Xəbər lenti
Reklam
Qoyun əti 20 manat oldu - Növbə MAL ƏTİNDƏDİR?

Son günlərdə Azərbaycanda quzu ətinin qiyməti 20 manata yüksəlib. Ölkədə cavan dana əti ilə yaşlı inək əti arasında da qiymət fərqi mövcuddur. Vətəndaşlar isə daha münasib, büdcələrinə uyğun olduğuna görə inək ətinə üstünlük verirlər. 
Bəs quzu ətinin bu dərəcədə bahalaşması iribuynuzlu heyvanların ətinə də təsir edəcək? Ümumiyyətlə, inək ətinin insan sağlamlığı üçün zərərləri varmı? Qiymət fərqini yaradan amil nədir?
İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, qiymətin bahalaşmasının əsas səbəbi xırdabuynuzlu heyvanların sayını azalması fonunda tələbatın günü-gündən artmasıdır. 
“Dövlət Statistika Komitəsinin məlumatına görə, saxlanılan xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Əhalinin sayı gündən-günə artdıqca bununla yanaşı alıcılıq qabiliyyəti və nəticədə tələbat də artır. Lakin xırdabuynuzlu heyvanların sayında artım olmadıqdan sonra xırdabuynuzlu heyvanların ətinin bahalaşması da tam normal bir bazar prosesidir”.
Ekspert qeyd edib ki, qoyun ətinin qiymətində baş verən artım mal ətinin də qiymətinə təsirsiz ötüşməyəcək. Mal ətinin nə zaman və nə qədər bahalaşacağı isə qoyun ətinin yüksək qiymətdə qalmasından asılıdır. 
Qida məsələləri üzrə ekspert Ağa Salamov isə deyir ki, bazardan bir neçə növ ətlər mövcuddur. Bunların qiymətləri isə əsasən, keyfiyyətinə görə dəyişir 
“Bazarda inək və dana ətləri mövcuddur. Eyni zamanda qoyun əti də var, quzu əti də. Məsələn, qoyun ətinin qiyməti 18 manatdırsa, təbii ki, əmlik quzunun əti 20 manat olacaq. Çünki onun əti daha keyfiyyətli, yumşaq, dəha qənaətbəxşdir. Bu keyfiyyət məsələsi özünü inək və dana ətləri arasında da göstərir. Dana əti inək ətinə nisbətən çox verimli və zəngin ətdir. Bu səbəbdən qiymət fərqi də özünü göstərir. Bu, bütün dünyada belədir. Lakin bu qiymət fərqi heyvanın sortundan da asılı olaraq dəyişə bilər. Bəzi sort ətlər var ki, onlar daha bahadır. Məsələn, yapon sortu - kobe, anqus sortlar və s. Bizdə də eyni şəkildə mal ətindən istifadə oluna bilər. Lakin bunu istifadə edərkən bəzi nüanslara diqqət etmək mütləqdir. Qida üçün nəzərdə tutulmuş mal ətinin mənşəyi məlum olmalıdır, baytar nəzarətindən keçmiş mal əti olması mütləqdir. Eyni zamanda ətin mikrobioloji çirklənməyə məruz qalmamasına, rəngində qaranlıq, göylüyün olmamasına, şirə salmış ət olmamasına da diqqət yetirmək mütləqdir". 
Mütəxəssis son olaraq vurğulayıb ki, inək ətinin ən keyfiyyətli hesab olunan növü belə dana ətindən daha ucuzdur. Çünki dana ətinin keyfiyyəti təmamilə başqadır. 

Fidan Vəlisoy

Tarix: 10 yanvar 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş