Redaktor seçimi
    Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib
Xəbər lenti
Reklam
"Coca-Cola"nın tərkibində xərçəng yaradan maddə aşkarlandı: Azərbaycanda vəziyyət necədir?


"The Coca-Cola" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb kimi məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Maraqlıdır, bəs görəsən, tərkibində xloratların miqdarının yüksək olduğu deyilən içki Azərbaycana idxal olunubmu?

Məsələ ilə bağlı "Coca-Cola Azərbaycan"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil:

"Sözügedən hal bəzi Avropa ölkələrindəki məhsullara şamil edilib. Belə ki, "Coca-Cola Europacific Partners" şirkətinin Belçikanın Gent şəhərində istehsal etdiyi sərinləşdirici içkilərin analizi zamanı bəzi məhsulların tərkibində xlorat səviyyəsinin normadan yüksək olması aşkar edilib.

Müstəqil ekspertlər və laboratoriyaların analizinə əsasən, sözügedən məhsulların istehlakçılar üçün risk ehtimalının çox cüzi olmasına baxmayaraq, Belçika, Lüksemburq və Niderland rəsmiləri ilə məsləhətləşmələr əsasında həmin məhsulların geri çağırılması qərara alınıb.

Bir daha bildirmək istəyirik ki, geri çağırılma yalnız bəzi Avropa ölkələrinə aid edilir və Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib:

"Həmçinin onu da diqqətə çatdırırıq ki, ölkəmizə idxal edilən bütün qida məhsulları kimi, "Cola" və digər qablaşdırılmış sərinləşdirici içkilər də riskəsaslı yanaşma tətbiq etməklə mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra həmin məhsulların satışa çıxarılmasına icazə verilir".

Qazlı içkilərdə xloratın miqdarının çox olması insan sağlamlığına zərərlidir?

Qida təhlükəsizliyi üzrə konsaltinq şirkətlərindən birinin icraçı direktoru Seymur Qafarov Oxu.Az-ın müvafiq sualına cavab olaraq qeyd edib ki, qazlı içkilərdə xlorat miqdarının çox olması insan sağlamlığı üçün təhlükəli ola bilər:

"Xlorat, əsasən, suyun dezinfeksiyası zamanı xlor tərkibli maddələrdən yaranır və içkilərin istehsalı prosesində istifadə olunan su ilə içkiyə keçə bilər. Xloratın yüksək miqdarda qəbul edilməsi aşağıdakı təsirlərə səbəb ola bilər:

1. Qanla bağlı təsirlər:

Xlorat hemoqlobini oksigeni daşımaq qabiliyyətindən məhrum edə bilər. Bu, methemoqlobinemiya adlı vəziyyətə səbəb olur və oksigen çatışmazlığı yarada bilər. Belə halda yorğunluq, nəfəs darlığı və başgicəllənmə kimi hallar müşahidə edilir.

2. Toksik təsir:

Xlorat orqanizmdə oksidləşdirici stres yaradır və bu, xüsusilə böyrəklər üçün zərərli ola bilər. Böyrək funksiyalarını pozaraq, böyrək çatışmazlığına gətirib çıxara bilər.

3. DNT zədələnməsi və xərçəng riski:

Xloratın yüksək səviyyədə uzunmüddətli qəbulu bəzi hallarda DNT zədələnməsi ilə əlaqələndirilib. Bu isə xərçəng riskini artıra bilər.

4. Həzm sistemi problemləri:

Həddindən artıq xlorat mədə-bağırsaq narahatlığı, qusma və ya ishala səbəb ola bilər.

5. Uşaqlara və həssas insanlara təsiri:

Uşaqlar, yaşlılar və ya xroniki xəstəlikləri olanlar xlorata qarşı daha həssasdırlar və zərər daha güclü təsir göstərə bilər.

Buna görə də qazlı içkilərdə xlorat səviyyəsi beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə ciddi nəzarət altında saxlanılmalıdır. Hər hansı istehlak məhsulunun keyfiyyətinə və etiketdəki məlumatlarına diqqət yetirmək vacibdir".

Tarix: 28 yanvar 2025
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş