Xəbər lenti
Reklam
Narkotik istifadəçilərinin yarısında bu problem əvvəlcədən olur – Professor AÇIQLADI

"Narkotik vasitələr dar çərçivədə olan kimyəvi maddələrdir ki, onlara hüquqi baxımdan narkotik vasitə deyilir və onların sui-istifadəsi asılılıq yaradır. Yəni insanlar arasında, cəmiyyətdə belə insanlara narkoman deyirlər, amma tibbdə belə bir diaqnoz yoxdur. Tibbdə psixoaktiv maddə var və psixoaktiv maddələrə hüquqi baxımdan narkotik vasitələr daxildir. Bunlar asılılıq yaratdığına görə insanın psixikasına təsir edən psixoaktiv maddə kimi qiymətləndirilir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor, psixiatr, narkoloq Araz Əliquliyev narkotik vasitələrə asılılıqdan, asılılığın necə yarandığından və həll yollarından danışarkən bildirdi. 
Həmsöhbətimiz vurğuladı ki, narkotik vasitələrin, ümumiyyətlə güclü təsiredici maddələrin də, psixotrop maddələrin də qanunsuz dövriyyəsinə qarşı mübarizə gedir:
"Dünyada, Azərbaycan da daxil olmaqla, iki böyük strategiya var: təklifin və tələbatın azaldılması. Təklifin azaldılması həmin o qanunsuz dövriyyəyə qarşı mübarizədir ki, qanunsuz dövriyyədə olan psixoaktiv maddələrin qara bazara daxil olması minimuma ensin. Burada Gömrük Xidməti, Sərhəd Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi hərəsi öz səlahiyyətləri çərçivəsində mübarizə aparır.
Tələbatın azaldılması isə daha çox tibbi-sosial, maarifləndirmə işlərinə aiddir. Bu, psixoaktiv maddələrin alınmasına yönələn insanların sayının azaldılmasıdır. Burada sırf təbliğatdan yox, ümumiyyətlə cəmiyyətdə psixoloji ab-havadan, uşaqlar arasında tərbiyə, təlim-tərbiyə işindən, yəni bir vətəndaşın yetişdirilməsindən söhbət gedir. Eyni zamanda ailənin, məktəbin, dövlət və qeyri-hökumət təşkilatlarının rolundan söhbət gedir".
Həkimin sözlərinə görə, uşaqların təlim-tərbiyə işləri elə aparılmalıdır ki, uşaq şəxsiyyət kimi özünü tanıya, ailəsini və vətənini sevə bilsin:
"Amma hər ölkənin özünün xüsusiyyətləri var. Məsələn, bizdə də daha çox üstünlük hüquq-mühafizə tədbirlərinə verilir. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və s. bu işlərlə məşğul olur. Bu səbəbdən cəmiyyətdə istifadəçilər haqqında söhbət gedəndə onları xəstə kimi yox, cinayətkar kimi qəbul edirik".
Müsahibimiz həll yollarından da danışdı:
"Xəstəliyi müalicə etmək qat-qat bahadır, nəinki onun qarşısını almaq və profilaktik tədbirlər aparmaq. Geniş mənada Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, ictimai və qeyri-hökumət təşkilatları hamısı bu işə cəlb olunmalıdır. Valideynlər, məktəb kollektivləri, psixoloqlar bu məsələyə cəlb edilməlidir. Bu və digər təşkilatlar, uşağın bağçadan başlayaraq bir vətəndaş kimi yetişdirilməsi məsələsi ilə məşğul olmalıdır. Yəni bu insanın həyatı sevməsi, öz sağlamlığını sevməsi, qorunması, idmana cəlb olunması, həyatda hansı məqsədlərə nail olunması, maraqlarının təmin edilməsi, asudə vaxtının səmərəli keçirilməsi önəmlidir".
Narkoloq narkomaniyaya qarşı mübarizə aparmaq üçün daha hansı yeni işlərin görülə biləcəyindən də bəhs etdi:
"Beynəlxalq tədqiqatlara əsasən, istifadəçilərin arasında 50 faizə qədərini öncədən bu və ya digər psixi problemlərlə üzləşən şəxslər təşkil edir. Xüsusən də məktəblərdə psixoloqlar bu işlə məşğul olmalıdır.
Digər bir məsələ uşaqların psixoloji inkişafına təsir edən internet resurslarından sui-istifadədir. 1-2 yaşdan uşaqların qarşısına "YouTube" videoları qoyulur. Elə uşaqların inkişafına ən böyük zərbə telefon və planşetdir. Onlardan istifadə etməklə uşağın sosiallaşması pozulur, ünsiyyəti pozulur, fiziki aktivliyi pozulur, danışmağı yubanır, əqli inkişafı pozulur və ən əsası da bunun fundamentində emosional dayanıqlıq pozulur. Emosional dayanıqlıq olmayan yerdə nə diqqət, nə yaddaş işləyir, nə də istəklər və məqsədlər aydın ola bilir. Uşaqlığın psixoloji inkişafında problemlər olan uşaqlar ən böyük risk qrupudur.
Bu gün uşaqların sosial şəbəkələrdə, telefonla, planşetlə ünsiyyətini maksimum məhdudlaşdırmaq lazımdır. Onu nəzərə almaq lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, ən azı 6 yaşına qədər, ümumiyyətlə, uşaqlara telefon və planşetlərlə ünsiyyət qadağandır. Ondan sonra isə nəzarət etmək lazımdır ki, təhsil və sair məqsədlər üçün ondan istifadə edir. Bu da maksimum 5 saat olmalıdır. Ondan artıq olduğu halda asılılıqdan söhbət gedə bilər.
Məktəbdə oxuyan uşaq haqqında elə düşünürük ki, bilik qazansın. Mənim anladığım odur ki, bağçanın, məktəbin əsas işi sağlam düşüncəli vətəndaş yetişdirməkdir. Onsuz uşaq ixtisasını magistratura, rezidenturada da alır".

Aytəkin TOFİQQIZI

Tarix: 27 iyun 2026
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş