Xəbər lenti
Reklam
"Paşinyanın aqressiv tonu növbəti təxribatın hazırlandığını göstərir"

"Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasına maraqlıdır. Ona görə də, Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan bu təşəbbüsə adekvat cavab vermir. Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması, sadəcə imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti bu addımı ilə beynəlxaql ictimaiyyəti aldatmağa çalışır”. 
Gender.Az xəbər verir ki, bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildiirb ki, Ermənistan hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirib: "30 illik işğal siyasəti həyata həyata keçirən zaman da İrəvan sülhdən danışırdı. Məqsəd isə bundan ibarət idi ki, torpaqlarımızı həmişə işğal altında saxlaya bilsin. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin də heç bir nəticə verməməsi bunun göstəricisi idi. Çünki Ermənistan danışıqlara guya sülh tərəfdarı olması görüntüsü yaratmaq üçün qatılırdı. Sülh prosesində isə bir addım belə irəli addım atılmadı. Ona görə də, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təmin etdi. Lakin görünən odur ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasından lazımi dərs çıxarmayıb. Rəsmi İrəvan xarici havadarlarının təhriki ilə sülh sazişi imzalamaqdan yayınır, revanşist iddialarla çıxış edir.  Bu səbəbdəndir ki, son üç ildən artıq müddətdə törətdiyi təxribatlara görə ordumuz tərəfindən layiqli cavab alsa da, erməni tərəfi təxribatlarını davam etdirir. Fevralın 12-də Zəngilan istiqamətində mövqelərimizə atəş açılması və bir sərhədçimizin yaralanması da bunu təsdiqləyir".
Deputatın fikrincə, sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Bu günlərdə Ermənistan baş naziri Paşinyanın “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığını göstərir: "Digər tərəfdən, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindistandan silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi təxribatların ola biləyini göstərir. Əsas məqamlardan biri odur ki, ermənilərin hərbi təxribatı bu ölkədəki Avropa İttifaqı Müşahidə Missiyasının (EUMA) monitorinqi altında olan ərazidə baş verib. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Bu o deməkdir ki, Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır".
Sevinc Fətəliyeva qeyd edib ki, Aİ missiyasının genişləndirilməsinin, eləcə də, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb: "Bir müddət öncə Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhədə gəlməsi, sərhəddə Çexiya vətəndaşın saxlanması və digər faktlar Ermənistanın  revanş planlarından hələ də əl çəkməməsini göstərir.  Bunun subutu olaraq erməni snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsidir. Əvvəlcədən Azərbaycan Aİ missiyasının öz ərazisində yerləşdirilməsinə qəti şəkildə etiraz edib. Çünki müəyyən beynəlxalq dairələrin regionda hansı maraqlar güddüyü məlumdur. Ona görə də, Avropa İttifaqı “müşahidə” ideyasından çəkinməli idi. Çünki istənilən halda EUMA  birtərəfli və qeyri şəffaf fəaliyyət göstərməsi gözlənilən idi. Müəyyən qüvvələr uydurmalar əsasında bölgədə  müharibə riskinin olduğunu yayaraq, hərbi qarşıdurma yaradmağa çalışır. Ona görə də, belə təxribatlar törədilir. Görünən odur ki, bu oyunların təşkilatçıları üçün Ermənistan alətdir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycan öz təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə daimi təhlükələrin qarşısını həmişə alacaq”,-deyə deputat vurğulayıb.
 
Mürtəza

Tarix: 13 fevral 2024
Baxış: 104

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş