
Bakıda Bolt taksi sürücüsünün ana və uşağı təyinat yerinə çatdırmadan yarı yolda düşürdüyü bildirilir.
Gender.az bildirir ki, hadisə ilə bağlı Ajans.az Bolt şirkətinə müraciət edilib.
Şirkətdən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, konkret hadisə ilə bağlı məlumat əldə etmək və araşdırmanın vəziyyətini dəqiqləşdirmək üçün sərnişinin dəstək xidmətinə müraciət edib-etmədiyi və səfər məlumatları yoxlanılmalıdır.
Qeyd olunub ki, sərnişin artıq şikayət ünvanlayıbsa, müraciətin müəyyənləşdirilməsi və araşdırmanın statusunun yoxlanılması üçün səfərin tarixi, saatı və varsa, müraciət nömrəsi təqdim edilməlidir. Sərnişin hələ müraciət etməyibsə, tətbiqdə müvafiq səfəri seçərək dəstək komandası ilə əlaqə saxlaya bilər.
Şirkət, həmçinin sürücülərin öhdəliklərinə aydınlıq gətirib. Bildirilib ki, sürücü sifarişi qəbul etdikdən sonra sərnişini sifarişdə göstərilən təyinat ünvanına çatdırmalıdır. Əsaslı səbəb olmadan ünvana getməkdən imtina etmək və sərnişini yolun ortasında düşürmək platforma qaydalarına uyğun deyil.
Bolt-un açıqlamasına görə, araşdırma zamanı sürücünün platformadakı fəaliyyət tarixçəsi də nəzərdən keçirilir. Qayda pozuntusu təsdiqlənərsə, platforma qaydalarına uyğun müvafiq tədbirlər görülə bilər.