Xəbər lenti
Reklam
Turizmin mərkəzi olan Antalya COP31-ə ev sahibliyi edir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Türkiyənin Antalya şəhərində keçirilir. Noyabrın 9-da başlayan və noyabrın 20-dək davam edəcək sammitdə iqlim dəyişikliyi ilə mübarizə, enerji keçidi, iqlim maliyyələşməsi, ərzaq təhlükəsizliyi, süni intellekt və dayanıqlı turizm daxil olmaqla, 12 əsas istiqamət üzrə müzakirələr aparılır.
Gender.az xəbər verir ki, COP31 Türkiyənin ilk dəfə sədrliyi və ev sahibliyi etdiyi bu formatda mühüm beynəlxalq tədbirdir. Konfransın gündəliyində ümumilikdə 100-ə yaxın mövzunun yer aldığı bildirilir.
Tədbir çərçivəsində 200-ə yaxın ölkədən dövlət və hökumət nümayəndələri, siyasətçilər, biznes dairələrinin təmsilçiləri, tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri Antalya EXPO Mərkəzində bir araya gəlirlər.

COP31-in əsas hədəfi iqlim öhdəliklərini real addımlara çevirməkdir

COP hər il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində təşkil olunan və qlobal iqlim problemlərinin həlli üçün beynəlxalq əməkdaşlığın müzakirə edildiyi əsas platformadır.
Türkiyə COP31-ə ev sahibliyi etmək mandatını Braziliyada keçirilən COP30 zamanı aparılan danışıqların nəticəsində əldə edib. Konfransın ölkədə təşkili Türkiyənin beynəlxalq iqlim diplomatiyasındakı rolunun genişləndirilməsi ilə yanaşı, onun beynəlxalq görüşlər, konfranslar və sərgilər (MICE) mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Türkiyənin “Gələcəyin COP-u” konsepsiyası əsasında formalaşdırılan sammitin əsas məqsədi əvvəlki illərdə iqlim sahəsində verilmiş vədlərin konkret tədbirlərə və nəticələrə çevrilməsidir.
Konfrans çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, texniki sessiyalar və ekspert müzakirələri iqlim böhranının həlli yollarının müəyyənləşdirilməsinə, yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına və mövcud öhdəliklərin icrasının sürətləndirilməsinə yönəlib.

COP31-in gündəliyində 12 əsas istiqamət var

Türkiyənin COP31 Sədrliyinin açıqladığı proqrama əsasən, sammitin hər günü iqlim gündəliyinin müəyyən istiqamətinə həsr olunur. Tematik Günlər müxtəlif sahələrdə iqlim tədbirlərinin sürətləndirilməsini və konkret nəticələrin əldə edilməsini hədəfləyir.
Proqram enerji keçidindən dayanıqlı maliyyələşməyə, şəhərsalma və dövri iqtisadiyyatdan təbiət əsaslı həllərə, texnoloji innovasiyalardan sosial inkişafa qədər geniş mövzuları əhatə edir.
Noyabrın 9-da “Ərzaq, Kənd Təsərrüfatı və Sağlamlıq” mövzusu ilə başlayan proqramın növbəti mərhələsində enerji təhlükəsizliyi, elektrikləşmə və elektrik şəbəkəsi infrastrukturu məsələləri “Enerji və Nəqliyyat” istiqamətində müzakirə olunur.
Sammitin gündəliyində yer alan əsas tematik istiqamətlər bunlardır:
  • Ərzaq, kənd təsərrüfatı və sağlamlıq;
  • Enerji və nəqliyyat;
  • Sıfır tullantı;
  • Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit;
  • Maliyyə və ticarət;
  • Uşaqlar, gənclər, təhsil və bacarıqlar;
  • Elm, sənaye və texnologiya;
  • Okeanlar, dənizlər, təbiət və torpaqdan istifadə;
  • İnsan və sosial inkişaf, gender bərabərliyi;
  • İqlim fəaliyyətinin digər sahələrdə sürətləndirilməsi və “İmece” təşəbbüsləri.
Tematik günlər çərçivəsində nazirlər səviyyəsində dialoqlar, ekspert panelləri, biznes forumları, texniki seminarlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə sessiyalar keçirilir.

Dünya liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub

COP31-in əsas yüksək səviyyəli tədbirlərindən biri Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitidir. Noyabrın 11–12-də keçirilən liderlər görüşündə dövlət və hökumət başçıları bir araya gəlirlər.
Sammitin məqsədi iqlim dəyişikliyi ilə mübarizədə siyasi iradəni gücləndirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və ölkələrin götürdüyü öhdəliklərin icrasını sürətləndirməkdir.
İki gün davam edən liderlər forumunun ilk günü “Sıfır Tullantı”, ikinci günü isə “Dayanıqlı Şəhərlər və Tikilmiş Ətraf Mühit” mövzusuna həsr olunub.
Növbəti tematik günlərdə maliyyə və ticarət, gənclər və təhsil, elm və texnologiya, təbiət və torpaqdan istifadə, sosial inkişaf və gender bərabərliyi məsələləri müzakirə edilir. Sammitin son günü isə yekun danışıqlara ayrılıb.

COP31-də dayanıqlı turizm də diqqət mərkəzindədir

Türkiyə COP31 çərçivəsində qlobal iqlim diplomatiyasındakı rolunu nümayiş etdirməklə yanaşı, dayanıqlı turizm sahəsində həyata keçirdiyi təşəbbüsləri və innovativ layihələri də beynəlxalq auditoriyaya təqdim edir.
Bu məqsədlə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Turizmi Təşviq və İnkişaf Agentliyi (TGA) “İnsan və Sosial İnkişaf, Gender Bərabərliyi” Tematik Günü çərçivəsində birgə tədbirlər təşkil edir.
Noyabrın 18-də Mavi zonada “Turizmdə iqlim həlləri: aşağı karbon emissiyası, sıfır tullantı və iqlimə davamlı turizm istiqamətləri” mövzusunda sessiyanın keçirilməsi nəzərdə tutulub.
Tədbirin Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və BMT-nin Turizm Təşkilatının icraçı direktoru Şijun Liu-nun açılış çıxışları ilə başlaması planlaşdırılır.
Paneldə Türkiyənin milli dayanıqlı turizm modeli, eləcə də Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) ilə əməkdaşlıq sazişi əsasında hazırlanan Türkiyə Ətraf Mühit və Mədəni Davamlılıq Proqramının ölkə üzrə tətbiqi təqdim olunacaq.
Bununla yanaşı, Yaşıl zonada beynəlxalq ekspertlərin iştirakı ilə dörd tematik panel təşkil ediləcək. Müzakirələr milli səviyyədə transformasiya, dayanıqlı turizm investisiyaları, mədəni irs və qastronomiyanın davamlılığı, eləcə də turizmin inkişafı üçün sektorlararası əməkdaşlıq imkanlarını əhatə edəcək.
COP31 çərçivəsində turizmin iqlim dəyişikliklərinə davamlılığının artırılması, aşağı karbon emissiyalı fəaliyyət modellərinin təşviqi və ətraf mühitə təsirin azaldılması məsələləri də diqqət mərkəzində saxlanılır.
Beləliklə, Antalya sammiti yalnız iqlim öhdəliklərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, eyni zamanda enerji, maliyyə, şəhərsalma, texnologiya və turizm kimi müxtəlif sahələrdə dayanıqlı inkişaf təşəbbüslərinin təqdim edildiyi genişmiqyaslı tədbir kimi çıxış edir.

Mətanət İmanquliyeva,
Gender.az
Tarix: 11 noyabr 2026
Baxış: 98

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş