Xəbər lenti
Reklam
Bakıda tıxaclar niyə artıb?

Son günlər Bakıda tıxacların artması paytaxt sakinlərinin əsas narahatlıq mövzularından birinə çevrilib. Xüsusilə məktəblər və universitetlərin fəaliyyətə başlaması ilə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Bəs bu vəziyyətin kökü nədir və tıxacların qarşısını necə almaq olar?
Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.Az-a açıqlamasında bildirib ki, son bir həftədə yaranan tıxacların səbəbi Neftçilər prospektinin ralli yarışları ilə əlaqədar bağlanmasıdır:
“Məsələn, Əhmədli, Yeni Günəşli, Razin istiqamətindən şəhərə və rayonlara hərəkət edən nəqliyyat vasitələri əvvəllər Neftçilər prospektinin Bayıl istiqamətindən şəhərdən çıxırdılar. İndi isə hamısı Nərimanov istiqamətinə, oradan Xətai ərazisinə və alternativ yollara yönəlir ki, bu da ciddi tıxaclara şərait yaradıb”.
İ.Hüseynli tədris mövsümü başlayanda əlavə nəqliyyat axınının olacağını təsdiqləyib:
“Dərs mövsümü başladıqda xüsusən övladlarını məktəbə aparan valideynlərin və işə gedən şəxslərin sayının artması ilə şəhərdə nəqliyyat axını daha da intensivləşəcək. AYNA keçən il 3180 avtobusla xidmət göstərirdisə, bu ildən dərs mövsümü başlayanda əlavə 120 avtobus fəaliyyətə başlayacaq. Bu isə tıxac problemini bir qədər də dərinləşdirə bilər”.
Ekspertin sözlərinə görə, tıxacı azaltmaq üçün bir çox vasitə və üsul mövcuddur:
“Dünya təcrübəsindən nümunələr göstərir ki, yol ötürücülərinin sayı artırılmalıdır. Bakı və Sumqayıt kimi şəhərlərdə nəqliyyat sisteminin tənzimlənməsi vacibdir. Sağlı-sollu yeni nəqliyyat ötürücüləri və ictimai nəqliyyatın hərəkət dinamikası inkişaf etdirilməlidir. Eyni zamanda, metro və tramvay xətləri də istifadəyə verilməlidir. Əgər ictimai nəqliyyat sisteminin fəaliyyəti mükəmməl olarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına və insanların tıxacsız hərəkətə üstünlük verməsinə səbəb olacaq”.

Sevinc İbrahimzadə

Tarix: 10 sentyabr 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş