Ekspert: “Məktəbdə seksual zorakılıq hərəkətləri təhsilimizə başucalığı gətirmir”
Məktəblərdə şagirdlər arasında neqativ halların artması təəssüf doğurur. Yeniyetmələr bir-birilərini bıçaqlayır, özlərindən kiçiklərə qarşı əxlaqsız hərəkətlər edirlər. Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Ekspert deyir ki, başlıca səbəblərdən biri heç şübhəsiz tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim- tərbiyə və tədrisin forma və metodlarına yanaşma prinsiplərinə olan biganəliyimizdir:
“Məktəblərimizdə zorakılıq hallarına dair xüsusilə, yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq”.
Ekspert Demokrat.az-a açıqlamasında onu da bildirib ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq:
“Bir müddət əvvəl Tovuz rayonunun 13 yaşlı sakini Əfsanə Tağıyevanın ərə getmək məqsədi ilə Xaçmazdan olan 44 yaşlı kişinin yanına qaçması cəmiyyətdə ciddi rezonans doğurdu. Yeniyetmə qızın təhsilə fokuslanmaq əvəzinə ərə getmək istəyi haradan yaranıb, bu məsələdə günahkar təkcə valideynlərdirmi? Bəs, onun oxuduğu məktəb hansı yanlışlıqlara yol verib ki, şagird təhsildən uzaqlaşıb yanlış istiqamətlərə yönəlib? Kimi məktəbi, kimi valideyni qınamaqla məsələyə “xitam” verdik. Günahkarın kim olduğunu araşdırıb qiymət vermək hüquq-mühafizə orqanlarının işidir. Bizim vəzifəmiz günahkar axtarmaq yox, günaha yol açan səbəbləri axtarmaqdır. Nə qədər ki, "günahı" doğuran səbəblər araşdırılıb tapılmayacaq, "günahkar" axtarışı da bir o qədər davam edəcək...”
N.İsrafilov qeyd edib ki, Təhsil Kompleksində yeniyetmələr tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı cinayət işinin açılması təkcə təhsilimizə deyil, bütövlükdə cəmiyyətimiz üçün heç də baş ucalığı gətirən hal olmadı:
“Baxmayaraq ki, məktəb rəhbərliyi videogörüntüləri quraşdırma hesab etdi və həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirildi. Bununla belə olub-olmadığından asılı olmayaraq, yayılan məlumat cəmiyyətdə “od olmasa, tüstü çıxmaz” effekti yaratdı.
Elə götürək, sonuncu dəfə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdinin məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanmasını. İstintaqın nə ilə nəticələnməsindan və günah sahibinin kim olacağından asılı olmayaraq sual yaranır: Niyə əvvəlcədən aralarında ixtilaf olduğunu həm məktəbdə, həm ailədə bildikləri halda qabaqlayıcı tədbirlər görülməyib? Bir halda ki ilkin ehtimala görə hadisə qız üstündə baş verib, deməli bu hal mütləq şəkildə həm ailə tərəfindən, həm də məktəb mühitində özünü biruzə verməyə bilməzdi”.
Ekspertin fikrincə, hadisənin məktəbin daxilində deyil, qarşısında baş verməsi heç də məktəbin rolunu və məsuliyyətini azaltmır:
“Ümumiyyətlə, təkcə bu deyil, digər çoxsaylı hadisələri də nəzərə alsaq və belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üst qurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır”.
Müsahibimiz valideynin və məktəbin yaranmış vəziyyətdən çıxış yolu tapmasında aciz olmasının artıq bir reallığa çevrildiyi qənaətindədir:
“Çünki məsələ hədəqəsindən çıxıb, cəmiyyətin ümumi məsələsinə, əslində bir növ sosial problemə çevrilib. Virtual aləmə ifrat dərəcədə meylimiz, günümüzün demək olar ki, böyük hissəsini sosial şəbəkələrdə keçirməyimiz bu kimi vəziyyətləri qaçılmaz edib. "İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır" deyimi artıq öz yerini tutub. Biz bu gün belə “əyləncə”lərlə əylənmək məcburiyyətində qalmışıq.
Yeniyetmələrin virtual aləmə ifrat dərəcədə meyl etməsinin, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsinin, sosial platformalardakı yazışmaları və telekanallarda yayımlanan şou xarakterli bayağı evlilik proqramlarının əks təsirinin bu kimi fəsadlara yol açdığını nəzərə almalıydıq. Dünyanın bir çox ölkələrində TikTok platformasına qadağa qoyulub və bu kimi qadağalar davam etməkdədir. Məktəb və valideynin əlindən gələn isə o ola bilər ki, imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər həyata keçirsinlər. Eyni zamanda, uşaqlara və yeniyetmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmağın vacibliyini anlatsınlar”.
Törə Zeynallı