"Alimentin məbləğini 300-350 manata da qaldırsalar, bu, bir uşaq üçün yetərli sayıla bilməz".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli alimentin minimum məbləğinin qaldırılmasından danışarkən deyib.
Ekspert sözlərinə görə, alimenti ödəyən vətəndaşın yəqin ki, başqa bir ailəsi də var və eyni zamanda onu da dolandırmalıdır:
"Həm də əvvəlki ailəsindən olan uşağa aliment ödəməlidir. Bəlkə də birinci ailəsindən bir deyil, iki-üç uşağı var. Vətəndaşın aliment ödəmə qabiliyyətini nəzərə almalıyıq. Azərbaycanda bu istiqamətdə hökumət addımlar atmalıdır".
Ekspert Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edir:
"İmkanı olmayan, aliimentini ödəyə bilməyən şəxslərə fond dəstək verməlidir. Məsələn, 300 manatlıq aliment kəsilibsə, onun 100 manatını atası, yaxud anası, 200 manatını isə hökumət ödəsin. Hazırda bu məsələ ilə bağlı əziyyət çəkən çoxlu ailələr var. Ailələr var ki, özünü dolandıra bilmir. Kişi qadından boşanırsa, başqası ilə evlənəcək və yəqin ki, ondan da uşağı olacaq. Bu sahədə problemlər yaşanır".
Ekspert hesab edir ki, məbləğinn artırılması çıxış yolu deyil:
"Bu gün kişi var ki, heç 20 manatı ödəyə bilmir, o ki qala 300 manatı. İmkanı olan ayda 300 deyil, 500 ödəyir, deyir get, yaşa. Ona görə də belə ailələrin böyük bir qismində yaşanan problemi hökumət Aliment Fondu hesabına ödəyə bilər".
Qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.