Siqaret insan orqanizminin ən təhlükəli düşmənlərindən biridir. Onun üzərində uzun illər aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogenlərdən ibarət 400-ə qədər kimyəvi maddə mövcuddur.
Gender.Az tibbi sayt və mənbələrə istinadla xəbər verir ki, iki qutu siqaretin tərkibində 100-120 milliqram nikotin var. Gündə bir siqaret çəkənlərin qəbul etdiyi zəhərli maddə müəyyən vaxtdan sonra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Orqanizminə daxil olan nikotin böyrəküstü vəzin adrenalin və noradrenalin hormonları ifraz etməsinə səbəb olur. Bunun nəticəsində ürək və damar xəstəlikləri, eləcə də mədə xorası yaranır. Bununla yanaşı, ürək daha tez-tez döyünür və nəticədə qan təzyiqi yüksəlir. Daimi siqaret çəkənlər bu zərərli vərdişə bir müddət fasilə verdikdə əl və ayaqlara daha az qan işləyir, həmin orqanlarda temperatur aşağı düşür.
Siqaret, həmçinin mərkəzi sinir sisteminin işinə də mənfi təsir edir. Onu çəkənlərdə başgicəllənmə, yorğunluq və halsızlıq halları tez-tez müşahidə olunur, damar divarlarının elastikliyi azalır.
Siqaret tüstüsü ağ ciyərlərə daxil olduqda onun tərkibindəki qətran ağ ciyərlərə çökərək qana keçir, qanda olan oksigenlə birləşir və orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Bu zərərli vərdişə aludə olanlarda siqaret çəkməyənlərlə müqayisədə ağır eşitmə problemi 7 dəfə daha çox müşahidə edilir. \\Tribunainfo.az