DİA-nın uğurlu məzunu Səbinə Zülfiyeva beynəlxalq təhsil imkanları qazanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Səbinə Zülfiyeva yüksək akademik göstəriciləri və əldə etdiyi mühüm uğurlarla diqqət çəkir.
2019–2023-cü illərdə Akademiyanın Siyasi idarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alan Səbinə Zülfiyeva təhsilini 95.7396 ÜOMG nəticəsi ilə başa vuraraq fərqlənmə diplomuna layiq görülüb.
Təhsil aldığı müddətdə yüksək akademik göstəriciləri və peşəkar inkişaf sahəsindəki nailiyyətləri ilə seçilən məzun PAŞA Holdinqin “Əlaçı” Təqaüd Proqramının qalibi olub və proqramı da fərqlənmə ilə başa vurub.
Səbinə Zülfiyevanın uğurları bununla məhdudlaşmır. O, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Bununla yanaşı, Səbinə Zülfiyeva dünyanın nüfuzlu təqaüd proqramlarından biri olan Chevening proqramının da qalibləri sırasında yer alıb. 100 mindən çox müraciətçi arasından seçilən 1%-lik qaliblər sırasında yer alan məzun Azərbaycandan seçilən cəmi dörd qalibdən biri olub. Bu uğur ona Birləşmiş Krallığın aparıcı universitetlərindən birində magistratura təhsili almaq imkanı qazandırıb.
Səbinə Zülfiyeva eyni zamanda ABŞ və Birləşmiş Krallığın nüfuzlu universitetlərindən hüquq üzrə magistratura təhsili üçün qəbul alıb. O, University of California, Berkeley, University of Chicago və The University of Edinburgh universitetlərinin magistratura proqramlarına qəbul olunub.
Onun əldə etdiyi bu uğurlar yüksək akademik göstəricilərin, məqsədyönlü fəaliyyətin və peşəkar inkişafın uğurlu nəticəsi kimi qiymətləndirilə bilər.
Dövlət İdarəçilik Akademiyasının uğurlu məzunu Səbinə Zülfiyevaya magistratura təhsilində və gələcək peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
Mətanət İmanquliyeva,
Gender.Az