Xəbər lenti
Reklam
İKİ SAATLIQ MÜSTƏQİLLİK NAMİNƏ: 350 CAN, BİR VƏTƏN, BİR BORC!

Tariximizin elə səhifələri var ki, onları oxuduqca həm qürur duyur, həm də özümüzə sual verməyə məcbur oluruq: necə olur ki, Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanları bu qədər tez unuda bilirik? Necə olur ki, xalqın taleyinin həll olunduğu, müstəqil dövlətimizin müdafiəsi naminə yüzlərlə insanın ölümün gözünə dik baxdığı bir hadisə milli yaddaşımızda layiqli yerini tuta bilmir?

Yalama döyüşü Azərbaycan tarixinin məhz belə unudulmağa haqqı olmayan səhifələrindəndir. Bu, sadəcə, hərbi toqquşma deyil. Bu, Azərbaycan dövlətçiliyinin, milli iradənin, Vətənə sədaqətin və müstəqillik uğrunda son nəfəsədək mübarizənin tarixidir.

1920-ci il aprelin 27-də, gecə saat 00:05-də XI Qırmızı Ordunun zirehli qatarı və hərbi qüvvələri Samur çayı üzərindəki körpünü keçərək Azərbaycan sərhədini aşdı. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ağır təhlükə ilə üzləşdi. Cəmi 23 ay yaşamış gənc respublikanın taleyi həll olunurdu. Şimaldan irəliləyən böyük hərbi qüvvənin qarşısında Azərbaycanın müstəqilliyini qorumaq üçün müqavimət göstərənlər var idi.

Yalama istiqamətində baş verən döyüşdə mənbələrdə 350 nəfərlik Azərbaycan hərbi qüvvəsi kimi göstərilən Quba alayının Yalama qarnizonu qat-qat üstün düşmənlə üz-üzə qaldı. XI Qırmızı Ordunun sayı barədə mənbələrdə fərqli rəqəmlər mövcuddur. Geniş yayılmış məlumatlarda 70 min nəfər göstərilir. Yalamadakı Azərbaycan qüvvələrinin dəqiq sayı ilə bağlı da tarixçilər arasında fikir ayrılığı var. Bununla belə, döyüşün qeyri-bərabər qüvvələr arasında baş verdiyi və Azərbaycan əsgərlərinin müqavimət göstərdiyi mübahisə doğurmur.

Ağaəli Babazadənin rəhbərliyi altında Azərbaycan əsgərləri sonadək müqavimət göstərdilər. 

Deyilənə görə, həmin əsgərlərdən birinə ölüm təhlükəsini bildiyi halda niyə döyüşə getdiyi barədə sual verilir. Cavabı isə Azərbaycan dövlətçilik tarixinin ən təsirli ifadələrindən biri kimi yadda qalır:

«Heç olmasa, müstəqilliyimizin ömrünü iki saat uzadaq!»

İki saat!

Döyüş cəmi iki saat davam etdi. İki saat! Bəzən tarixdə elə qısa zaman kəsikləri olur ki, onların mənası bütöv bir dövrə, bir xalqın taleyinə bərabər olur. Yalama döyüşünün iki saatı da Azərbaycan müstəqilliyinin müdafiəsi naminə göstərilən misilsiz fədakarlığın rəmzinə çevrildi. Geniş yayılmış tarixi məlumatlara görə, 350 Cümhuriyyət əsgəri bu döyüşdə şəhid oldu. Onların müqaviməti müstəqil dövlətin ömrünü heç olmasa iki saat uzatmaq naminə göstərilən fədakarlıq kimi yadda qaldı.

Bu 350 nəfər bilirdi ki, qarşılarında sayca və silah baxımından üstün olan böyük bir ordu dayanıb. Onlar üçün geri çəkilmək, bəlkə də, sağ qalmaq demək idi. Amma Vətəni müdafiə etmək onların gözündə şəxsi həyatlarından, öz talelərindən daha üstün idi. Onlar müstəqil Azərbaycan naminə döyüşdülər. Bu gün həmin müqavimətin tarixdəki yerini müəyyənləşdirən də məhz budur: sayca az idilər, amma iradələri, Vətən sevgiləri və dövlətə sədaqətləri böyük idi.

Yalama faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Çünki burada söhbət yalnız yüzlərlə insanın həyatını itirməsindən getmir. Söhbət yenicə qurulmuş müstəqil dövlətin müdafiəsinə qalxan, azadlığın itirilməsinə razı olmayan insanların taleyindən gedir. Onların müqaviməti Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan əvvəl göstərilən son böyük fədakarlıqlardan biri kimi yaddaşımızda yaşamalıdır.

Bəs bu gün biz həmin qəhrəmanlar haqqında nə qədər məlumatlıyıq? Onların adlarını tanıyırıqmı? Həyat hekayələrini, hansı ailələrdən çıxdıqlarını, hansı arzularla yaşadıqlarını bilirikmi? Yalama döyüşündə həlak olan 350 əsgərin neçəsinin adını çəkə bilərik? Onların xatirəsini nə qədər yaşadırıq? Bu suallara ürəklə, vicdanla cavab verə bilirikmi?

Cəmiyyətimizdə əsrlər əvvəl baş vermiş Kərbəla faciəsi yaddaşda və ictimai həyatda geniş yer tutduğu halda, cəmi bir əsr əvvəl öz torpağımızda yaşanmış Yalama faciəsi niyə bu qədər az tanınır? Kərbəla haqqında danışan, onun tarixi ilə bağlı məlumatlı olan nə qədər insan var. Bəs öz müstəqilliyimiz uğrunda canından keçmiş 350 azərbaycanlı əsgər haqqında neçə nəfər məlumatlıdır? Niyə öz tariximizin bu qanlı və şərəfli səhifəsi eyni diqqəti görmür? Niyə öz şəhidlərimizin adlarını yaşatmaq, onların qəhrəmanlığını tanıtmaq məsələsində bu qədər laqeyd davranırıq?

Bu müqayisə Kərbəla faciəsini düşünməyə, onu yad etməyə çağırış deyil. Məsələ dini inancı və ya hər hansı tarixi faciəyə ehtiramı müzakirəyə çıxarmaq da deyil. Söhbət öz milli tariximizə münasibətdən, öz qəhrəmanlarımızı tanımaq və onlara sahib çıxmaq məsuliyyətindən gedir. Başqa bir faciənin cəmiyyətin yaddaşında yaşaması öz tariximizin unudulmasına səbəb olmamalıdır. Başqasının qəhrəmanına göstərilən ehtiram öz qəhrəmanımızı tanımaqdan üstün tutulmamalıdır. Özümüzə aid olanı unutduğumuz halda milli yaddaşımızın bütövlüyündən necə danışa bilərik?

Niyə öz torpağımızda baş vermiş, öz xalqımızın taleyinə təsir göstərmiş, müstəqil dövlətimizin müdafiəsi ilə bağlı olan bir faciəni bu qədər az xatırlayırıq? Niyə Yalama döyüşü haqqında geniş ictimai müzakirələr aparılmır? Niyə bu hadisənin qəhrəmanları haqqında filmlər çəkilmir, kitablar yazılmır, onların adları və həyat hekayələri araşdırılaraq gələcək nəsillərə çatdırılmır? Niyə məktəblilərimiz, gənclərimiz bu qəhrəmanlıq salnaməsini daha dərindən öyrənmirlər? Məgər öz tariximizin qəhrəmanlarını tanıtmaq üçün mütləq kimsə bizə xatırlatmalıdır?

Milli yaddaş seçmə yaddaş olmamalıdır. Xalq öz tarixinin yalnız müəyyən səhifələrini deyil, bütün ağrılı və şərəfli məqamlarını bilməlidir. Müstəqilliyimizin necə qazanıldığını, hansı çətinliklərdən keçdiyini, hansı fədakarlıqlar bahasına qorunmağa çalışıldığını dərk etməlidir. Çünki dövlətçilik yalnız siyasi sənədlər, sərhədlər və rəsmi tarixlərdən ibarət deyil. Dövlətçilik həm də o dövlətin varlığı naminə həyatını qurban verən insanların xatirəsi üzərində ucalır.

Azərbaycançılıq milli kimliyimizi, dövlətçiliyimizi, tariximizi və torpağımıza bağlılığımızı birləşdirən dəyərdir. Azərbaycanlı olmaq yalnız bu torpaqda yaşamaq, bu ölkənin vətəndaşı olmaq deyil. Azərbaycanlı olmaq həm də öz tarixini tanımaq, öz qəhrəmanlarını bilmək, öz torpağının taleyinə biganə qalmamaqdır. Vətənpərvərlik yalnız bayraq qarşısında kövrəlmək, dövlət himnini dinləyərkən qürurlanmaq və yüksək səslə Vətən sevgisindən danışmaq deyil. Vətənpərvərlik öz tarixini öyrənmək, milli qəhrəmanlarına sahib çıxmaq, onların fədakarlığını unutmamaq və dövlətinin müstəqilliyini qorumaq məsuliyyətini dərk etməkdir.

Bəs biz bu məsuliyyəti nə dərəcədə yerinə yetiririk? Vətən sevgisindən danışarkən onun azadlığı uğrunda canından keçənləri xatırlayırıqmı? Milli dəyərlərdən söz açarkən milli yaddaşımızın unudulmuş səhifələrinə nəzər salırıqmı? Azərbaycançılıqdan danışarkən bu ideyanın təməlində dayanan dövlətçilik mübarizəsini, müstəqillik uğrunda verilən qurbanları nə qədər tanıyırıq? Bu sualların cavabı yalnız sözlərimizdə deyil, gördüyümüz işlərdə olmalıdır.

Bu gün müstəqil Azərbaycanın vətəndaşları olaraq Yalama döyüşünün qəhrəmanlarına münasibətimiz yalnız tarixi hadisəni xatırlamaqla məhdudlaşmamalıdır. Onların adları müəyyənləşdirilməli, həyatları və döyüş yolu araşdırılmalı, tarixi sənədlər üzə çıxarılmalıdır. Yalama müdafiəçilərinin qəhrəmanlığı haqqında geniş tədqiqatlar aparılmalı, kitablar yazılmalı, sənədli və bədii filmlər çəkilməlidir. Bu hadisə məktəb dərsliklərində, universitet auditoriyalarında, televiziya və radio proqramlarında daha geniş yer almalıdır.

Aprelin 27-si yalnız Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bağlı tarix kimi deyil, həm də müstəqilliyin müdafiəsi uğrunda canından keçən insanların xatirəsinin yad edildiyi gün kimi yaddaşımıza həkk olunmalıdır. Yalama döyüşü yeni nəsillərə çatdırılmalı, 350 əsgərin göstərdiyi müqavimət milli qürur və vətənpərvərlik nümunəsi kimi təbliğ edilməlidir. Onların adları tarix kitablarının bir neçə sətrində qalmamalı, xalqın yaddaşında yaşamalıdır.

Çünki tarixini unudan xalq gələcəyini də möhkəm təməllər üzərində qura bilməz. Öz qəhrəmanlarını tanımayan, onların fədakarlığını dəyərləndirməyən cəmiyyət milli yaddaşının mühüm bir hissəsini itirir. Biz bu itkini adi bir unutqanlıq kimi qəbul etməməliyik. Söhbət müstəqil dövlətimizin tarixindən, bu dövlətin varlığı uğrunda canından keçən insanlardan gedir. Onların qəhrəmanlığına biganə qalmaq təkcə keçmişə deyil, gələcək nəsillərin tarixi yaddaşına qarşı da məsuliyyətsizlikdir.

350 azərbaycanlı əsgər iki saatlıq müqavimətlə tarixə adını yazdı. Onların hər biri bir ailənin övladı, bir ananın ümidi, bir xalqın gələcəyi idi. Onlar Azərbaycan müstəqil qalsın deyə döyüşdülər. Bu gün isə həmin müstəqil Azərbaycanın vətəndaşları olaraq bizim üzərimizə düşən vəzifə onların qəhrəmanlığını tanımaq, adlarını yaşatmaq və fədakarlıqlarını gələcək nəsillərə çatdırmaqdır.

Onlar Vətəni qorumaq üçün ölümün üzərinə getdilər. Biz isə onların adını unutmağa haqqımız olmadığını anlamalıyıq!

Çünki Vətən yalnız uğrunda can verilən torpaq deyil. Vətən həm də uğrunda can verilən dəyərləri unutmamaqdır!

✍🏻 Rübabə Səməndər,

    Gender.az
Tarix: 04 noyabr 2026
Baxış: 96

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş