“Bu həmin adamlardır ki, onların diplomları tanınmır, daha doğrusu saxta diplom alanlardır. O vaxtlar regionlarda universitetlərin filialları açılırdı, onlar birbaşa saxt diplom mənbəyi idi. Təcrübə göstərir ki, bu adamlardan nəinki müəllim olar, heç cəmiyyətə nümunəvi vətəndaş da olmaz”.
Gender.Az bildirir ki, bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli 137 müəllimin sertifikasiya imtahanında iştirak etməməsinin səbəblərindən danışarkən deyib. Ekspert onların işinə xitam verilməsi qərarına görə Elm və Təhsil Nazirliyini dəstəkləyib:
“Çünki əgər o adamların vicdanı olsa, saxta diplomla gəlib millətin balasını kor etməzdi. Biz həmişə elm və təhsil nazirini tənqid edirik, amma bu məsələdə nazirliyə müəyyən qədər haqq verməliyik. İki imtahanda 31 balı yığa bilməyən müəllim sinifə şagird qarşısına necə çıxsın? Özünün peşəsinə, illərlə tədris elədiyi fənnə cavab verə bilməyən müəllim cəmiyyət nə fayda verə bilər? Bu məsələdə Elm və Təhsil Naziliyi haqlıdır”.
Ekspert bildirib ki, müəllimlər öz üzərlərində işləməli və yeni qaydaların onlara verdiyi imkandan istifadə edib növbəti dəfə müəllimlərin işə qəbulu imtahanında iştirak etsinlər:
“Əgər iddialıdırlarsa, boş qalan müəllim yerlərini tuta bilərlər”.
Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Aylin