"Universitetlərin qeydiyyat üçün tələb etdiyi kağız sənədlər gərəksizdir" - Təhsil eksperti
Ötən günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.
Bildiyimiz kimi, hələ də bir çox ali təhsil müəssisəsində bu qayda qalıb. Bəs yeni qəbul olan tələbələrdən kağız formatda sənəd tələb edilməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, həqiqətən də, bizim ali təhsil müəsisələrinin bir çoxu kağız daşıyıcılar formatında çoxlu sənəd tələb edir:
“Ümumi olaraq universitetlər tərəfindən tələb olunan bir çox sənəd gərəksizdir, qısa zaman içində bu sənədlərin toplanması valideynlər üçün əziyyətdən ibarətdir. Məsələn, yaşayış yeri haqqında arayış, sağlamlıq haqqında arayış, attestatın notariat təsdiqi, məcburi köçkünlük vəsiqəsinin əsli ilə yanaşı notariat təsdiqi və s. Bu kimi sənədlərin toplanması abituriyentlər və valideynlər üçün çətinlik törədir. Təxmin edin ki, qəbul olan tələbələrdən sağlamlıq haqqında arayış tələb olunur. Bu qədər abituriyent və valideyn sağlamlıq mərkəzlərinin, poliklinikaların növbəsində əziyyət çəkir. Bu sənədlər elektron formada sistemə yükləndikdə artıq həmin universitetlər tərəfindən yalnız attestat tələb oluna bilər. Çünki digər sənədlər artıq elektron formatda sistemə əlavə olunub və bunu universitet rahatlıqla sistemdən əldə edə bilər. Amma universitetlər tələbələrin qeydiyyatı zamanı elə sənədlər tələb edir ki, insanın gülməyi gəlir. Məsələn: universitetə qəbul olduğuna dair DİM səhifəsində yerləşdirilən nəticənin kağız formatını, hərbi qeydiyyata aid möhlət hüququ tələb edən sənədi. Bunlar onsuz da sistemdə var, portal üzərində qeydiyyatdan keçən hər bir tələbənin məlumatları elektron formada sistemə əlavə edilib, həmçinin bu tələbəyə möhlət hüququ verilib ki, ixtisas seçimində iştirak edir. O cümlədən yaşayış yeri məlumatları da portalda qeyd olunub”. Onun sözlərinə görə, nazirin fikrində həqiqət var, amma ilk növbədə bu prosesə elə nazirliyin özü köməklik göstərməli, portal sistemində dəyişiklik edərək təkmilləşdirməlidir:
“Universitetlərimizin qəbul olan tələbələrdən bir çox sənədin əsli ilə yanaşı, surətini də tələb etməsi doğru deyilsə, buna ilk nazirlik köməklik göstərməli, portal üzərindən qeydiyyatdan keçdikdə tələb olunan sənədlərin elektron formada sistemə yüklənməsini təmin etməlidir. Bildiyiniz kimi, mövcud portal sistemində bu proses yoxdur və hazırda yeni qəbul olan tələbə sistemə heç bir sənədi yükləmir. Düşünürəm ki, belə bir dəstək nazirliyin portalında olarsa, universitetlərin də artıq sənəd tələb etməsinə ehtiyac qalmaz”.
Firuzə Əliyeva