Son dövrlərdə bəzi müəllimlərin "TikTok" platformasında canlı yayım vasitəsilə şagirdlərə hazırlıq keçdiyi müşahidə olunur. Bəzi hallarda müəllimlər canlı yayım zamanı şagirdlərə onları valideynlərinin və digər izləyicilərin izlədiyini xatırladan ifadələr də işlədirlər.
Bəs bu cür yanaşma uşaqların psixologiyasına necə təsir edə bilər? Daim izlənildiyini hiss etmək onlarda həyəcan, narahatlıq və ya özünü sərbəst ifadə etməkdə çətinlik yaradırmı?
Psixoloq Nabat Mirzəyeva məsələ ilə bağlı Redaktor.Az-a açıqlamasında qeyd etdi ki, canlı yayım üzərindən dərs keçmək müasir dövrdə faydalı təhsil vasitələrindən biri sayıla və ola bilər:
"Çünki burada canlı yayım üzərindən dərs keçərkən müəllim təkcə onu izləyən öz şagirdlərinə deyil, bir neçə şagirdin də maariflənməsinə dəstək olur. Ancaq müəllim dərs zamanı şagirdi ictimai şəkildə müşahidə etdiyini və hər kəsin onu izlədiyini hiss etdirirsə və bu zaman da "anan sənə baxır" və "hamı səni izləyir, hamı səni görür" kimi ifadələr işlədirsə, bu, istər-istəməz uşağın psixologiyasına müəyyən təsirlər göstərə bilər və bunu nəzərə almaq lazımdır".
Onun sözlərinə görə, əgər uşaq toplum tərəfindən izlənirsə, biz uşağa özünü təhlükəsiz öyrənmə mühitində hiss etdirməliyik:
"Daim izlənildiyini, qiymətləndiriləcəyini hiss edən uşaq öyrənməyə deyil, artıq burada səhv etməməyə fokuslanır. Bu o deməkdir ki, "səhv edərəmsə, ya valideynlərim görərsə, ya insanlar mənə gülərlərsə" və yaxud "səhv edərəmsə, mənim bilmədiyimi görərlərsə" və s. Yəni burada uşaq öyrənməyə yox, səhv etməməyə fokuslanır. Bu da həyəcanı artırır, özünü sərbəst ifadə etməsinə mane olur və zamanla istər-istəməz özgüvənin zəifləməsinə də gətirib çıxara bilir.
Sözsüz ki, bu, bütün uşaqlarda belə olacaq demək deyil. Amma əsasən də həssas və utancaq uşaqlarda bu vəziyyət daha güclü təsir göstərə bilər. Çünki onlar "səhv edərəmsə, hamı görəcək" düşüncəsi ilə dərsdə aktiv iştirak etməkdən çəkinəcək və sual verildiyi zaman sualın cavabını bildiyi halda da cavablandırmaqdan qorxacaq və cavablandırmamağa çalışacaq.
Digər tərəfdən, valideynin övladını izləməsi, onun təhsilinə maraqlanması çox gözəl bir haldır. Ancaq bu halda valideyn nəzarət hissi yaratmamalıdır. Burada mütləq dərəcədə uşağa yanında olduğunu hiss etdirməlidir. Yəni "mən sənə nəzarət etmirəm, mən baxmıram görüm sən yaxşı cavablandıracaqsan, yoxsa pis cavablandıracaqsan. Mən sənin yanında olduğumu sənə göstərirəm, mən hər zaman buradayam, sənin yanındayam, səhv etsən də sənin yanındayam, suala səhv cavablandırsan da sənin yanındayam, düz cavablandırsan da sənin yanındayam". Yəni dəstək olmaq üçün yanındayam".
Müsahibimiz vurğuladı ki, psixoloji baxımdan bir uşaq üçün ən əlverişli mühit uşağın özünü rahat hiss etdiyi mühitdir:
"Səhv etmək hüququnun olduğunu hiss etdiyi, yəni səhv etmək hüququnun olduğu bir mühit olmalıdır. Yəni bir insan kimi özünü hiss etdiyi bir mühit olmalıdır. Çünki uşaq ən yaxşı nəticəni qorxduğu zaman deyil, özünü təhlükəsiz, rahat hiss etdiyi və sualı səhv cavablandırsa belə, özünü rahat hiss edəcəyi bir mühitdə göstərir. Özünü təhlükəsiz hiss etdiyi zaman uşaqlar özünü göstərir, qorxduğu zaman deyil.
Canlı yayımda uşağın özünü rahat hiss etməsi və emosional rahatlığının qorunmasına çalışılmalıdır. Biz unutmamalıyıq ki, uşaqların inkişafının ən önəmli məqamı anlaşıldıqlarını hiss etdikləri zaman baş verir. Yanlarında müəllimlərinin, valideynlərinin olduqlarını hiss etdikləri zaman inkişafları daha gözəl olur".
Aytəkin TOFİQQIZI