

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, təklif olunan dəyişikliklərin ərzaq qiymətlərinə təsiri vergi yükünün xarakteri, istehsalın rentabelliyi və bazarda tələb-təklif münasibətləri əsasında qiymətləndirilməlidir.
“Kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisi üzrə tam azadolmasının müvafiq şərtlərlə 90 faizlik güzəştlə əvəz edilməsi nəzərdə tutulur. Hüquqi şəxslərin mənfəət vergisinin 20 faizlik dərəcəsi nəzərə alındıqda, mənfəətin 90 faizinin azad edilməsi vergidən əvvəlki mənfəətə münasibətdə iki faizlik faktiki yük yaradır. Bu, məhsulun maya dəyərinin və ya satış qiymətinin iki faiz artması anlamına gəlmir. Çünki mənfəətdən hesablanan vergi istehsal vahidinə tətbiq olunan vergi ilə eyni qiymət mexanizminə malik deyil. Meyvə, tərəvəz, taxıl və digər bitkiçilik məhsullarında bahalaşma ehtimalı yalnız əlavə vergi öhdəliklərinin istehsal və təklif qərarlarına təsiri kontekstində qiymətləndirilə bilər. Məhsuldarlıq, mövsümilik, saxlama imkanları və idxal rəqabəti burada daha mühüm qiymət amilləridir. Üstəlik, ƏDV, sadələşdirilmiş vergi və istehsalda istifadə olunan əmlak üzrə güzəştlərin davam etdirilməsi əlavə qiymət təzyiqini məhdudlaşdırır. Bu səbəbdən dəyişikliklərin konkret məhsullar üzrə qaçılmaz bahalaşma yaradacağını söyləmək üçün əsas yoxdur”.
“Kökəltmə məqsədilə idxal olunan heyvanların ƏDV-dən azad edilməsi idxal əməliyyatlarının maliyyələşdirilməsi yükünü yüngülləşdirə, təsərrüfatların heyvan tədarükünü və istehsal güclərini artırmağa stimul verə bilər. Burada mühüm fərq ondan ibarətdir ki, ƏDV güzəştinin təsiri idxalçının vergi statusundan və həmin verginin əvəzləşdirilməsi imkanından asılıdır. Buna görə güzəştin bütün təsərrüfatlarda maya dəyərini eyni həcmdə azaltması gözlənilmir. Bununla belə, daxili bazarda ət təklifinin artması, digər şərtlər sabit qaldıqda, qiymətlərin aşağı düşməsinə və ya artım tempinin zəifləməsinə şərait yarada bilər. Qoyun və quzu əti üzrə analoji təsir güzəştin həmin heyvanları əhatə etməsindən asılıdır. Digər kənd təsərrüfatı məhsullarında mövcud ƏDV güzəştlərinin uzadılması isə birbaşa ucuzlaşmadan daha çox, qiymət sabitliyinin qorunmasına xidmət edir.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: