Xəbər lenti
Reklam
“Sürücülərin iş və istirahət rejiminə əməl olunmur” — Avtobus qəzalarının SƏBƏBLƏRİ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə 2023-cü il ərzində respublikada avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb. 
Məlumatda bildirilib ki, sərnişindaşıma kimi məsuliyyətli fəaliyyət sahəsində istər sürücülərə, istərsə də nəqliyyat vasitələrinə münasibətdə qanunla müəyyən olunmuş tələblərin yerinə yetirilməsi mütləq şərtdir: 
“Maddi zərərlə nəticələnən 2560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir”.
Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, digər nəqliyyat vasitələrinin iştirakı ilə törədilən qəzaların səbəbləri avtobus və mikroavtobuslarla baş verən bədbəxt hadisələrə də aiddir:
“Sürücü məsuliyyətsizliyi əsas səbəblərdən biridir. Nəqliyyat vasitələrinin köhnə, texniki-təhlükəsizlik baxımından yararsız olması da qəzalara səbəb olur, əyləc sistemlərində problemlər yaşanır. 
Sürücülərin iş və istirahət rejiminə əməl olunmur, fasiləsiz işləyirlər və yorğunluq, yuxusuzluq öz sözünü deyir. Ona görə də bu məsələyə kompleks yanaşılmalıdır. İlk növbədə avtobus parkının yenilənməsi hədəf götürülməlidir. Avtobusları fiziki və psixoloji cəhətdən sağlam sürücülər idarə etməlidirlər. Onlara ciddi nəzarət həyata keçirilməlidir”. 
Tarix: 21 fevral 2024
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş