Tovuzda evə sərxoş gələn kişi həyətdə yatdı, arvadı ondan tələb etdi ki... — TƏFƏRRÜAT
Tovuz rayonunda 1996-cı il təvəllüdlü Akif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Təhminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Hadisə 7 oktyabr 2024-cü ildə, saat 19 radələrində Tovuz rayonunun kəndlərindən birində baş verib.
Akif aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yaşadığı evdə arvadı Təhminəni yumruq zərbələri ilə döyərək ona xəsarətlər yetirib.
Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun kəndində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zərərçəkmiş Təhminə mənim arvadımdır və münasibətlərimiz hər zaman normal olub. Aramızda ədavət və münaqişə olmayıb. Mən günəmuzd fəhləliyə gedərək ailəmi dolandırıram, işdən aldığım bütün pulumu arvadıma verirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 7-də, saat 19 radələrində işdən çıxaraq yaşadığı evə gəlib: “Evin yaxınlığında yerləşən ərzaq dükanından evə nisyə ərzaq alaraq gətirdim. Yolda olan zaman bir ədəd yarım litrlik şüşə qabda pivə alaraq içdim. Evə gəlib bazarlığı və 155 manat pulu Təhminəyə verdim. Təhminə pulu götürərək otağa keçdi. Bundan 5 dəqiqə sonra Təhminə pulun nə üçün az olduğunu dedi və vedrədə olan suyu başıma tökdü. Həmin vaxt biz evin həyətində olmuşuq. Aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı Təhminənin sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Bu zaman onun başı evin girişində yerləşən çardağın taxtasının tininə dəydi. Əsəblərimi cilovlaya bilməyərək Təhminənin kürək və başının arxa nahiyəsinə yumruqla vurdum. Bundan sonra anam bizi ayırdı. Hadisədən bir qədər sonra qayınatam gələrək Təhminəni apardı”.
Akif bildirib ki, arvadı Təhminə ilə aralarında olan dava-dalaş yaşadığı evin həyətində baş verib və təxminən 3-5 dəqiqə davam edib. Onun ifadəsinə görə, hadisə zamanı evdə anası olub. Əməlindən peşmançılıq hissi keçirdiyini deyən təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxslə barışaraq bir evdə yaşayırlar, sonuncunun ondan heç bir şikayəti yoxdur.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Təhminənin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir və ailəsi ilə birlikdə Tovuz rayonunun kəndində yaşayırlar: “Təqsirləndirilən Akif mənim ərimdir. Münasibətlərimiz hər zaman normal olub, aramızda ədavət və münaqişə olmayıb. Ərim günəmuzd fəhləlik edərək ailəmizi dolandırır. Akif hər zaman işdən aldığı pulu gətirərək mənə verib”.
Zərərçəkmiş qeyd edib ki, oktyabrın 7-də, saat 19 radələrində Akif sərxoş vəziyyətdə yaşadığı evə gəlib: “Həmin vaxt evə bazarlıq etmişdi. Mənə 155 manat verdi. Akif sərxoş olduğundan evin həyətində uzanaraq yatdı. Bu zaman Akifdən pulu hara xərclədiyini, nə üçün pulun az olduğunu soruşdum. Akif evə bazarlıq etdiyini bildirdi. Akifin ayılmağı üçün onun üstünə vedrədə su tökdüm. Bu zaman Akif ayağa qalxdı. Aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı Akif sol göz ətrafı nahiyəmə yumruqla vurdu. Mənim başım evin giriş hissəsində yerləşən çardağı taxtasının tininə dəydi. Bundan sonra qaynanam bizi ayırdı. Bir qədər sonra atam gələrək məni apardı”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Akifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. \\Demokrat.az