Bu ildən İcbari Tibbi Sığorta Fondunun və qanunda nəzərdə tutulan digər fondların vəsaitləri hesabına göstərilən tibbi xidmətlərin və tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələri tərəfindən tibbi xidmətlərin əlavə dəyər vergisindən (ƏDV) azad olunma müddəti bitir. Eləcə də, tibbi xidmətlər zamanı nağdsız (POS-terminal) ödənişlərlə formalaşan dövriyyənin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması güzəştinin də müddəti başa çatır.
Xatırladaq ki, bu xidmətlərə ƏDV güzəşti 2024-cü il yanvarın 1-dən tətbiq olunub və 3 il müddətinə nəzərdə tutulub. 2027-ci il yanvarın 1-də güzəşt müddəti bitir.
Burada sual doğuran məqam isə güzəşt müddətinin bitməsinin səhiyyə sektorunda xidmətlərin qiymətlərinə təsiri ilə bağlıdır.
İqtisadçı ekspert Rəşad Həsənov Ölkə.az-a açıqlamasında bildirib ki, vergi güzəştlərinin bitməsi tibbi fəaliyyət sahəsində qiymət artımlarını şərtləndirəcək:
“Bu, heç şübhəsiz maliyyənin artmasına gətirib çıxaracaq və dolayısı ilə də sonrakı mərhələdə digər faktorlar fonunda qiymətlərin də artımına səbəb olacaq. Lakin burada qiymətlər nə qədər artacaq sualına birmənalı cavab vermək mümkün deyil. Güzəştin müddətinin aradan qalxması o demək deyil ki, qiymətlər 18% artmalıdır. Çünki burada kifayət qədər təsiredici fərqli faktorlar var. Bazardakı rəqabət şəraitini də nəzərə almaq lazımdır. ƏDV əvəzləşdirilə bilən vergi kateqoriyasına daxildir və müəssisələrarası fəaliyyətlərin şəffaflaşması və yaxud ƏDV ödəyiciləri arasındakı fəaliyyətlərin miqyasından asılı olaraq, müəssisənin üzərinə düşən güzəştin müddətinin bitməsindən qaynaqlanan birbaşa vergi-xərc yükü tamamilə fərqli məbləğdə ola bilər. Güzəştli dövrdə sahibkar ƏDV məbləği ilə bağlı həmin əvəzləşdirməni edə bilmir. Güzəşt müddətinin bitməsindən sonra isə verginin bir hissəsini əvəzləşdirmək imkanından faydalanmaqla artan xərci neytrallaşdıra bilər. Burada eyni zamanda əhalinin alıcılıq gücü məsələsi var ki, bu da qiymətlərə təsir göstərən amillərdən biridir. Aydındır ki, güzəştin bitməsi ilə müəssisələrin xərci artır. Artımın nə qədər olacağını isə bazardakı və müəssisənin fəaliyyətindən qaynaqlanan şərtlər kontekstində dəyərləndirmək lazımdır”.
Ekspertin fikrincə, qiymətlər artacaqsa, İcbari Tibbi Sığorta Fondu da nisbətən baha qiymətə bu xidmətləri istehlak etmək məcburiyyəti ilə üzləşə bilər:

“Hazırda bu qurum bazarda kifayət qədər ciddi monopol mövqeyə malikdir və əksər hallarda öz qiymətlərini diktə edir. Ona görə də vergi güzəştlərindən qaynaqlanan qiymət artımlarının İcbari Tibbi Sığorta Fondunun xərclərinə və yaxud da aldığı xidmətlərin qiymətinə təsiri nisbətən gecikə bilər. Lakin istənilən halda orta-uzunmüddətli dövrdə bu artımın olması mümkündür”.
İcbari Tibbi Sığorta Fondunun xərclərinin artmasından qaynaqlanan əməkhaqlarına və yaxud da yığımlara tətbiq edilən faiz dərəcələrinin artması ilə əlaqədar məsələyə gəlincə, R.Həsənov deyib ki, bunun üçün müəyyən bir zəmin formalaşa bilər:
“Lakin kifayət qədər fərqli mənbələr hesabına, o cümlədən əmək bazarının leqallaşdırılması, əmək haqlarının rəsmiləşdirilən hissələrinin artması, nominal ifadədə əmək haqlarının artım dinamikası kimi faktorlar da icbari tibbi sığorta fondunun yığımlarının artmasını şərtləndirir. Müvafiq xərc və yaxud qiymət artımı təzyiqləri bu istiqamətdə əldə olunan əlavə mənbələr hesabına neytrallaşdırıla bilər. Lakin proqnozlaşdırma aparmaq çox çətindir, çünki burada tamamilə detallı təhlillərə, diaqnostikaya ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə əməkhaqqı fondu üzərində kifayət qədər fiskal yük, vergi yükü mövcuddur və bunun artırılması indiki şərtlər daxilində arzuolunan deyil. Müvafiq məsələlərin müzakirəsi zamanı problemlərə bu kontekstdən baxılması, onun sosial təsirləri, hətta artan vergi və sığorta yükünün özünün əmək bazarının ağardılması istiqamətindəki təşəbbüslərə neqativ təsirləri də göz önünə gətirilməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə Ölkə.az-a açıqlamasında qeyd edib ki, istənilən güzəştlərin ləğvi qiymət artımı ilə müşahidə olunur:

“Müəyyən ödənişlərdə güzəşt olunursa və o güzəştlər ləğv edilirsə, sonradan o güzəştlərin ləğv olunan hissəsi tibbi xidmətlərinin üzərinə gələcək və onların qiyməti artacaq. Nəticə etibarilə bu, vətəndaşın cibindən çıxacaq. Yəni istənilən halda müxtəlif güzəştlərin ləğvi sonunda qiymət bahalaşması və vətəndaşın daha çox ödəməsi ilə nəticələnir”.
Milli Məclisin deputatı Azər Badamov Ölkə.az-a açıqlamasında qeyd edib ki, tibbi xidmətlər sahəsində tətbiq olunan bu vergi güzəştləri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılmasına və icbari tibbi sığorta imkanlarından daha geniş istifadəsinə şərait yaradıb:
“Güzəştlərin müddətinin başa çatması isə tibbi xidmətlərin qiymətlərinə təsir göstərə bilər. Bu baxımdan, əhalinin sosial vəziyyəti və tibbi xidmətlərə olan tələbat nəzərə alınaraq, güzəştlərin növbəti il üçün də uzadılması məqsədəuyğun olardı. Bu, həm vətəndaşların əlavə maliyyə yükünün qarşısının alınmasına, həm də tibbi xidmətlərin əlçatanlığının qorunmasına töhfə verə bilər”.

Nəticə olaraq, vergi güzəştlərinin bitməsi tibb müəssisələrinin xərclərini artıraraq zamanla qiymətlərə təsir edə bilər. Güzəşt müddətinin uzadılıb-uzadılmayacağı isə hələlik açıqlanmayıb.
Könül Vəliyeva