Həyat yoldaşı həbs olunan qadın: “Cənab Prezident, inanıram ki, ailəmizin harayına səs verəcəksiniz”
Bakı sakini Nailə Hüseynzadə hazırda Kürdəxanı Təcridxanasında saxlanılan həyat yoldaşı Aydın Hüseynzadənin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
“Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva…
Bilirəm ki, siz çox məşğulsunuz, amma ümid edirəm ki, bu məktub sizə şəxsən çatacaq.
30.04.1991-ci il təvəllüdlü həyat yoldaşım Hüseynzadə Aydın Akif oğlu 20.02.2024-cü il tarixində Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə saxlanılaraq məhkəmə tərəfindən həbs edilmişdir. Hazırda Kürdəxanı Təcridxanasında saxlanılır.
Aydının himayəsində körpə azyaşlı övladı var. Ailəni saxlayan yeganə şəxsdir. Atası Akif Hüseynov və anası Validə Hüseynova əlil və yaşlı adamlardır. Pensiya alırlarr. İşləyə bilmirlər. Aydın özü də dövlət qulluqçusudur. İndiyə kimi heç bir qanun pozuntusuna yol verməyib. Hər hansı bir cinayət hadisəsi törətməyib. Bizə də aydın deyil ki, necə belə bir vəziyyət alınıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə iş gedir.
Möhtərəm Cənab Prezident! Bütün fəaliyyətimiz boyunca ailəlikcə dövlətə və dövlətçiliyə xidmət etmişik. İnanıram ki, həyat yoldaşımın qanunsuz həbsi ilə bağlı Azərbaycanda məhkəmə instansiyası ədalətli qərar çıxaracaq.
Humanistliyinizə sığınaraq Sizdən xahiş edirəm ki, Kürdəxanı Təcridxanasında saxlanılan həyat yoldaşım Hüseynzadə Aydın Akif oğlunun azadlığa buraxılması üçün dəstək olasınız. O məmləkətdə, o dövlətdə Ədalət o zaman ölür ki, günahsızlar cəza alır, günahkarlar mükafat.
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Həyat yoldaşım Aydın Hüseynzadənin həbsdən azad olunması üçün mən, onun valideyinləri və vəkilləri Sizə müraciət ediblər.
Mənim Sizə bu dəfə mətbuat vasitəsilə müraciət etməyimin səbəbi isə müraciətlərimizin yalnız bu yolla Sizin diqqətinizə çatdırılacağı inamı ilə bağlıdır. Onun əfv vasitəsilə həbsdən azad olunması, ailəsinə və yaxınlarına qovuşması yalnız Sizin səlahiyyətinizdədir. Sizdən xahiş edirəm ki şəfqətinizi və mərhəmətinizi bizdən əsirgəməyəsiniz.
Cənab Prezident və dəyərli Mehriban xanım, əminəm ki, ailəmizin harayına səs verəcəksiniz! Mən dövlətimizim ədalətinə inanıram!”.