Son günlər paytaxtda və bölgələrdə müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olur. Külək nəticəsində ağacların aşması, müxtəlif əşyaların avtomobillərin üzərinə düşməsi və nəqliyyat vasitələrinə ziyan dəyməsi halları baş verir. Belə vəziyyətlərdə avtomobil sahiblərinin dəymiş zərərin qarşılanması ilə bağlı sığorta imkanları da maraq doğurur.
Güclü külək nəticəsində avtomobilə ziyan dəydikdə bu zərər sığorta şirkəti tərəfindən qarşılanırmı?
Mövzu ilə bağlı Redaktor.Az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, güclü külək nəticəsində avtomobilə dəyən ziyanın sığorta tərəfindən qarşılanması birbaşa avtomobilin hansı sığorta növü ilə sığortalanmasından asılıdır:
"İcbari avtomobil sığortası (İSB) bu zərəri qarşılamır. İcbari sığorta yalnız sürücünün yol-nəqliyyat hadisəsi zamanı digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına vurduğu zərəri təmin edir. Küləyin ağacı aşıraraq avtomobili əzməsi, reklam lövhəsinin və ya dam örtüyünün avtomobilin üzərinə düşməsi, yaxud uçan əşyanın şüşəni sındırması kimi hallar yol-nəqliyyat hadisəsi sayılmır və icbari sığorta müqaviləsi üzrə ödəniş verilmir".
Müsahibimiz əlavə etdi ki, bu cür hallarda zərər yalnız könüllü avtomobil sığortası (Kasko) olduqda qarşılanır:
"Kasko müqaviləsində təbii fəlakətlər (güclü külək, tufan, qasırğa və s.) və üçüncü şəxslərin və ya xarici əşyaların təsiri ilə yaranan zərərlər risk kimi daxil edilibsə, sığorta şirkəti təmir xərclərini (müqavilədə nəzərdə tutulan franshiza şərti varsa, o çıxılmaqla) ödəyir. Praktiki baxımdan ödəniş almaq üçün hadisə baş verən kimi sığorta şirkətinə xəbər verilməli, hadisə yerinin foto və video çəkilişi aparılmalı, küləyin əsməsini, ağacın aşmasını və ya konstruksiyanın qopmasını təsdiq edən rəsmi arayış (məsələn, FHN, yerli icra qurumu və ya Hidrometeorologiya Xidməti tərəfindən verilən sənəd) toplanmalıdır. Əgər avtomobildə yalnız icbari sığorta varsa və Kasko yoxdursa, sığorta şirkətindən kompensasiya almaq hüquqi baxımdan mümkün deyil".
Xədicə BAXIŞLI