Bəzi həkimlərin pasienti "yeriyən pul" kimi görməsi insanları "Check up"dan uzaqlaşdırır
İnsanların səhiyyə xidmətlərinə olan münasibəti çox mürəkkəb və emosional bir məsələyə çevrilib. Çoxları sadəcə xəstələndiyi zaman həkimə müraciət etməyi məqbul hesab edir, ancaq sağlam olduqları zaman bu addımı atmaqdan çəkinirlər. Bu da insanın öz bədəninə qarşı duyduğu qeyri-müəyyən münasibətin nəticəsidir. Bəzən insanlar həkimə getməyə qorxur, çünki özlərində xəstəlik tapılmasından narahat olurlar. Nə qədər sağlamsınızsa, o qədər də riskin az olduğunu düşünürlər. Lakin bu yanaşma səhvdir, çünki bir çox xəstəlik ilkin mərhələlərdə simptomlar vermir və yalnız müntəzəm müayinələr nəticəsində aşkar edilə bilər.
Bəzi insanlarda isə həkimlərə qarşı inamsızlıq var. Hətta onların müalicə metodlarına, təklif etdikləri dərmanlara və ya prosedurlara qarşı tənqidi yanaşırlar. Bunu həm də keçmişdəki səhiyyə sisteminin zəifliyinə və ya bəzi qeyri-etik hallara bağlamaq olar. Məsələn, bəzi insanların həkimlərin yalnız maddi məqsəd güdməsini düşünməsi, onları yalnız pul qazanmaq istəyən bir kütlə olaraq görməsi bu münasibəti daha da dərinləşdirir. Hətta zaman-zaman səhiyyə sistemindəki təcrübəsiz və ya qeyri-etik yanaşmalar insanları daha da narahat edir.
Bəs niyə bir çox insan davamlı check up-a getmir?
Bu, həm də ümumi cəmiyyətdəki həyat tərzi və mühitlə bağlıdır. Həkimə getmək həm də bir az vaxt və pul sərf etmək deməkdir. Şəhər həyatının tələbləri, iş saatları, ailə məsələləri və digər sosial faktorlar insanların öz sağlamlıqlarına diqqət ayırmasına mane olur. Həmçinin, bəzən insanlar öz sağlamlıqlarını əvvəlki kimi önəmsəmirlər və ya buna çox dəyər vermirlər. Halbuki, bu cür müayinələr həyat qurtarıcı ola bilər.
Amma həkimlərə olan inamsızlıq nəticəsində insanlar həkimə getməyi bir növ maddi tərəflərin də daha çox düşünürlər. Təbii ki, bəzi insanlar belə düşündüyü kimi bir sıra həkimlər də işiniz bir növ biznes kimi baxıb xəstəyə "yeriyen pul" gözü ilə baxır. Bu kimi halda isə nə müayinə, nə də müalicə faydalı olmur.
Əgər biz sağlamlıq məsələsini ciddiyə alsaq, ilk növbədə müntəzəm "check up"lara getmək lazımdır. Bu, yalnız xəstələndikdən sonra həkimə müraciət etmək əvəzinə, həm də qarşısını ala biləcəyimiz xəstəliklərə qarşı mübarizə deməkdir. Xəstəliklərin erkən mərhələlərdə aşkarlanması, müalicə üçün daha yaxşı şanslar yaradır və ən əsası həyat keyfiyyətini artırır.
Unutmaq olmaz ki, sağlamlıq ən qiymətli sərvətimizdir və ona diqqət yetirmək yalnız özümüzə deyil, ətrafımızdakı insanlara qarşı da məsuliyyətimizdir. Səhiyyə sistemini daha etibarlı və yaxşı hala gətirmək üçün hər birimizin həkimlərə olan münasibətini təzədən gözdən keçirməsi vacibdir. Çünki sağlamlıq həm də insanın özünə verdiyi ən böyük qiymətdir. \\Milli.Az