Son günlər Ermənistan tərəfi tez-tez atəşkəsi müxtəlif istiqamətlərdə pozur. Bu da regionda gərginliyin artması və təhlükəsizliyin sual altına düşməsi fikirlərini formalaşdırır.
Məlum məsələdir ki, təxminən iki ay sonra Azərbaycanda dünyaca məşhur beynəlxalq tədbir olan COP-29 baş tutacaq. Belə tədbirlərin keçirilməsi üçün əsas tələblərdən biri də tədbirin baş tutacağı regionda təhlükəsizliyin tam şəkildə təminatıdır.
Hazırda regionda Ermənistanın yaratdığı gərginlik COP-29-un ləğvinə və ya keçirilmə tarixinin dəyişdirilməsinə gətirib çıxara bilərmi? Tədbirdə iştirak edəcək ölkələr bunu tələb edə bilərmi?
Hərbi ekspert Səxavət Məmməd Referans.Az-a verdiyi açıqlamada bu sualları cavablandırıb.
“Açığı indiki məqamda elə bir vəziyyətə gəlib çatıb ki, son dönəmlər həm Ermənistan mediası həm də erməni politoloqlar, deputatlar bildirirlər ki, ümumiyyətlə, sülh müqaviləsi gözlənilmir və Azərbaycan Ermənistana zərbələr endirəcək. Azərbaycan tərəfinin təbliğatı isə bu yöndəndir ki, Ermənistan tərəfi silahlanır, sülhdən yayınır və regionda təhlükəli vəziyyət yaranır. Yəni belə bir vəziyyət yaranıb ki, regionda müharibənin, toqquşmanın olma ehtimalı yüksək görsənir. Bu, qısa zamanda da ola bilər”.
Səxavət Məmməd fikirlərinə bunları da əlavə edib:
“Azərbaycan tərəfindən bildirilir ki, tədbirin təşkil ilə bağlı problemlər yaradıla bilər. Təhlükəsizlik məsələləri ilə bağlı Ermənistanın Azərbaycanın nüfuzuna zərbələr endirməyə çalışacağı riski tez-tez vurğulanır. Təbii ki, keçiriləcək beynəlxalq tədbir də Azərbaycan üçün vacibdir lakin Azərbaycanın özünün, sərhəddinin təhlükəsizliyi məsələsi daha önəmlidir. Düşünmürəm ki, tədbir təxirə salınsın və ya vaxtı dəyişdirilsin amma tədbirə qədər Azərbaycan ola bilsin ki, hansısa addımlar atsın”.
Ekspert qeyd edib ki, bu məsələdə Azərbaycan tərəfi hər şeyə hazır olmalıdır.
“Bir müddət əvvəl Paşinyanın belə COP-29-a gələcəyi ilə bağlı iddialar var idi. Lakin hazırda elə bir vəziyyətdir ki, hər kəs müharibədən, toqquşmadan, eskalasiyanın artmasından danışır. Bu məsələlərin hamısını düşünürm ki, Azərbaycan tərəfi göz önünə almışdı. Təbii ki, Azərbaycan geri addım atmayacaq. Bu günə qədər Ermənistan hansı addımı atıbsa, Azərbaycan qarşılığında daha sərt addımlar atıb. Buna görə də mən düşünmürəm ki, hər hansısa bir tədbir Azərbaycan sərhədinin təhlükəsizliyindən daha önəmlidir. Amma hər şeyə hazır olmaq lazımdır”.
Fidan Vəlisoy