Son vaxtlar məktəblərdə zorakılıq halları aktual məsələlərdən birinə çevrilib.
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 525-1-ci maddədə əksini tapıb.
Qanuna əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Qeyd edək ki, tərbiyə məqsədilə zorakılıqla bağlı müəllimlərə tətbir edilir. Ancaq məktəbdə tədrisin keyfiyyəti şagirdləri, valideynləri qane etmədiyi üçün repetitor yanına gedirlər.
Bəs niyə tədrisin keyfiyyəti ilə bağlı müəllimlər cərimə edilmir?
Məsələ ilə bağlı elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, şagirdlərə qarşı fiziki və psixoloji zorakılıq, yaxud şagirdin şəxsiyyətinin alçaldılması davranışı konkret olaraq hüquqi pozuntu kimi müəyyən edilə bilən hərəkətdir:
“Buna görə də qanunvericilikdə belə davranışlara görə, inzibati məsuliyyət və cərimə nəzərdə tutula bilər. Təhsilin keyfiyyəti isə daha mürəkkəb məsələdir. Onu ölçmək və konkret bir müəllimin fəaliyyətinə bağlamaq həmişə asan olmur.
Ümumiyyətlə, şagirdin nəticələrinə müəllimin peşəkarlığı ilə yanaşı bir sıra amillər də daxildir. Burada şagirdin hazırlıq səviyyəsi, motivasiyası, valideynin şagirdə dəstəyi, sinifdə şagird sayının çoxluğu, dərs proqramı, dərsliklərin keyfiyyəti, məktəbin madi texniki bazası, təhsil siyasəti, idaraəetmə kimi amillərin hamısı keyfiyyət amilidir.
Bu səbəbdən qanunvericilikdə adətən aşağı tədris keyfiyyətinə görə cərimə kimi bir norma müəyyən etmirlər. Çünki keyfiyyətsiz dərs anlayışını obyektiv və hüquqi baxımdan sübut etmək çətindir”.
Ekspertin sözlərinə görə, bununla belə, bu o demək deyil ki, peşə fəaliyyətinə müəllimə heç bir məsuliyyət olmasın:
“Təhsil sistemində müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi sertifikasiya, attestasiya, daxili nəzarət, inzibati tədbirlər, əmək qanunverciliyinə uyğun məsuliyyət mexanizmləri də mövcuddur.
Əgər müəllim öz vəzifəsini yerinə yetirmirsə, ona töhmət verilə bilər. Əmək müqaviləsinə xitam verilə və yaxud inzibati tədbirlər tətbiq oluna bilər. Digər tərəfdən repetitorluğun geniş yayılması avtomatik olaraq məktəbdəki bütün müəllimlərin zəif dərs keçdiyini göstərmir.
Bəzi hallarda repetirorlar, qəbul imtahanları ilə bağlı xüsusi hazırlıq keçirlər. Daha yüksək bal toplamaq üçün müəyyən əzbərçilik, taktikalardan istifadə edirlər. Yaxud da valideynlərin əlavə dəstək tələbi kimi ortaya çıxır.
Tədrisin keyfiyyəti ilə bağlı müəllimlərin cərimə edilməsinə gəldikdə, bu, ictimai müzakirədə tez-tez səslənən bir fikirdir. Əgər müəllim şagirdə qarşı davranışına görə, məsuliyyət daşıyırsa, təbii ki, tədrisin nəticələrinə görə də daha güclü hesabatlılıq mexanizmi olmalıdır.
Bu, hüquqi yox, daha çox təhsil siyasəti ilə bağlı mübahisəli məsələdir və müxtəlid ölkələrdə məsələyə fərqli yanaşmalar mövcuddur”.
Nigar Abdullayeva