ölkənin Sosial İnkişaf Nazirliyi onların sayını 72 min göstərir, amma UNİSEF-in məlumatına görə, hər iki valideyni ölkədən getmiş uşaqların sayı 199 min, valideynlərindən biri getmiş uşaqların sayı isə 299 mindir.

Bu, Qırğızıstanda yetkinlik yaşına çatmayan uşaqların 15 faizi deməkdir.
Sosioloq Gülnarə İbrayeva deyir ki, müasir dünyada miqrasiyanın qarşısını almaq mümkün deyil, amma fərqli şərtlərdə bu, ailəvi miqrasiya ola bilərdi.
Miqrantları qəbul edən ölkələrsə bunu istəmirlər: "Hətta Rusiyaya gedən ər-arvad da çox vaxt övladlarını özləriylə apara bilmirlər, çünki ordakı həyat şərtləri burdakından da pisdir. İş yerinə yaxın olmaq üçün çox vaxt onlar ayrı yaşayırlar və bir-birilərini çox az görürlər".
O, Tula vilayətinin Klişino rayonundakı hadisəni xatırlayır, deyir ki, "qırğız anklavı" barədə mətbuatda yazılanlardan sonra miqrantların pul verib aldıqları torpaq sahələrini "kənd təsərrüfatı təyinatlı" elan ediblər: Aydındır ki, ruslar ailəvi miqrasiyanın əleyhinədirlər, miqrantların Rusiya ərazisində oturuşmasını istəmirlər.
Sergey Dvortsevoyun "Ayka" filmi uşaqlı miqrant qadınların Moskvada üzləşdikləri çətinliklər haqqındadır.
Film Moskvanın doğum evlərində övladlarından imtina etmiş qadınların real həyat hekayələri əsasında çəkilib.
"Bu məsələni öz axarına buraxmaq olmaz, problemi həll etmək lazımdır. Heç bir hüququ olmayan və özləri üçün bu hüquqları heç cür təmin edə bilməyən insanları xatırlamamaq, onların sadəcə küçə təmizləyicisi olmasıyla razılaşmaq doğru deyil. Bütün insanlar cəmiyyətin bir parçası olmaq, normal şəraitdə yaşamaq istəyirlər" - Dvortsevoy BBC-yə müsahibəsində belə deyib.

Məcburi qəyyumluq

23 yaşlı Pərizat Qırğızıstandan Yakutska 4 ay əvvəl gəlib.
O, orta məktəb məzunudur, amma rus dilini yaxşı bilir, buna görə də ticarət mərkəzlərindən birində satıcı işləməyə ümid edir. İş icazəsi verilməsini gözləyə-gözləyə mağazada döşəmə yuyur, digər üç miqrant qadınla birlikdə kommunal mənzildə qalır.
Pərizat deyir ki, bir neçə il əvvəl - ərindən boşanandan sonra geyim mağazası açmaq üçün kredit götürüb: "Amma işlərim düz getmədi, bankrot oldum. Banka borcumu qaytarmalıyam, amma Qırğızıstandakı dərzi maaşımla bunu edə bilmirdim. Gəlirim ancaq yeməyə və kommunal xərclərə çatırdı".
Pərizat 4 yaşlı oğlunu anasının və bacısının himayəsində qoyub gəlib.

Uşaq doğulandan az sonra boşandığı əri övladının tərbiyəsində iştirak etmir.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, Qırğızıstan miqrantlarının 45 faizi qadınlardır.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT ) hesabatında qadın miqrasiyasının bəzi mənfi nəticələri qeyd olunub - stiqmatizasiya; həm qadınların, həm də onların uşaqlarının zorakılığa məruz qalması; ailələrin parçalanması və sosial bağların qopması. Hesabat müəllifləri qeyd edirlər ki, miqrasiya nəinki miqrantın özünün, o cümlədən onun bütün ailə üzvlərinin gələcək həyatına təsir edir.
Qırğızıstan hökumətinin qərarına əsasən yerli hakimiyyət nümayəndələri miqrantların övladlarını siyahıya almağa başlayıblar.
Ötən ilin təkcə dekabr ayında valideynləri başqa bir şəhərə və ya xaricə gedən 79 min uşaq qeydə alınıb.
Sahə müvəkkilərinin evlərə reydləri zamanı onlara qarşı pis münasibət və zorakılıq halları da araşdırılır.
DİN-in yetkinlik yaşına çatmamışlarla bağlı iş şöbəsinin rəhbəri Əzəmət Abdrəhmanov:
"Biz başa düşdük ki, bağçaya və ya məktəbə getməyən uşaqlar dövlətin nəzarətindən kənardadırlar. Onlar bütün gün ərzində evdə olurlar və heç kim bilmir ki, orda onlarla necə rəftar edilir. Biz ailə həkiminin və sahə müvəkkilinin də olduğu briqadalar yaratmışıq. Bu, bütün uşaqları qeydə almaq , onların saxlandığı şəraiti və sağlamlıq vəziyyətlərini təsbit etmək imkanı verir".
Hüquq müdafiəçiləri deyirlər ki, belə reydlər uşaqlara qarşı zorakılıqla mübarizə üçün ancaq ilk addım sayıla bilər.
Onlar uşaqların sağlamlığıyla bağlı valideynlərinin və qohumlarının məsuliyyətini artırmaq üçün Qırğızıstanda rəsmi və məcburi qəyyumluq prosedurunun tətbiqini istəyirlər.
UNİSEF bunun üçün artıq xüsusi formanın hazırlanması prosesinə start verib, vəd edib ki, prosedur mümkün qədər sadə və dövlət hesabına olacaq.
İlkin mərhələdə prosedurun könüllü olması təklif edilir, sonrakı addım yerli hakimiyyət orqanları və uşaqların valideynləriylə əlaqə saxlayıb qəyyumluğu tərtib etməli olan məktəblərlə iş olacaq.
İmtina hallarında məsələni məhkəmə yoluyla həll etmək nəzərdə tutulub.

"Amerikan arzusu"

Pərizat bu prosedur haqqında heç nə eşitməyib, ancaq əmindir ki, onun oğlunu pis heç nə gözləmir.
O inanır ki, uşağı təhlükələrdən qorumaq üçün nənəsi mümkün olan hər şeyi edəcək.
Pərizat görmə qabiliyyətinin zəifliyinə görə anasının birinci qrup əlilliyindən və qazancının yalnız əlillik müavinəti olmasından könülsüz danışır.
Pərizatın oğlundan başqa, o, həm də özünün 6 yaşlı qızını böyüdür.

Bütün ailə kirayə mənzildə yaşayır, ona görə hər üçü Pərizatın göndərdiyi puldan asılıdır.
Pərizat deyir ki, anası əlil olsa da, nəvəsini çox sevir: "Mən ümid edirəm ki, tezliklə evə qayıdıb oğlumu özüm saxlayacam".
O istəyir ki, oğlunu birinci sinfə özü aparsın, amma bunu bacarıb-bacarmayacağı məlum deyil.
29 yaşlı Jazgül Madaqazımovanın anası da Rusiyadadır, qızının 13 yaşı olandan gedib.
Üç uşaqla ataları qalıb və ona görə də ev işlərinin çoxu - yemək bişirmək, ev yığışdırmaq, özündən kiçik bacısına və qardaşına baxmaq Jazgülün boynuna düşüb.
Anasının göndərdiyi pullarla kredit ödəyib ev tikiblər.
Anasından 3 il sonra atası da qazanc dalınca Rusiyaya gedib. Onlar bir də 10 ildən sonra qayıdıblar - uşaqları böyüyüb müstəqil həyata başlayandan sonra.
Ev tikiblər, uşaqlarına təhsil veriblər, amma onlarla birlikdə vaxt keçirməyə çox az fürsətləri olub.
Jazgül valideynlərindən incimir, deyir ki, yeganə çıxış yolunun getmək olduğunu başa düşür: "Hər miqrantın öz "amerikan arzusu" var - ev tikmək və ya mənzil almaq, ya da maşın, həm də mütləq cip; təmtəraqlı toyla evlənib oğul-uşaq sahibi olmaq; uşaqlara keyfiyyətli təhsil vermək. Amma çox vaxt bu arzuların yerinə yetməsi çox uzun müddətə başa gəlir, ona qədər uşaqlar böyümüş olurlar".
İllüstrasiyaların müəllifi : Məhərrəm Zeynalov
 
Tarix: 04 aprel 2019
Baxış: 624

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş