Xəbər lenti
Reklam
Ayxan Hacızadə: Niderland hökumətinin açıqlaması qəbuledilməzdir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin açıqlaması ilə əlaqədar yerli medianın “Niderland Krallığının hökuməti Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100000 erməninin öz evlərindən güclə qovulduqlarını” bəyan edib. Bu açıqlamaya münasibətiniz nədir?” sualına cavab verib.
Diplomat Niderland Krallığının hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlərini qəbuledilməz adlandırıb: “Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb.

Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir.

44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq.

Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiq edib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.
Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoyması faydalı olardı”.

Tarix: 14 dekabr 2023
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş