Xarici dil müasir təhsil sistemi və tədrisinin keyfiyyətində önəmli məsələlərdən biridir. Onun tədrisi orta məktəblərdə 11 il ərzində həyata keçirilsə də, nəticələr çox zaman gözlənilən səviyyədə olmur. Təhsil müəssisələrini bitirən şagirdlərin əksəriyyəti tədris olunan dili effektiv istifadə edə bilmir. Eyni problem, xarici dil müəllimlərini hazırlayan pedaqoji universitetlərdə də mövcuddur: dörd il bu sahədə təhsil alan məzunlar belə, çox vaxt öyrəndikləri dildə sərbəst ünsiyyət qura bilmir. Bunun səbəbi nədir? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzuyla Bağlı Bakupost.az-a danışan təhsil eksperti Elşən Qafarov bldirib ki, mövcud qanunvericiliyə görə, orta təhsil səviyyəsini bitirən məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalı olduqları qeyd olunub:
"Bizdə ümumtəhsil mərkəzlərində birinci sinifdən keçirilən xarici dil əsas sayılır. İkinci xarici dil isə beşinci sinifdən, Azərbaycan dili bölməsində keçirilir. Ölkədəki 150 minə yaxın müəllimin təxminən 30 minə yaxını xarici dil müəllimləridir. Bu il xarici dil müəllimlərinin sertifikatlaşdırma prosesi başa çatdı. Kifayət qədər müəllim sertifikasiyanın birinci mərhələsindən kəsildi".
Ekspert bildirib ki, müəllimin özündə ünsiyyət bacarığı olmaldır:
"Bizdə müəllimlərin xarici dil üzrə ünsiyyət saxlama bacarığı çox aşağı səviyyədədir. Xarici dil müəllimləri üçün işə qəbul prosesi zamanı əlavə tələblər irəli sürülməlidir. Məsələn, onların beynəlxalq dil proqramlarını bilmələri, xarici dil üzrə ünsiyyət qurma bacarığının olması şərt qoyulmalıdır. Tələbələr 4 il pedaqoji institutun xarici dil müəllimliyi ixtisasında təhsil alır, amma həmin dildə danışa bilmir. Bu o deməkdir ki, 4 il ərzində ona bu bacarıqlar öyrədilməyib.
Düşünürəm ki, xarici dil müəllimlərə universiteti bitirsələr belə, Dövlət İmtahan Mərkəzində onların bilik və bacrıqları yaxlandıqdan sonra diplom verilməsi şərt kimi qoyulmalıdır. Əgər elə olarsa, xarici dil üzrə ünsiyyət bacarığı olmayanlar məktəblərdə dərs deyə bilməzlər. Hər 10 xarici dil müəllimindən 9-u tədris etdiyi dildə ünsiyyət qura bilmir".