Xəbər lenti
Reklam
Əməkhaqqı artımı tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yaradacaq - RƏY

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması onların maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır.
Bu fikirləri "Report"-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu gün verilən müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə və onların ailələrinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, eləcə də əhalinin rifahının daha da yüksəldilməsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir:
"Bu artımı yalnız əməkhaqqının yüksəldilməsi kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır. Həkim və digər tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını daha da artıracaq, bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək".
Deputatın fikrincə, əməkhaqlarının artırılması, eyni zamanda, səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması və iş yükünün daha ədalətli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir:


"Xüsusilə, regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan, əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yarada bilər.
Digər mühüm məqam isə səhiyyə sahəsində beyin axınının qarşısının alınmasıdır. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması özəl sektorla rəqabətdə dövlət səhiyyəsinin kadrlar üçün cəlbediciliyini artıracaq. Bu, xüsusilə gənc mütəxəssislərin ölkədə qalması və öz peşə fəaliyyətlərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi baxımından vacibdir".
Pərvanə Vəliyeva hesab edir ki, əməkhaqlarının yüksəldilməsi tibb təhsilinə olan marağın artmasına da müsbət təsir göstərə bilər:
"Belə bir siyasət gənclər üçün həkimlik və digər tibb ixtisaslarının həm sosial, həm də peşəkar baxımdan daha cəlbedici olmasına şərait yaradacaq. Bununla yanaşı, cəmiyyətdə tibb işçisinin nüfuzunun və əməyinə verilən dəyərin daha da yüksəlməsinə xidmət edəcək.
Bu addım dövlətimizin insan kapitalına verdiyi yüksək dəyərin göstəricisidir. Səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, həm də peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür".
Parlament üzvü əlavə edib ki, bu islahatın davamlı xarakter daşıması və növbəti mərhələlərdə əməkhaqlarının digər tibb işçisi kateqoriyalarını da əhatə etməsi səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər:
"Bu baxımdan, bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab etmək olar".

Tarix: 02 sentyabr 2026
Baxış: 31

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş