Xəbər lenti
Reklam
"Bu gün şagird oxumur, onunla birlikdə valideyn və ya repetitor oxuyur" - Vüsalə Ağabəyli

"Hazırki orta məktəb dərslikləri mövzu ilə bağlı kifayət qədər informasiya vermir. Müəllimlər isə 45 dəqiqə ərzində bu mövzunu qavrada bilmirlər. Nəzərə alsaq ki, dərsin xeyli hissəsi müəllimin çığır-bağırla sinfi sakit saxlamaq istəyi ilə hədər olur, buna görə də şagirdlər məcburi şəkildə əlavə ev tapşırıqları ilə yüklənir. Bu məqamda mövzunu ödəyə bilmək üçün iş dəftərləri, əlavə vəsaitlər, tapşırıqlar meydana girir. Kurikulum təhsil sisteminə keçmişik, bəli, lakin əksər beyinlər ənənəvi sovet təhsilində qalıb. Uşağın nəfəsini belə ehtiyatla alıb-verəcəyi, qorxusundan susub lakin fikri dərsdə olmayacağı tədris kimə nə fayda verə bilər?"
Gender.Az bildirir ki, bu sözləri Redaktor.Az-a açıqlmasında təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli məktəbdən sonra şagirdlərin ev tapşırıqları ilə yüklənməsindən danışarkən deyib.
Onun sözlərinə görə, dərslər sadə, əyləncəli qurulmalıdır ki, şagirdlər də əlavə ev tapşırıqlarına ehtiyac duymadan dərsi mənimsəyə bilsin:
"Bu gün sorğu keçirsəz, görərsiz ki, əksər şagirdlər məktəbə getmək istəmir, elə əksər valideynlər də göndərmək istəmir. Niyə? Çünki məktəbin rolu və çəkisi itib. Məktəb şagirdi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaya bilmədiyi kimi, həm də cəmiyyətə hazırlaya bilmir. Təbii ki, çox gözəl, savadlı, peşəkar müəllimlər də az deyil. Lakin quru oduna yaş da yanır. Bu gün sosial şəbəkələrdə bəzi müəllimlərin qayğıkeş, nəvaziş dolu videoları yayılanda niyə əksəriyyətimiz təsirlənirik? Çünki belələri azdır. Şagirdə həbsxana məhəccərindəki məhbus kimi yox, gələcəyin qurucusu kimi baxan, onu insan kimi yetişdirməyə çalışanlar azdır. Ataların yaxşı sözü var, "it əppəyə, uşaq məhəbbətə". Düzgün pedaqoji yanaşma ilə tədris icra olunarsa, verilən materialı dərsdəcə mənimsətmək mümkündür. Kiçik yaş qruplarına aid olan uşaqlar bəyəm birdən-birə araşdırmacı xüsusiyyətlərə hardan yiyələnə bilər ki, özləri gedib öyrənsinlər? Bu isə valideynin və ya repetitorun fəaliyyətə cəlb olunmasıdır ki, yenə də şagirdin sərbəst araşdırmasına xidmət göstərmir. Bu gün şagird oxumur, onunla birlikdə valideyn və ya repetitor oxuyur. Çünki sadələşmədən daha çox qəlizləşməyə gedilir". 
V.Ağabəyli qeyd etdi ki, problemin digər tərəfi də var.
"Bu da sinifdə şagird sayının çoxluğudur. Bir tərəfdən kurikulum sistemi qurub, digər tərəfdən 40 nəfərlə tədris prosesinə göz yumuruqsa, ziddiyyət yaradırıq. Tərcübələr göstərir ki, çoxsaylı şagirdlərin iştirakı ilə təşkil edilən dərslər azsaylı şagirdlərin iştirak etdiyi dərslərdən daha keyfiyyətsizdir. Bu problemlərin hamısı bir-birinə zəncirvari bağlıdır. Çox acınacaqlı vəziyyətdir, məktəblər sanki süquta uğrayır. Nə lazım olan şəkildə düzgün təhsil verə bilir, nə idarə edə bilir. Məktəbin missiyası getdikcə itir. Kurikulumun müxtəlif şərtləri və fərqli yanaşmaları var. Bunu nəzəri şəkildə öyrənmək, imtahan verib keçmək deyil, praktikaya tətbiq edə bilmək önəmlidir. Məktəbin rolunu artırmaq üçün məcburən kəmiyyət göstəricisini reyd edib şagirdlərin dərs buraxmamasını deyil, dərsin keyfiyyətini tənzimləmək lazımdır. Bir sinfin 45 şagirdi də alim olmayacaq, bu təbiidir, lakin əsl insani keyfiyyətləri daşıya bilən mühəndis, aşpaz, sürücü, satıcı və s. olsun, yetər ki, mərhəmət hissi olan insan olsun", - deyə təhsil eksperti vurğuladı.

Tarix: 26 yanvar 2024
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş