Gender.Az-ın məlumtına görə, AZXEBER.COM-un müsahibi klinik psixoloq, "Positive Thinking" Psixologiya Mərkəzinin direktoru Xatirə Səfərovadır.
- Psixologiya həyatınıza necə gəldi?
- Bu sualı ürəkləri fəth edən gözəl bir musiqinin sözləri ilə cavablandırardım. The Chainsmokers & Goldplay "Something Just Like This”-tərcüməsi "Elə bu mənə tam lazım olan idi”. Musiqinin sözlərindəki kimi: Durmadan oxuduğum kitablar, rəvayətlər və hekayələr Axilles və onun qızılı, Herakl və onun səhabələri, Hörümçək adamın gücü və daha nələrdən aydın oldu ki, mən heç vaxt özümü onların siyahısında görmədim. Məqsədim onların olduğu nağılsayağı xöşbəxtliyi, yüksək zirvələrdə olmağı deyil, lakin heç də onlardan geri qalmayaraq nəyi bacardımsa onu öyrəndim və insanlarla danışmağı seçdim. Seçimlər bəzən insanın həyat xronologiyasında bir ömür boyu səbətinə topladığı məhsullardan formalaşır.
İlk təhsilim İqtisad universiteti idi. 1-ci kursda oxuyurdum 17 yaşım vardı. Psixologiya dərsi zamanı müəllimimin danışıqlarına valeh olmuşdum. Müəllimim bunu sanki hiss etdi və mənə dedi ki, qızım sən niyə bu universitetdəsən, sənin yerin psixologiyadır, danışdıqlarımdan gözlərin parıldayır, ikinci universiteti psixologiyanı oxu mütləq və heç vaxt öz seçimini gecikmiş hesab etmə. Bu sözlər məni çox sirkələdi və ilk dərsdən sonra dərhal Axundov kitabxanasına getdim. Demək olar ki, günlərimin böyük hissəsini kitabxanada keçirdirdim. Ziqmund Freydin əlimə keçən kitablarını oxudum və sonra ikinci təhsil olaraq – "klinik psixologiya” üzrə təhsil aldım.
- Psixoloq necə olmalıdır?
- Depressiya və "anxiety” kimi "zərərli” saydığımız proseslərin nə qədər faydalı ola biləcəyini heç düşünmüsünüzmü? Bəlkə bu narahatlıqlar bizə nəsə deməyə çalışır? Bəlkə bizi xəbərdar etməklə xilas edirlər? Bədənimizə dincliyin lazım olduğunu, qaçmalı ya da döyüşməli olduğumuzu deməyə çalışan bir "SOS” siqnalı… Psixoloqun əsas işi ona müraciət edən şəxsin - gərginliyini əlindən alıb onu mənəvi sığallayan peşə deyil və məhz onun qaçış məqsədlərinin motivlərini dərk edərək, bu müdafiənin məntiqinin izahını anlayaraq stressə olan münasibətini dəyişməkdir.
Bir sözlə psixoloqun əsas işi – Konfrantasiya (yəni insanın özünü özünə göstərməkdir) etməkdir.
Psixoloq ixtisası üzrə diplomlu və kvalifikasiyalı olmalıdır. Müasir dövrin tələblərinə əməl edərək hər yaşın dilində danışmağı bacarmalıdır. Psixoloq bəzən kənardan insanlar tərəfindən fərqli qəbul olunur. Məsələn, bəzi insanlar psixoloqa peyğəmbər kimi, məsləhətçi kimi status verirlər. Lakin, ən birinci etik qaydanın pozuntusu insana məsləhət verən qismində özünü təqdim etməkdir. Psixoloq ilk başdan bu ciddi qayda pozuntusundan uzaq durmalı və heç bir şəkildə məsləhətə əl atmamalıdır, çünki, kiməsə məsləhət vermək, özünü həmin insandan ağıllı və yüksəkdə görmək özü bir şəxsiyyət pozuntusudur.
Psixoloq öz həyatının motivlərini təyin edərək təmirə ehtiyacı olan hissələrini bərpa etməli və sonra digər insanlarla məşğul olmalıdır, əks təqdirdə öz stress faktoru onun yaradıcılığına mane ola bilər.
Psixoloq etik qaydalara riayət etməli, belə ki, müraciət edən şəxsin anonimliyi və konfidensiallığı qorunmalıdır. Lakin, bəzi hallarda-uşaq və yeniyetmələrin valideynləri ilə ətraflı müzakirə etməli, hər hansısa bir cinayət işində polisə müraciət edərək məlumat verməli və eyni zamanda suisid məqsədli şəxslərin yaxınlarını dərhal məlumatlandırmalıdır.
Psixoloq ona müraciət edən şəxslə bacı, qardaş, müəllim, can, əmi, dayı, xala, bibi deyə müraciət edə bilməz. Bu kobud qayda pozuntusu olaraq, həmin şəxslə sənin aranda heç bir terapevtik iş alyansı bərpa edə bilməz.
Ən əsası isə psixoloq ahəngli münasibətləri bilməli, yumşaq bacarıqlarından istifadə etməli, empatiya qurmağı bacarmalıdır.
- Yaxşı bir psixoloq işində hansı prinsiplərə riayət edir?
- Yuxarıda qeyd etdiklərimlə yanaşı ən önəmli məqamın izahını vermək istərdim. Həyatda elə sahələr və peşələr var ki, oradakı paradoks insanın peşəsinə bir başa zərərdir. Bu paradoksları sadalasam, məsələn, oğru doğruluqdan danışır, sevgisi olmayan insan dünyanı xilas edən mələklərdən danışır, gücü olmayan insan hündürdən çıxış edir, bir iş bacarmayan insan başqalarının uğuruna sarkazmla yanaşır, çirkin gözəllikdən, gözəl isə xoşbəxt olmamağından danışır. Sadaladıqlarım psixoloqa da aiddir. Öz həyatında, öz təkliyində və cütluyundə həyatın anını tutmayan və xöşbəxtliyi duymayan insan özünü kainatın gözəlliklərinə qərq etmədən kimsəni onun öz motivində sevindirə bilməz.
- Psixoloq olmağa necə qərar verdiniz və niyə?
- Bəzən insan nəyisə planlı etmir, zaman özü insanı lazım olan məqama çatdırır. Düzdür mənin bir devizim var "Zamanla deyil, daxili kodlarını bildiyin zaman hər şey yaxşı olacaq” demək ki, təkcə zamanla deyil,zamana müdaxilələrlə olmaq istədiyin zirvəyə yüksəldə bilərsən özünü.
Bu sahədə təzə və çox gənc idim, tanıdığı bir psixoloqa çox qısa bir sualdan ibarət məktub yazdım.
"Sizcə mən psixoloq ola bilərəm”
Cavab:
Xeyr, heç vaxt!
Heç bir zaman həmin şəxsə küsmədim, lakin yerimdə də donmadım. Durmadan arzularıma doğru iri addılarla və addımları öz zəhmətimlə qazanaraq təyin edilmiş məqsədə lövbərimi saldım. Lakin, bu sahə çox dərin bir okeandır. Bilgilərimiz isə okeandan bir parça. Bir ömür yetməz tam bu sahəyə çatmağa, lakin mən iddialıyam və bəlkədə bir daha təkrar bu dünyaya gələcəm ki, tamamlayım işimi.
Mənə yox deyən insana çox təşəkkür edirəm və yaxşı ki, o, mənə yox deyərək, mənim məqsədimə olan ehtirasımı gücləndirdi.
Ümumiyyətlə, bizim qarşımıza pis insan çıxa bilməz və hər bir insanın bizim taleyimizdə rolu var. Belə ki, aldığımız hər bir zərbə bizim güc əmsalımıza çevrilir. Ona görə də, belə insanlarla rastlaşmadığınız üçün üzülün.
Psixoloq olmaq üçün gecə-gündüz yatmadım, dünyanın uc nöqtəsində də olsa təhsilim üçün maddi və mənəvi sərmayəmi sərf etdim və hətta onu da çox gözəl xatırlayıram ki, zehnimi o qədər məşğul etmişdim ki, su içmək üçün mətbəxə keçməyə zamanım yox idi. Çəkim çox aşağı düşmüşdü və bütün bunlara baxmayaraq məni təhsilim doydururdu.
- Şəxsən sizə psixologiya necə kömək etdi? Psixologiya biliyi həyatda kömək edir və ya mane olur?
- Psixologiya bilgilərinə sahib olarkən insanların mənə verdiyi ən aktual sualın motivini gördüm. İnsanların sualı belə idi; "Səncə mən necə insanam???” və bu dərin sualın bir cavabını gördüm. Bütün insanlar məni güzgü kimi görmək istəyirlər, daha dogrusu bütün insanlar üçün ən maraqlı cavab bu həyatda onların daxillərində gizlənmiş tərəflərinin həqiqi üzünü görməkdir.
Mənə isə bu sahədə psixologiya elmi insan tanıma proqramını öyrədərək özümü və yaxınlarımı ən güclü vasitələrdən biri olaraq sağlam ünsiyyət pozisiyasını dahada gücləndirdi. Belə ki, söz aykidosunu öyrənərək lazımi miqdarda xərcləməyi öyrəndim. Mənim üçün söz ən böyük xilas yoludur. Psixoloq olduğun zaman qarşındakı insanın motivini su kimi aydın görürsən. Bu isə çox zaman acı həqiqəti üzə çıxarır və ya özünü aldatmağa imkan yaratmır. Belə bir söz var "az bilən yaxşı yatar”. Özümə çox bilmiş də deyə bilmərəm, lakin, peşəmin tələb etdiyi qədər bilgiləri mənimsəməmi də inkar edə bilmərəm.
- Karyeranız necə başladı?
- Həvəs/entuziazm. Bu tonu anlamaq üçün bütün arzuları birdən həyata keçmiş insanın sevincini təsəvvür etmək kifayətdir. Həvəsli insanların gördüyü işlər daim uğurlu olur. Bu emossional tonda insanların maraqları çox olur. Düzgün qərar qəbul etməyin ən rahat hissəsidir. Bu cür yüksək tonlarda yaşayan insanlar heç vaxt xəstələnmir, onlarda kiçik bir soyuqdəymə belə olmur.
Müəyyən təcrübə topladıqdan sonra qərara gəldim ki, öz şirkətimi açmalıyam, çünki, bilgilərimi başqa iş yerlərində realizə edə bilmirdim. Lakin, bu çox çətin gəlirdi mənə. Bir gün iddia etdim ki, mən bunu etməliyəm. 2012–ci ildə "Baku Psychology School” şirkətinin təsisçisi və rəhbəri oldum. Azərbaycanda təşkil etdiyim maraqlı ideyalarla insanları ətrafıma topladım. Bir müddət sonra isə İstanbula köçdüm, həm orada oxudum və həm də, Dogan xəstəxanasında işlədim, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəvət alaraq 5 il müddətinə isə orada işlədim. Bir müddət sonra isə "Təmiz Dunya” –insan alverinin qurbanları ilə çalışaraq təcrübəmə təcrübə qatdım. Karyeram yüksələrək öz sözünü dediyi halda BMT–nin təşkil etdiyi dövlət layihəsinin psixoloqu təyin edilərək pilot layihənin aparıcı psixoloqu oldum.
- Bu yaxınlarda "Qəfəsdəki sərbəstlik” adlı ilk kitabınız işıq üzü gördü. İlk növbədə oxucuya nəyi çatdırmaq istəyirdiniz?
- "Qəfəsdəki sərbəstlik”, adındakı paradoks tam həyatın özüdür. Qəfəs bizim bədənimizdir, sərbəst olan isə ruhumuzdur, çünki, onun məkanı bilinmir və o görünməyən halda, heç bir formaya sahib olmadığı halda çox sərbəstdir, sahibini istədiyi kimi yönəldir. Kitabda real hadisələr, adlar və mənbə dəyişilərək hadisələr cərəyan edir. İnsanların gizləndiyi məkanların üstü açılır. Kitabımın rəyini dünya şöhrətli yazar Çingiz Abdullayev bildirmiş və geniş izahını yazmışdır.
Kitabdan bir hissəni yazmaq istərdim.
Bir dəfə səfərlərimin birində iri hərflərlə yazılmış maraqlı bir sərgi gözümə sataşdı.
"DIALOGUE IN THE DARK” – "Qaranlıqda Dialoq”
Marağımı çox cəlb etdi və sərgiyə qoşuldum. Sərgi elə bir qaranlıq məkanda təşkil edilmişdi ki, tamamilə heç nə görmürdün. 90 dəqiqə heç nə görmədən yaşamaq. Sərgi, gözləri görməsə də, həyatın qiymətini bilən və ruhları görən insanlar tərəfindən təşkil edilmişdir. Sadəcə 90 dəqiqəni alaraq səni öz dünyalarına dəvət edirlər və sənə öz gözlərinlə deyil, başqalarının gözləri ilə də həyata baxmagı öyrədirlər.
O ilk 10 dəqiqə mənə o qədər çətin və dözülməz gəldi ki, utanmasaydım qışqırıb qaçardım oradan. Ruhumda panika yarandı və ürək döyüntülərimi boğazımda hiss edirdim həyatda olduğu kimi. Acının ilk günü dözülməz və həzm edilməyəcək dərəcədə çətin oldugu kimi. Qəribə o oldu ki, 10 dəqiqə sonra buna alışdım. Artıq panikam sovuşdu, biz sərgiyə qoşulanlarla hətta bir azacıq ağartı belə görmədən yaşamağa davam edirdik. Bağda gəzib tralleybusa minib və hətta görmədən kino izləməyə getdik. Məcburən ruhumun gözlərini açmışdım. Cox qəribə hisslər idi, gözlərimin hər gün günəşi görüb adi hala keçməsi məni üzdü. Öz dünyamın günəşini gördüm. Duyğularımı, toxunuşlarımı heç bir zaman hiss etməyəcək dərəcədə hiss etdim. Beləliklə, adaptasiya olmuşdum və irəliləyən dəqiqələrin hətta gec gəlməsini istəyirdim, çünki, elə bir dünyaya düşmüşdüm ki, duyğularımdan həzz alırdım. Son olaraq biz gözlərinin görməsindən məhrum olmuş insanlarla ünsiyyətə keçdik və onlar bizə kofe hazırladılar. Mənə kofe hazırlayana o qaranlıq dünyamda bir sual verdim:
- Nə vaxtdan gözlərinin işlqları söndü?
Cavab isə məni çox düşündürdü.
- Qəlbimin gözləri görəndən bəri.
Bəli, sərgidən çıxdım və hələ də inanmırdım ki, 90 dəqiqə mənə həyatda baxmağın qaydasını, görməyin həzzini, hisslərin fəlsəfəsini duydurdu.
Beynimin elə bir hissəsi açıldı ki, həyatda insanların şikayətləri yadıma düşdü, istədim qaçım ordan və deyim ki, onlara inanın siz hələ görmürsüz. Görmək üçün bəzən sadəcə gözlərinizi yummaq da yetər.
Düşdüyün situasiya ilə üz-üzə qalarsansa, hələ aşağıdasan. Sən ancaq nərdivanın yuxarısından o biri tərəfi daha aydın görə bilərsən!
Kitabında əsas özəyi insanların qaranlıq dünyalarına səyahətdən bəhs edir.
- İşləmək çətindir?
- İnsanda mükəmməlçilik kompleksi olarsa bu çətinləşir. Belə olan halda, insan əldə etdikləri ilə kifayətlənmə prossesi baş tutmur və əldə etdiklərini isə heçə bərabər edir. Bu hal insanın enerjisini əlindən alır və keyfiyyətli işlər görsə də, öz ruhundan, halından, yorğunluğundan daim şikayətçi olur. Bu dalğada yerlş.məyin isə bir motivi var. Mükəmməl olaraq uduzmağın qarşısını alırlar sanki. Mükəmməlçi insanlar üçün uduzmaq insanların sevgisini itirmək qorxusunun nəticəsi olaraq a sevgiyə layiq olmadıqlarının özlərinə səssiz təlqinidir.
Sizin veridyiniz suala isə bu cür cavab verərdim: Uduzmaqdan qorxmursansa – işləmək çətin deyil! Sevdiyin iş sadəcə zövqdür!
- Psixoloqun işində nə etmək olmaz?
- Anonimliyi qəti şəkildə pozmaq olmaz. Bəzən psixoloqa müraciət etməyən insanlar düşünürlər ki, birdən onların problemini kimsə bilər və bu səbəbdən də müraciət etmirlər.
- Sizin üçün yaradıcılıq prosesində ən maraqlısı nə idi?
- Həyatımın izləyicisi olmaq. İnkşaf etdikcə kainatdan aldığım enerjinin bütün ətrafıma necə müsbət təsirini görməyim. Öz həyatımda realizə etdiyim texnikaların qüvvəsi və nə olur olsun yenidən başlamaqdan qorxmamaq.
- Son olaraq nə demək istərdiniz...
- Kitab oxuyun. "Özünün ən yaxşı versiyan ol”. Den Valdşmidt "Özünün ən yaxşı versiyan ol” kitabı həyatınızın istənilən sahəsində sizi yeni hədəflərinizə çatmağa həvəsləndirəcək.
Hər kəs öz dünyasını payladığı enerji ilə rəngləyir. Rənglər dəyişə bilər, lakin, bundan qorxmayın. Çünki, rəssam özünüzsüz, fırça əlinizdə, rənglər isə qarşınızda. Əsərin müəllifi özünüzsüz. Unutmayın, həyat şirəni çıxarana kimi sizdən əl çəkməyəcək! Geriyə yol yoxdur və yalnız irəli!