Xəbər lenti
Reklam
"Şəhər infrastrukturu o qədər yanlış qurulub ki, tıxaclarda qalırıq"

Azərbaycanda hava çirkliliyi son illər ekoloji problemlər sırasında aktuallığını qoruyur. Xüsusilə avtomobillərin sayının artması, sənaye müəssisələrinin fəaliyyəti və atmosferə atılan zərərli tullantılar bəzi ərazilərdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bakı, Sumqayıt və sənaye obyektlərinin sıx yerləşdiyi digər bölgələrdə bu problem əhalinin sağlamlığı ilə bağlı narahatlıqları da artırır.
Bəs Azərbaycanda havanı ən çox çirkləndirən amillər hansılardır, mövcud vəziyyət hansı xəstəliklərə yol aça bilər və atmosferin təmizlənməsi üçün hansı addımlar atılmalıdır?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda hava çirkliliyi, kritik həddə deyil.
Onun sözlərinə görə, bu, o demək deyil ki, çirklənmə yoxdur, hava çirklənmir:
"Xüsusilə dağ-mədən sənayesində hava və torpaq çirklənməsi məsələsi var. Torpağın, suyun çirklənməsi nəticəsində, qızıl mədənlərində zəhərli maddələrdən istifadə olunur. Bu məsələdə diqqətli olmaq lazımdır. Torpağın və suyun çirklənməsinin qarşısı mütləq alınmalıdır. Bizdə ağır sənaye, kimya sənayesi və metallurgiya o qədər inkişaf etməyib ki, Azərbaycan havanın çirklənməsində ciddi rol oynasın. Biz kiçik ölkəyik. Təbii ki, dünyanın bir parçası olaraq, dünyada baş verən iqlim dəyişiklikləri və hava çirkliliyi atmosfer sirkulyasiyası nəticəsində bizə də təsir edir. Yəni birbaşa özümüzdən qaynaqlanmasa da, kənar təsirlər, təəssüf ki, var. Avtomobil və digər nəqliyyat vasitələri vasitəsilə havanın çirklənməsi o qədər də çox deyil. Bu, Bakı və Sumqayıt şəhərlərinə aiddir. Yəni nəqliyyat vasitələri havanı o qədər də çirkləndirmir. Çünki Azərbaycanda bizim gözümüzə görünən mənzərə var. Bakı o qədər kiçik şəhərdir ki, dünyanın böyük şəhərləri ilə müqayisədə kifayət qədər balacadır. Şəhər infrastrukturu o qədər yanlış qurulub ki, tıxaclarda qalırıq və hər yerdə avtomobillərin çox olduğunu görürük. Bizə elə gəlir ki, dünyada ən çox avtomobil olan region Bakıdır. Amma bu, belə deyil.
Təəssüf ki, bizim yol və nəqliyyat infrastrukturu düzgün qurulmayıb. Bir də daxili miqrasiyanın düzgün tənzimlənməməsi səbəbindən Bakıda daha çox əhali cəmləşib. Qeyri-rəsmi məlumatlara görə, ölkə əhalisinin yarısı Bakı şəhərində yaşayır və bu da demoqrafik böhran deməkdir. Bu, çox ciddi problemdir. Bu vəziyyət həm hava çirkliliyi, həm də insanların əsəbləri baxımından mənfi nəticələr yaradır. Tıxaclarda qalmaq, metroda sıxlıq, yollarımızın düzgün olmaması, bir az yağış yağan kimi yolların gölməçəyə çevrilməsi insanların gündəlik həyatına təsir edir.
Məsələn, bununla bağlı yeganə çıxış yolu kimi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək sürücülərin cəzalandırılması təklif olunur. Yəni sürücü suyu sıçradıb vətəndaşı isladarsa, cəzalandırılmalıdır. Əlbəttə, bu da müəyyən mənada başadüşüləndir. Amma niyə bizim müasir dünyanın istifadə etdiyi süngər asfaltımız yoxdur? Niyə yol və kanalizasiya infrastrukturu düzgün qurulmayıb ki, yağan yağış nəticəsində gölməçələr yaranmasın? Bütün bunlar ilk növbədə insan sağlamlığına, psixoloji vəziyyətinə təsir edir. Həm sürücülərin, həm də adi vətəndaşların əsəbləri pozulur. Gündəlik həyatda insanların üzündə təbəssüm yoxdursa, bu da sağlamlıq baxımından ciddi problemdir. İnsanlar hava çirkliliyi nəticəsində deyil, sinir və əsəb sistemi ilə bağlı problemlər səbəbindən daha çox həyatlarını itirirlər.
Təəssüf ki, bunlar günümüzün reallıqlarıdır və əsasən Bakı şəhərinə aiddir. Sumqayıt da Bakıdan sonra sıxlığın müşahidə olunduğu ərazilərdəndir. Məsələn, Abşeron rayonunun Xırdalan şəhəri özlüyündə bir katastrofdur. Burada söhbət hava çirkliliyindən yox, insanların əsəb və sinir sisteminin pozulması nəticəsində həyat keyfiyyətinin aşağı düşməsindən gedir. Rayon rəhbərləri zaman-zaman torpaq sataraq, qeyri-qanuni yollarla pul qazanıblar. Nəticədə belə qəribə şəhər formaları yaranıb. Dünyanın heç yerində belə şəhərlər yoxdur. Bu mənzərə, olsa-olsa, Banqladeş və Hindistanın əhalinin sıx yaşadığı bəzi dar regionlarını xatırladır. Bizim ərazimiz kifayət qədər genişdir. Təəssüf ki, əhalimizin böyük hissəsini Bakı və Abşeron yarımadasına toplayaraq burada məhv edirik.
Nəqliyyatdan qaynaqlanan çirklənmə ən çox Bakı şəhərindədir. Bunun qarşısını almaq üçün də yollar var. Əgər nəqliyyat vasitələri sizin dediyiniz səviyyədə ölkəmizin havasını zəhərləyirsə, həmin nəqliyyat vasitələrinin regionlara paylanması lazımdır. Bu isə regionlar inkişaf etdikcə mümkün olacaq. Əhali regionlara axın edəcək, hər kəs öz rayonuna qayıdacaq və ya işinə uyğun olaraq başqa rayonlara gedib orada işləyəcək. Beləliklə, Bakı şəhəri nəfəs almağa, havanın təmizlənməsinə imkan tapacaq.
Bunun üçün də çox böyük proqramlara ehtiyac yoxdur. Regionlarda rüşvət halları aradan qaldırılmalı, məmurlar düzgün çalışmalı, sənaye müəssisələri və iş yerləri yaradılmalıdır. Eləcə də Qarabağ ərazisində, Zəngəzurda və işğaldan azad olunmuş digər ərazilərimizdə iş yerləri açıldıqca insanlar təbii olaraq həmin bölgələrə üz tutacaqlar. Nəticədə gözümüzün qabağında boğulan Bakı şəhəri nəfəs almağa başlayacaq. Paytaxt və sənaye şəhəri olaraq burada əhalinin lazımi səviyyədə məskunlaşması təmin ediləcək.
Bütün bunları aradan qaldırmaq üçün, ciddi proqramlara ehtiyac yoxdur.
Bakı və Sumqayıt şəhərləri daha çox sənaye şəhərləri hesab olunduğuna görə burada sənaye müəssisələri var. Amma Bakıda əvvəlki dövrlərdə olduğu kimi zəhərli hava buraxan, sovet dövründən qalma kimya müəssisələri artıq yoxdur. Müasir texnologiyalarla çalışan müəssisələrimiz var. Ümid edirəm ki, onlar da bu məsələni hər zaman diqqətdə saxlayırlar. Çünki Azərbaycan hökumətinin ekologiyanın və ətraf mühitin qorunması, yaşıl enerjidən istifadə ilə bağlı gördüyü işlər göstərir ki, dövlətin özünün də marağındadır ki, torpaqlar təmiz olsun, çirklənmə və hava çirkliliyi olmasın.
Amma burada əsas diqqət yetirilməli məqamlardan biri torpağın çirklənməsidir. Təəssüf ki, bu problemə heç də hər zaman lazımi diqqət ayrılmır. Bakı və Abşeron yarımadasında torpaq uzun illər ərzində o dərəcədə çirklənib ki, həmin ərazilərin radiasiyadan təmizlənməsi prosesi hələ də tam başa çatmayıb.
İstər Ağ Şəhər ərazisində, istərsə də Bakının Keşlə və digər bölgələrində, Zığ ərazisində neft tullantıları nəticəsində ciddi çirklənmə var. Bu çirkliliyi aradan qaldırmaq üçün mühüm və ciddi proqramlar həyata keçirilməlidir. Torpaq yuyulmalı, təmizlənməlidir.
Böyükşor gölü və Abşeron yarımadasındakı bir çox digər göllərdə təmizlənmə işləri aparılması nəzərdə tutulur. Bu işlər Avropa İnkişaf Bankının vəsaiti hesabına həyata keçiriləcək. Bu nə deməkdir? XIX əsrdən qalma, yüz ildən artıq müddətdə həmin göllərdə toplanmış çirklənmənin aradan qaldırılması, suların təmizlənməsi, canlıların həyatının xilas edilməsi və həmin ərazilərdə yeni canlıların, balıqların, həşəratların məskunlaşması üçün şərait yaradılması deməkdir. Bunlar təmizlənməlidir. Həm torpaq, həm də göllər bu ərazilərdə təmizlənməlidir. Buna diqqət yetirilərsə, qalan məsələlər də düzələr. Amma torpağın təmizlənməsi çox ciddi məsələdir və bu proses uzun müddət tələb edir".

Tarix: 11 noyabr 2026
Baxış: 17

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş