Son vaxtlar cəmiyyətdə yeniyetmələrin, gənclərin qeyri-etik davranışlarının şahidi oluruq. Bu hərəkətlərin ortaya çıxmasında əsl günahkar kimlərdir? Ailə, məktəb, yoxsa cəmiyyət günahkardır? SİA məsələyə aydınlıq gətirmək üçün mütəxəssislər arasında sorğu keçirib.
Psixoloq Fərqanə Mehmanqızı: "Burada bir neçə faktor var. Müəllim avtoriteti yoxdur deyə, biz müəllimə heç nə deyə bilmirik. Son hadisədə müəllim hadisəni gördüyü yerdə qıza bir şillə vursaydı, biz müəllimi cəmiyyət olaraq danlayacaqdıq. Müəllimi günahkar biləcəkdik ki, şiddət tətbiq etməyə ixtiyarı yoxdur. Nə baş verir, problem varsa, kimlər günahkardır? Gəlin, analiz edək.
Uşaq ailədə yetişir, cəmiyyətə inteqrasiya olunur. Problem ailədən başlayır. Çünki xarakteri ailədə formalaşır. Sonra formalaşmış xarakter cəmiyyətdə korreksiya olunur. Bu gün məktəbdə müəllimin, məktəbin nüfuzu aşağı salınıb. Ona görə də müəllimdən, məktəbdən tərbiyə tələb etmək nə qədər vicdanımızı rahatladar? Müəllim şagirdə düz otur deyə səsini yüksəldəndə, biz buna görə müəllimi təhqir ediriksə, nə qədər düz olar?
Hər dövrdə, hər sektorda işini görə bilməyən insanlar var. Amma bunu kütləviləşdirmək düzgün deyil. Onun üçün müəllimi və məktəbi çıxırıq. Cəmiyyət bu gün kimi qəhrəman olaraq göstərir, haqlını, yoxsa haqsızı? Bunu müzakirə etdiyimiz zaman ədalət balansı düzələcək. Mən düşünürəm ki, ailə ən önəmli faktordur. Bu gün ailələrdə empatiya bacarığı, sevgi yoxdur. Özünü cəmiyyətdə avtoritet kimi göstərmək istəyən uşaqlar çoxdur".
Sosioloq Əhməd Qəşəmoğlu: "Məktəblilərin qeyri-etik hərəkətlərinə görə ayrıca cəmiyyəti, ailəni, yoxsa təhsil ocağını günahlandırmaq doğru olmaz. Bizim gərək elmi əsaslanmış, ciddi fəaliyyət proqramımız olsun. Onun əsasında ölkədə sosial siyasət, humanitar siyasətin dəyişməsinə kömək etsin. Onda da ailə, cəmiyyət, məktəb qarşılıqlı əlaqədə birlikdə çalışıb o işləri görəcək. İndi isə ən vacib iş odur ki, sosial siyasəti müəyyənləşdirən adamlar o məsələyə diqqət vermirsə, humanitar siyasətə diqqət göstərmirlərsə, məktəblərdə ciddi sosial iş xidməti yaratmaq lazımdır. 3-4 nəfərdən ibarət sosial iş xidməti yaratmaq çətin deyil. Məktəbdə psixoloq ştatı var, məktəblinin dostu ştatı var. Onları birləşdirib iki nəfər əlavə etmək olar. 3-4 nəfərlik yaradılan qrupa küçədən keçən adamı sosial işçi kimi qəbul etmək olmaz. Ondan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinə sifariş vermək lazımdır ki, məqsədli olaraq məktəblər üçün sosial işçi hazırlasınlar. O zaman məktəblərimizdə belə hadisələr baş verməyəcək. Bu barədə mən 10 ildir səslənirəm, təkliflər təqdim edirəm, mətbuatda deyirəm, təəssüf ki, eşidən yoxdur. Çünki özlərini məndən ağıllı hesab edirlər".
Təhsil eksperti İlqar Orucov: "Məktəblilərin etik davranışlarına görə məsuliyyət və günah axtarılırsa, günahın böyük hissəsi ailələrin üzərinə düşür. İlk növbədə, hər bir insan tərbiyəni ailədən görür. Biz son illərdə çox məsuliyyətsiz ailə nümunələrinin şahidiyik. Hər birimiz bunun şahidiyik. Ən azından yaşadığımız ərazidə qonşularımızın timsalında bunu görürük. Həmin ailələrdə böyüyən uşaqlar idarəolunmaz, ərköyün, bütün hallarda davranışlarında kifayət qədər qüsurları ifadə edirlər.
Cəmiyyətdə çox maraqlı bir tendensiya yaranıb. Belə ki, hər məsələdə məktəb günahlandırılır. Bu, yolverilməzdir. Biz məktəbə hər zaman müqəddəs məkan kimi baxmışıq, müəllimlərimizi ikinci valideyn yerinə qoymuşuq. Qeyri-etik ifadələrin heç biri məktəbdə müəllim tərəfindən işlənmir. Niyə baş verənlərin günahı müəllim və məktəbdə olsun? Məktəb təlim-tərbiyə ocağıdır. Məktəb heç bir zaman günahkar ola bilməz.
Bir çoxları qərəzli və məqsədli şəkildə yeniyetmələrin hərəkətində yerli-yersiz məktəbi günahkar görürlər. İlk günahkar valideyndir. Mən də valideynəm və övladımın tərbiyəsinə günümün böyük bir hissəsi gedir. Baxmayaraq ki, övladımızın tərbiyəsində boşluqlar yaratmamışıq. Hər zaman onunla maraqlanmışıq, dinləmişik, onunla bərabər yaşamışıq. Övladım tələbədir, xaricdə oxuyur. Mən onunla gündə neçə dəfə maraqlanıram. Hardasan, kiminləsən, hətta onun kiminlə oturub durduğunu bilirəm, dostlarını tanıyıram. Çünki bilirəm ki, gəncdir, ola bilsin, səhv edər. Mənim buna inamım da yoxdur, çünki verdiyimiz tərbiyəyə arxalanırıq. Amma bütün hallarda ola bilər. Biz mütəmadi olaraq övladımızla iş aparırıq. Bütün valideynlər övladlarına bu cür yanaşmalıdırlar. Uşağın kənardakı davranışı ailədən gələn davranışın əksidir. Ola bilsin, uşağı kifayət qədər sərbəst buraxmısan, nəzarətsiz qalıb. İki gün əvvəl baş verən məktəbli qızların işlətdiyi ifadələr, məktəbli uşaqlara yaraşan ifadələr deyil. Necə oldu ki, saf uşaqları belə pozdular, yanlış yola gətirdilər. Bunlar birbaşa ailədə olan qüsurlardan irəli gəlir. Ya uşaq sərbəst buraxılıb, ərköyün böyüdülüb, ya da ki, ailədə belə ifadələr işlədilir.
Yaşlı insanlar bu məsələdə bir az səbr nümayiş etdirirlər. Mən sosial şəbəkələrdə belə insanların, cəmiyyətin də günahını gördüm. O uşağın hərəkətləri ilə bağlı cəmiyyətin reaksiyasını gördüm. Yaşlı insanların hərəkət, sözlərində də tərbiyəsiz ifadələr var idi. Cəmiyyətdə də bu tendensiya formalaşıb. Dilimizə yad sözlər, tərbiyədən uzaq ifadələr necə oldu ki, cəmiyyətimizdə yer tutdu? Axı belə şey ola bilməzdi. Əxlaqla bağlı çərçivələr var. Belə problemlər cəmiyyətdə də var. Eyni zamanda, məktəb tərbiyə işinə daha çox önəm verməlidir. Milli-mənəvi dəyərlərin tərbiyəsi ilə bağlı şagirdlərlə ciddi iş aparılmalıdır. Məktəblərdə psixoloqların fəaliyyəti gücləndirilməlidir. Psixoloqlar formal vəzifə daşıyıcıları olmamalı, ştatların sayı artırılmalıdır. Psixoloqların əməkhaqqı artırılmalıdır. Biz məktəb psixoloqlarının işinə bu qədər barmaqarası baxmalı deyilik. Məktəb psixoloarının sayı, peşakarlığı artırılmalıdır.
Biz televiziyada baxıb görürük ki, milli-mənəvi dəyərlərə yad verilişlər buraxılır. Evlilik verilişini necə televiziyada göstərmək olar? Yaxşı ailə nümunələri var ki, niyə biz onları televiziya ekranlarında canlandırmırıq? Ailəsini atmış tüfeyli həyat sürən insanları, guya ailələrinə qaytarırıq. Bu verilişləri aparanların özlərinin ciddi problemləri var. Hər şey maddiyyatla ölçülməli deyil. Bizim yaxşı nümunəvi televiziya kanallarımız da var. Cəmiyyətimizdə 5 ailimi, yazıçıları tanımırlar, amma şou müğənniləri tanıyırlar. Çünki bütün günü onlara baxırlar. Müğənnilərin həyatı sanki örnək kimi göstərilir. Bunlar təbliğ olunurlar. Küçəyə çıxıb soruşun, 5 milli qəhrəman adı tanıyırlarmı, iki yazıçı adı deyə bilərlərmı, sonuncu dəfə hansı əsəri oxuyublar? Mədəniyyət, elm, təhsilin populyarlaşdırılması televiziya, mətbuatın üzərindədir. Müqavimət ziyalılar tərəfindən olmalıdır. İctimai qınaq mütləq olmalıdır. Müəllimləri müqəddəs bilməliyik, cəmiyyətə biz aşılamalıyıq. Müəllimlik, həqiqətən, müqəddəs peşədir. Cəmiyyətimizdəkı aqressiya, yekəxanalıq haradan gəlir? İnsanlarda səmimiyyət niyə itib? Əvvəlki mehribanlıq yoxdur. Bu, yaxşı hal deyil. Bu gün uşaqlarımızda nəyi görürüksə, günahkar bizlərik".
Müəllif: Söylü Ağazadə