“İki döyüşçümüzü polis bölməsinə aparanda dedilər ki, fəaliyyətiniz qanunsuzdur, sizə vaxt veririk, kəndi tərk edin və bir daha geri qayıtmayın”.
Gender.Az Globalinof.az-a xəbər verir ki, bunu Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Hrant Ter-Abrahamyan “Hraparak”a açıqlamasında deyib.
O, Yuxarı Əskipara daxil olmaqla bir sıra kəndlərin Azərbaycana verilməsi üçün hazırlıq görüldüyünü bildirib:
“Bizə dedilər ki, fəaliyyətiniz qanunsuzdur, o ərazilərdən çıxmaq üçün sizə vaxt veririk. Bizim orada fəaliyyət göstərmək üçün vilayət rəhbərliyi ilə müqaviləmiz var. Lakin Bakı İrəvana orada yerləşdiyimizə görə irad bildirib. Həmin vaxtdan sonra bölgədə bizi narahat etməyə başladılar. Nikol Paşinyan ciddi şəkildə həmin kəndləri Azərbaycana vermək üçün hazırlıq görür. Bizə qarşı münasibət də bunun bir parçasıdır. Mən əminəm ki, bu məsələ artıq Bakı və İrəvan arasında razılaşdırılıb”.
H.Abramyan vurğulayıb ki, polislər birlik üzvlərinə həmin ərazilərin Ermənistana məxsus olmadığını deyiblər:
“Digər üzvlərimiz Avetis Avetisyan və Henrik Mkrtçyan Voskepara (Yuxarı Əskipara – red.) daxil olmaq istəyəndə saxlanılıblar. Polis onlara deyib ki, həmin kəndlərə girməsinlər, çünki o ərazilər Ermənistanın deyil. Necə yəni Ermənistanın deyil? Hətta onlar bizimkiləri qorxutmağa çalışıblar. Bu, həmin ərazilərin Azərbaycana veriləcəyinin daha bir sübutudur”.