"Hazırlıq qruplarının təşkil edilməsi Azərbaycandan kənarda olan ali məktəblərə axının qarşısını alacaq".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin 2017-ci ilə qədər "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na edilən dəyişikliklərdən danışarkən deyib.
O, bildirib ki, "Təhsil haqqında” qanuna 40-a yaxın dəyişikliklər edilib:
"Dəyişikliklərdən biri də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunması idi. Bir neçə aydan sonra 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi başlayacaq. Hesab edirəm ki, hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var. Həmin hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açılacaq. Ölkədə fəaliyyət göstərən universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində apardığımız araşdırmalardan sonra məlum oldu ki, heç bir iş aparılmır".
Ekspertin fikirincə, prosesin başlanması həm universitetlərin iş rejimini pozacaq, həmdə abituriyentlərdə müəyyən çaşqınlıq yaradacaq:
"Çünki bunun üçün ilk növbədə universitetlərdə baza formalaşdırılmalıdır. Amma bu hələdə həyata keçirilməyib. "Təhsil haqqında" qanuna edilən dəyişikliyə görə, ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaq. Müsabiqənin nəticələri elan olunduqdan sonra, Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır".
Ekspert əlavə edib ki, hazırlıq qruplarının təşkil edilməsi xaricdə reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaq:
"Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq. Çünki tələbələr ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək. Hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələri açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan plan yerlərinə uyğun sayda təşkil olunacaq. Hazırlıq qruplarında müddət müddət 1 ildir və hər kəs orada yalnız 1 dəfə təhsil ala bilər".
Bahar Rüstəmli