Redaktor seçimi
    Bu cərimələr dəyişir, cəzalar sərtləşdirilir
Xəbər lenti
Reklam
İki uşaq anasının müəmmalı ölümü: “Elnarə evdə şiddət gördüyünü deyirdi” - FOTOLAR


Bədbəxt hadisə, intihar, yoxsa qətl?

Lerik rayonunun Çayrud kənd sakini Ağalizadə Elnarə İntiqam qızının ölümü müəmmalı olaraq qalmaqdadır. 22 yaşlı qadının başına gələnlərdən sizi xəbərdar etmək üçün gərək 4 il əvvələ gedək. 2018-ci ildə Elnarə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurur və Elvinin ata-anasının da yaşadığı evə gəlin köçür. Mərhumun yaxınlarının dediyinə görə, Ağəlizadələr çox qapalı həyat tərzi sürən və evlərinə gediş-gəlişə imkan verməyən ailə olub. Elnarəyə də öz ata evinə heç vaxt tək getməyə icazə verməyib, daim nəzarətdə saxlayıblar. Cehiz məsələsinə görə ailələr arasında ilk gündən münasibətlər pozulmuşdu və xüsusilə qaynanası Elnarəyə gün verib, işıq vermirdi.

Elnarə gəlin olduğu ailədə yaşadıqlarına dözə bilmədiyini qardaşından gizli saxlasa da, anası ilə bölüşüb. Anasının sözlərinə görə, Elnarə hadisə baş verməmişdən 4 gün əvvəl deyib ki, “birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın”. 30 aprel tarixində isə dəhşətli hadisə baş verib.

Bu, 22 yaşlı, iki uşaq anası Elnarə Ağəlizadənin yaxınlarına dediyi son söz olub. O zaman bu sözləri eşidən anası, bacısı bəlkə də heç düşünməzdi ki, cəmi bir neçə gün keçəcək və Elnarəni itirəcəklər.

Koma vəziyyətinə düşən Elnarə 10 gün ölümlə mübarizə aparır. Paytaxt xəstəxanalarından da həkimlər dəvət olunur, bütün lazımi müayinə və müalicələr aparılır. Qardaşı Seyfəddin Rusiyada yaşasa da, özünü ilk günlərdən xəstəxanaya çatdırır və prosesə nəzarət edir. Onun sözlərinə görə, həkimlər Elnarənin ağciyər toxumalarının dağıldığını bildiriblər.

Yaxınlarının sözlərinə görə, Elnarə ailə həyatından narazı imiş, daim ərinin, qayınanası Zöhrə Qurbanovanın ona şiddət göstərməsindən şikayətlənirmiş. Hər dəfə də anasından “səbrli ol, düzələcək” sözlərini eşidib.

Yaxınları Elnarənin paltarının cırılması, sırğasının düşməsi, üst-başının toz-torpaq içində olmasını əsas gətirərək bunun intihar olmadığını iddia edir. Bədənində xəsarət izlərinin olmasını əsas gətirən yaxınları onun döyülərək öldürüldüyü qənaətindədirlər.

Elnarənin yaxınları isə ekspertizanın rəyinin hələ də təqdim olunmamasından və ümumiyyətlə araşdırmaların ləng getməsindən ciddi narahatlıq keçirirlər.

Seyfəddin Nəsirov deyir ki, mayın 17-də o da Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə görüşüb. Baş həkim ona ilkin tibbi yardımdan sonra Elnarənin Lənkərana göndərildiyini deyib:

“Baş həkim bildirdi ki, indiyədək Elnarə Ağəlizadə heç bir psixoloji, nevroloji narahatlıqla bağlı onlara müraciət etməyib. Sonuncu dəfə doğuş zamanı xəstəxanada olub və doğuş da normal keçib. Baş həkim bu haqda prokurorluğa da məlumat verdiklərini dedi. Mənim bacım sağlam və ağlı yerində olan qadın idi. Ümid edirəm, iş ədalətli araşdırılacaq və bacımın vaxtsız ölümünə səbəb olanlar layiqli cəzalarını alacaqlar”.

Movzuya dair fotomateriallar:




Gender.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 
Tarix: 18 iyun 2022
Baxış: 11 198

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş