Xəbər lenti
Reklam
Oğlunun həbsindən sonra deputat Arzuxan Əlizadədən İLK AÇIQLAMA

Ombudsman təsisatına vətəndaşların müraciətlərinin artması bu quruma olan etimadın göstəricisidir və son illərdə institutun ölkə daxilində nüfuzu, eləcə də beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.
Gender.Az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə komitənin bugünkü iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Ombudsman vəzifəsi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca mühüm təsisatdır. Onun sözlərinə görə, vətəndaşların insan hüquq və azadlıqları ilə bağlı müraciət etdikləri bu qurum daim diqqət mərkəzindədir.
A.Əlizadə qeyd edib ki, Ombudsman təsisatının əhəmiyyəti son illərdə xüsusilə artıb. O bildirib ki, son iki-üç ildə parlamentə təqdim olunan hesabatlar vətəndaşların bu quruma müraciətlərinin sayında artım olduğunu göstərir.
“Bu da bu təsisata olan etimadın göstəricisidir, birmənalı olaraq”, – deputat vurğulayıb.
A.Əlizadə Prezident tərəfindən təqdim olunan bütün namizədlərin Ombudsman təsisatına rəhbərlik etməyə layiq olduğunu bildirib. O qeyd edib ki, namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olub və onların hamısı hüquq sahəsində böyük təcrübəyə malikdir.
Bununla belə, deputat öz mövqeyini açıqlayaraq Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyini bildirib. O, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanış olduğunu və bu baxımdan onun işini qiymətləndirmək imkanına malik olduğunu deyib.
Deputat xatırladıb ki, Ombudsman Aparatına rəhbərlik etdiyi dövrdə Səbinə Əliyeva ilə beynəlxalq tədbirlərdən birinə səfər çərçivəsində birgə iştirak edib. Onun sözlərinə görə, həm ölkə daxilində Ombudsman Aparatına müraciət edən vətəndaşların məmnunluğu, həm də institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər təsisatın mövqeyinin güclənməsinə səbəb olub.
“Son illərdə insanların etimadı baxımından təsisatın çəkisi kifayət qədər artıb”, – A.Əlizadə bildirib.
Deputat digər namizədlərin də onun bu mövqeyini anlayışla qarşılayacağına ümid etdiyini qeyd edərək Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyini əvvəlcədən bəyan edib. O, bütün namizədlərə uğurlar arzulayıb, Səbinə Əliyevanın yenidən seçiləcəyi təqdirdə gələcək fəaliyyətində də ona uğurlar diləyib.
Qeyd edək ki, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə Bakıda bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadəyə bir sıra maddələrlə ittiham irəli sürülüb.

Tarix: 30 oktyabr 2026
Baxış: 34

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş