Gündəlik həyatımızda ən adi ağrılarda belə ağrıkəsicilərə üz tutmaq adət halı alıb.
Amma araşdırmalar onu göstərir ki, əlçatan, reseptsiz satılan bu dərmanlar ağrıların qarşısını tez bir zamanda alsa da, insan orqanizminə fəsadsız ötüşmür.
Xeyrindən çox, ziyanı olan ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbulu da doğru deyil.
Sakitləşdirici təsir göstərərək, ağrını müvəqqəti unutduran bu preparatlar müxtəlif xəstəliklər törətmək qabiliyyətinə də malikdir.
Mövzu ilə bağlı Bizim.media-ya danışan həkim-terapevt Rasif Bağırov əczaçıların tövsiyə etdiyi ağrıkəsicilərdən istifadəni məsləhət görmür:
"Apteklərin təqdim etdiyi dərmanları almağı məsləhət görmürəm. Keyfiyyətli dərmanı həkim yazır və gedib alırlar.
Ona görə ki, aptekdəki dərmanlar bəzən aylarla satılmır və əczaçı bu dərmanlardan yaxa qurtarmaq istəyir. Ona görə də keyfiyyətli-keyfiyyətsiz fərq etmədən təqdim edib, satırlar.
Həkim müəyyən etmədən ağrıkəsici preparatlardan istifadə düzgün deyil. Çünki ola bilər ki, xəstənin ağrıları nevrogen mənşəli olar və bu dərman nəticəsində ağrılar daha da güclənə bilər".
Həkimin sözlərinə görə, əgər xəstədə olan ağrılar somatik ağrılardırsa, yəni hər hansısa travmadan yaranıbsa, o zaman ağrıkəsici qəbulu düzgündür:
"Amma bu halda da doza həddini keçmək olmaz. Bu gün insan orqanizmində fəsad törədən dərmanlar elə məhz ağrıkəsici dərmanlardır".