"Şirniyyatlar istifadə müddəti uzun və ya qısa olmaqla iki yerə bölünür".
Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, isti məhsullarla hazırlanan şirniyyatların istifadə müddəti az olur:
"Onları 48 saat ərzində vitrində saxlmaq olar. Yəni sözügedən şirniyyatlar bişiriləndən sonra 2 gün ərzində satılmalıdır. Əks təqdirdə, onun daxilində kimyəvi dəyişikliklər baş verir.
Bu da qida zəhərlənməsinə gətirib çıxara bilir. Məsələn, kremli tortlar və qaymaqlı şirniyyatların ömrü az olur. Kremdən və qaymaqdan hazırlanmış tortlar bioloji zəhərlənməyə də səbəb ola bilər".
Ekspert qeyd edib ki, bulkalar isə çox riskli deyil:
"Tərkibində un, şəkər, qoz və ya başqa çərəzlər olan bulkalar daha uzun müddət qala bilir. Əlbəttə ki, kiflənməməsi üçün saxlanma şəraiti düzgün olmalıdır. Həmçinin, onları nəmişlikdən və günəş şüalarından uzaq saxlamaq lazımdır.
Bulka un və şəkərdən hazırlanmış bir məhsuldur. Əgər kiflənməsə, heç bir qida təhlükəsi daşımayacaq. Yəni zəhərlənməyə səbəb olmaya bilər. Amma bulkada kiflərdən yaranan toksinlərə görə zəhərlənmə ehtimalı mövcuddur".
Ağa Salamov vurğulayıb ki, üstü açıq şəkildə satılan şirniyyatlardan uzaq durmaq lazımdır:
"Ümumiyyətlə, şirniyyatları üstü açıq saxlamaq olmaz. Onların bu şəkildə satılması yolverilməzdir. Çünki həm hava-damcı yolu ilə gələn virus və bakteriyalarına açıq olur, həm də kimlərsə toxuna bilər. Ona görə də üstü açıq satılan məhsullardan uzaq durmaq lazımdır. Nəzərə almaq lazımdır ki, üstü açıq satılanda onun 1 və ya 48 saat orada olmasının heç bir fərqi yoxdur".
Pərviz