Xəbər lenti
Reklam
Azərbaycanda internetin sürəti ilə bağlı nə baş verir? - AÇIQLAMA

"Son vaxtlar bəzi internet provayderlərində müşahidə olunan kəsintilər və sürətin azalması bir neçə müxtəlif amillə bağlı ola bilər. Bu hallar adətən sistematik texniki problemlərdən, avadanlıqların köhnəlməsindən, şəbəkə yüklənməsindən və ya istifadəçi tərəfdəki düzgün tənzimlənmələrdən qaynaqlanır".
Gender.Az bildirir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib. O bildirib ki, yerli provayderlərin texniki imkanları və şəbəkə idarəetmə resursları arasında fərqlər mövcuddur: 
"İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın ümumi internet infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə yenilənib və əsas magistral şəbəkə artıq ölkə üzrə fiberoptik texnologiya əsasında genişlənməkdədir. Bu, ölkə miqyasında internet keyfiyyətinin artımını təmin edən əsas amildir. Lakin yerli provayderlərin texniki imkanları və şəbəkə idarəetmə resursları arasında fərqlər mövcuddur. Bəzi provayderlər yüksəktrafikli dövrlərdə (axşam saatlarında) şəbəkə yüklənməsini optimal idarə edə bilmədikdə, istifadəçilər sürətin aşağı düşməsini və qısa fasilələrlə bağlantının kəsilməsini müşahidə edə bilirlər. Digər mühüm səbəblərdən biri istifadəçilərin evdə istifadə etdiyi avadanlıqlarla bağlıdır. Routerlərin köhnə modelləri və ya düzgün konfiqurasiya edilməməsi, xüsusən də çoxsaylı cihaz eyni anda şəbəkəyə qoşulduqda, sürət itkisinə səbəb olur. Abunəçilərin bəzən real ehtiyaclarına uyğun olmayan internet paketlərini seçməsi də bu problemi daha qabarıq göstərir". Dördpendirli pizza
Elvin Abbasov qeyd edib ki, Yaxın perspektivdə provayderlərin texniki resurslarının yenilənməsi və şəbəkə idarəetmə sistemlərinin optimallaşdırılması bu halların minimuma enməsinə şərait yaradacaq:
"Ümumilikdə, ölkədə internet sürəti və keyfiyyəti ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. “Onlayn "Azərbaycan” layihəsi çərçivəsində infrastrukturun yenilənməsi və regionlara fiberoptik bağlantının genişlənməsi artıq real nəticələr verir. Mövcud kəsintilər isə əsasən lokal texniki məsələlərdən, provayderlər arasındakı texnoloji bərabərsizlikdən və istifadəçi səviyyəsində avadanlıq uyğunsuzluğundan qaynaqlanır. Yaxın perspektivdə provayderlərin texniki resurslarının yenilənməsi və şəbəkə idarəetmə sistemlərinin optimallaşdırılması bu halların minimuma enməsinə şərait yaradacaq".

Nazim Hacıyev

Tarix: 18 oktyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş