Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Övladını bağçaya göndərməyən valideynlərin NƏZƏRİNƏ: Məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqlar...

Ötən gün keçirilən brifinqdə Elm və Təhsil Naziri Emin Əmrullayev bağçalarda monitorinqlərin keçirilməsinə ehtiyac olduğunu bildirib. Azərbaycanda 1693 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, ümumilikdə isə 121 min azyaşlı dövlət bağçasına gedir. Bu da bağça yaşlı uşaqların cəmi 25 faizini təşkil edir. Bu tipli özəl müəssisələrin sayı isə 101-dir. Bəzi hallarda azyaşlıların çoxu bu təhsildə məhrum olur. Məktəbəqədər təhsil bir uşağa nə verir? Bütün uşaqlar bağçaya getməlidirmi?
Mütəxəssislər iddia edirlər ki, 0-6 yaş aralığı uşağın inkişafında ən sürətli inkişaf dövrüdür. Bağça isə uşağı bu dövr müddətində 4 istiqamətdə inkişaf etdirir: fiziki, zehni, sosial və emosional.
Təhsil eksperti Elşən Qafarov Referans.az-a bildirib ki, təcrübədə məktəqədər təhsil müəssisələrinə gedən şagirdlərin məktəb həyatlarında akademik göstəricilərinin daha yüksək olduğu müşahidə olunur. 
 


“Məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən 2021-ci ilə qədər rayon icra hakimiyyətlərinin tabeliyində oldu. Bu 10 il ərzində ciddi neqativ hallar baş alıb getdi. Bu sahə üzrə təhsili olmayan şəxslərin işə qəbul olunması və bu kimi digər neqativ hallar uzun müddətdir ki, həm mətbuatda, həm də cəmiyyətdə müzakirə mövzusu idi. Hazırda məktəbəqədər təhsil müəssisələri ilə bağlı addımlar atılır, lakin illərlə yığılmış problemlər təbii ki, 1-2 il ərzində təmamilə aradan qaldırıla bilməz”.
Bildiyimiz kimi, azyaşlılar üçün məktəbdən əvvəl son mərhələ hesab olunan məktəbəhazırlığın təşkili qaydaları Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il 4 nömrəli qərarı ilə təsdiq olunub.
Elşən Qafarov qeyd edir ki, məktəbəhazırlığın təşkili 3 formada həyata keçirilə bilər.
“Bu mərhələ məktəbəqədər təhsil müəssisələrinin yuxarı yaş qruplarında, ümumtəhsil məktəblərinin məktəbəhazırlıq mərhələsində və ailədə həyata keçirilə bilər. Məktəbəhazırlıq dövrü məktəbəqədər təhsilin mərhələsi olduğu üçün məktəbəqədər təhsil müəssisələrində daha yüksək səviyyədə həyata keçirilir, nəinki ümumtəhsil məktəblərində. Məktəbəhazırlığın əsas vəzifəsi azyaşlıları məktəb həyatına hazırlamaq, onların fiziki, sosial, psixoloji hazırlığını təmin etməkdən ibarətdir”.
Məsələyə psixoloji bucaqdan da nəzər salmaq məqsədilə psixoloq Rövşən Nəcəfova suallar ünvanladıq. Bir uşağın bağçaya getməsi onun cəmiyyətə inteqrasiyasında nə qədər önəmlidir? Azərbaycanda uşaq bağçalarında yetəri səviyyədə sağlam psixoloji mühit var?


“Uşağın bağçaya getməsində əsas əhəmiyyətli cəhət uşağın sosiallaşması, onun asosial olma ehtimalı minimuma enməsidir. Həmçinin bağçaya gedən uşaqda ünsiyyət bacarıqları, nitq və davranışlar inkişaf edir. Bağçada azyaşlılara öyrədilən bacarıqlar onların şəxsiyyət kimi formalaşmasında, gələcəyə hazırlanmasında böyük baza rolunu oynayır. Azərbaycan bağçalarında yetərincə sağlam psixoloji mühit yoxdur. Uşaq psixologiyasının və psixodiaqnoztik fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Bu gün biz bağçaları müşahidə etsək, uşaqlar arasında hansısa konfliktin, yaranmış situasiyanın qiymətləndirilməsi və onun ictimaiyyətə açıqlanması ilə bağlı heç bir fakt yoxdur. Bununla bağlı fəaliyyət meyarı da yoxdur. Uşaq bağçalarında və orta məktəblərdə uşaqlar üçün psixoloji pasportlara ehtiyac var. Həmin psixoloji pasportlarda da rüblük və illik dəyərləndirmələr aparılmalıdır. Ehtiyac yaranarsa fərdi və qrup şəklində seanslar aparılaraq uşağın olduğu mühitdə daha sağlam psixoloji mühit yaradıla bilər”.
Psixoloq qeyd edib ki, əgər azyaşlı bağçaya getmək istəmirsə onu buna məcbur etmək psixoloji travmalara yol aça bilər. Azyaşlı heç bir şəkildə bağçaya getməyi və yaxud yeni mühitə adaptasiya olmağı qəbul etmirsə, mütəxəssisə müraciət etmək mütləqdir. Bağçaya gedən bir uşaq üçün ilk 3-15 gün adaptasiya dövrü hesab olunur. Bu adaptasiya prosesində valideyn də iştirakçı olmalıdır.
 
 
Fidan Vəlisoy

Tarix: 08 sentyabr 2023
Baxış: 237

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş