Redaktor seçimi
    Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib
Xəbər lenti
Reklam
Cərimələrin tətbiqinə başlanıldı - Bəs, harda siqaret çəkmək olar? - BŞİH-dən cavab

Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən sonra tütün məmulatların tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılaraq 50 manatdan 300 manata çatdırılıb.
Artıq bu qadağanın tətbiqinə başlanılıb.
Belə ki, son günlər paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai, Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlərə qarşı reydlər keçirilib. Sakinlərin sözlərinə görə, onlar 30, 40 və 50 manat civarında cərimələniblər.
Qeyd edək ki, qanunvericiliyə görə, bu ərazilərdə siqaret çəkmək qadağandır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
Eyni zamanda, qanunda göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını, yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.
Maraqlıdır, bəs niyə şəhərdə siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı var, amma siqaret çəkməyin icazə verildiyi yerlər müəyyən olunmayıb?
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdi ki, bu, onların səlahiyyətlərinə aid deyil:

Bakupost.az

"Siz qanunda bu məsələni kimin tənzimlədiyini aydınlaşdırın. Bizim səlahiyyətlərimizdə belə bir məsələ yoxdur. Yəni biz siqaret çəkilməsi üçün yer təyin edən qurum deyilik".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Bakupost.az-a açıqlamasında qanunda müəyyən boşluqlar olduğunu bildiridi. Onun fikrincə, bu məsələ müzakirəyə çıxmalıdır:

Bakupost.az

“Çox təəssüf ki, ictimai yerlərdə bu imkan yoxdur. Görünür, burada müəyyən boşluq var. Əslində, qanun qəbul edilmişdi ki, cərimələrin artırılması vasitəsilə insanları siqaret çəkməkdən çəkindirsinlər. Amma görünən odur ki, siqaretə öyrəşən şəxslər bu vərdişdən asanlıqla əl çəkə bilmir və hətta cərimə olunmağa da razıdırlar ki, təki siqaret çəksinlər. Buna baxmayaraq, parklarda, klublarda və hətta marketlərdə xüsusi qapalı yerlər təşkil etmək mümkündür ki, siqaret çəkmək istəyənlər həmin məkanlarda bu zərərli vərdişlərini davam etdirə bilsinlər. Bu, həqiqətən də düşündürücü məsələdir və mən sizinlə razıyam ki, bu mövzu müzakirəyə çıxarılmalıdır.”
Deputat onu da əlavə etdi ki, siqaret çəkmək üçün xüsusi yerlərin yaradılması yerli icra hakimiyyətlərinin və bələdiyyələrin məsuliyyətidir:
“Düzdür, mən çox istərdim ki, insanlar iradəli davranaraq siqaretdən tamamilə imtina etsinlər. Lakin görünən odur ki, bunu hər kəs bacarmır. Bu səbəbdən, ictimai yerlərdə, açıq və qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin yaradılmasına ehtiyac var. Bu isə artıq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin üzərinə düşən bir vəzifədir".
Bakı Şəhər İcra Hakimiyyətinin bu məsələnin onların səaliyyətinə aid olmadığı barədə açıqlamasına münasibət bildirən deputat "bu, onları məsuliyyətdən azad etmir" dedi:
“Əgər qanunda varsa, ola bilsin ki, təlimat kimi gəlib onlara çatmayıb. Lakin bunu həyata keçirmək mümkündür. Eyni zamanda, bəzi məsələlər var ki, bunun üçün xüsusi təlimat göndərməyə də ehtiyac yoxdur. Məsələn, parklarda gözəl skamyaların qurulması icra hakimiyyətlərinin və bələdiyyələrin təşəbbüsü ilə reallaşır. Bunun üçün əlavə məlumat və göstərişə ehtiyac varmı?
Eyni şəkildə, nəqliyyat dayanacaqlarının yaradılması, parklanma yerlərinin elektronlaşdırılması kimi yeniliklər davamlı olaraq həyata keçirilir. Məsələn, Bakının mərkəzində nəqliyyat yükünü azaltmaq məqsədilə Ziya Bünyadov prospektinə paralel olaraq ikinci bir prospekt salınır. Sadəcə olaraq, problemi görürlər və onun həlli ilə bağlı tədbirlər görürlər. Mənə elə gəlir ki, bu məsələ də gec-tez aktuallaşacaq və həllini tapacaq. İcra hakimiyyətləri belə məsələlərdə adətən, aktiv olurlar. Biz, nəinki Bakıda, hətta regionlarda da bu cür təşəbbüslərin həyata keçirildiyini görəcəyik. Mən məlumat üçün bildirirəm ki, bizim nəsildə 100 ildir siqaret çəkilmir. Babam çəkməyib, atam çəkməyib, mən çəkmirəm və oğlum çəkmir.” \\BakuPost

Tarix: 27 yanvar 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş