“Regnum” informasiya agentliyinin yeni baş redaktoru Marina Əhmədova onun azərbaycanlı və ya çeçen mənşəli olması barədə sosial mediada yayılan məlumatlara münasibət bildirib.
Jurnalist bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib və bütün iddiaları təkzib edib.
Əhmədova yazıb:
“Dostlar, son günlər haqqımda internetdə çoxlu cəfəngiyyat oxudum. Başa düşürəm ki, bir çoxunuz mənə son bir-iki ildə qoşulmusunuz. Ona görə, yəqin ki, bir az özüm haqqında danışmağım, daha doğrusu, o cəfəngiyyatı təkzib etməyim lazım gəlir.
Mən doğulandan pravoslavam, heç vaxt müsəlman olmamışam. Amma dinə hörmətlə yanaşıram. Mənim nə Çeçenistana, nə də Azərbaycana heç bir aidiyyətim yoxdur. Çeçenistanda dəfələrlə olmuşam, orada jurnalist kimi işləmişəm. Kadirovdan iki dəfə müsahibə almışam.
Mən yalnız indi Xüsusi Hərbi Əməliyyat (SVO) haqqında yazmıram. Hələ 2014-cü ildən, “Maidan”dan sonra Donbassa getmişdim və orada dörd il keçirdim. XHƏ (SVO) başlayandan sonra isə səkkiz ay hərbi əməliyyat zonasında, Moskvaya qayıtmadan yaşamışam. Mən Moskvada yaşayıram və bütün həyatım boyu sosial mövzular üzrə reportyor olmuşam.
Mən “xarici agentlərin” mahnılarına qarşı deyiləm. Əgər əvvəllər çox sevdiyim “xarici agent” Zemfiranın mahnılarını dinləmək istəsəm, bunu edərəm. Amma təəssüf ki, onun son hərəkətlərindən sonra artıq istəmirəm. Ruhumda nəsə ölüb və onun ölümünə təəssüf edirəm. Hələ də dinləmək istəyənləri isə anlayıram. Mən musiqiçilərin bu mahnıları ifa etməsinə də qarşı deyiləm. Amma “Donbasda səkkiz il harada idiniz?” kimi liberal bir memdən istifadə edib meydanlarda atılıb-düşənlərə qarşıyam.
Mən Donbasda baş verənlərin şahidi və iştirakçılarını tanıyan biriyəm. Buna görə də hər zaman bu cür davranışlara etiraz edəcəyəm.
Uzun illər Şimali Qafqazda terrorizm mövzusunda işləmişəm. “Daş Qız Su” adlı kitabımda hicabla bağlı məsələlərdən yazmışam. Əgər Ukraynada müharibənin necə başladığını oxumaq istəyirsinizsə, “Ukrayna dərsləri” adlı kitabımı oxuya bilərsiniz – bu kitab 2015-ci ildə Ukraynada qadağan edilib.
Bəli, mən yazıçıyam və hər zaman yazıçı olmuşam. Tanış olmağımıza şadam.”
Əhmədovanın bu açıqlaması ilə sosial mediada onun milliyyəti ilə bağlı iddialara nöqtə qoyuldu. Jurnalistin sözlərindən də göründüyü kimi, o, Azərbaycanla və Çeçenistanla heç bir bağlılığının olmadığını, Rusiyada doğulub yaşadığını bildirir.
Musavat.com -un arayışı:
“Regnum” informasiya agentliyi 2002-ci ildə Rusiyada təsis edilib. Onun yaradıcısı və ilk rəhbəri Rusiya ictimaiyyətində millətçi və imperiyapərəst baxışları ilə tanınan jurnalist Modest Kolerov olub. Agentlik fəaliyyətə başladığı gündən etibarən özünü “Rusiya maraqlarını müdafiə edən analitik xəbər platforması” kimi təqdim edib, lakin əslində, region ölkələri, xüsusilə də Azərbaycan, Gürcüstan və Ukrayna əleyhinə yönəlmiş təbliğat xətti ilə tanınıb.
“Regnum” uzun illər boyu erməni lobbisinin və Rusiya daxilindəki anti-Azərbaycan dairələrin informasiya aləti kimi fəaliyyət göstərib. Agentliyin redaksiya heyətində və ekspert şəbəkəsində erməni əsilli jurnalist və politoloqların üstünlük təşkil etməsi diqqət çəkib. Xüsusən Qarabağ münaqişəsi dövründə “Regnum”un yayımladığı materiallar erməni mövqelərinin açıq müdafiəsi ilə fərqlənib, Azərbaycan dövlətinə və ordusuna qarşı yönəlmiş qərəzli təhlillərlə yadda qalıb.
Bu səbəbdən “Regnum” Rusiyanın “yumşaq güc” mexanizminin bir hissəsi kimi, postsovet məkanında Kreml təbliğatının aparıcı vasitələrindən biri sayılır. Agentlik indiyədək də regiondakı informasiya qarşıdurmalarında Azərbaycan əleyhinə ritorikanı və ermənipərəst tonallığı saxlamaqdadır. \\Musavat.com